SON DƏQİQƏ
XalqXeber.Az » İdman » Güləş federasiyası Fazil Məmmədovdan alınır

Güləş federasiyası Fazil Məmmədovdan alınır

Tarix:

31-07-2017, 09:38

/ 59 715 dəfə oxundu.
Güləş federasiyası Fazil Məmmədovdan alınır

Azərbaycan idman ölkəsidir. Respublikamızda müxtəlif beynəlxalq yarışlar təşkil olunur; Avropa Oyunları, İslam Oyunları, Formula - 1 yarışları ölkəmizi idman məmləkəti kimi tanıdıb...
Dövlət tərəfindən də idmana çox ciddi dəstək və maliyyə verilir. Amma bəzi məmurlar bu siyasətə kölgə salır, ləkələyir, prezidentin əməyini yerə vururlar.
Onlardan biri də vergilər naziri Fazil Məmmədovdur. Güləş federasiyasının prezidenti olan nazir idmançıların etiraz aksiyası keçirməsinə səbəb oldu.
Vaxtilə voleybol federasiyası da Ziya Məmmədovun idi, nazir vəzifəsindən gedər-getməz bu sahəni də itirdi.
Analoji aqibət vergilər nazirini də gözləyir. Prezident güləşçilərə şərait yaradılması üçün dəstək verir, nazir isə onları maaşa görə ayağa qaldırır. Azərbaycanı dünyada rüsvay edən nazir fikirləşmir ki, bu məsələdən beynəlxalq idman aləmi xəbər tutur.
Etiraz edən güləşçilər arasında tanınmış güləşçilər - Toğrul Əsgərov, Yunan-Roma güləşi üzrə dünya çempionu Rəsul Cunayev, Hacı Əliyev və digərlərinin də olduğu deyilir.
Narazı güləşçilərin bildirdiyinə görə, 12 aydan artıqdır ki, maaş almayıblar. Onların deməsinə görə, Milli Olimpiya Komitəsi, Gənclər və İdman nazirliyi kimi əlaqəli qurumlar problemdən xəbərdar olsalar da gərəkli addımları atmırlar.
Sərbəst güləş üzrə milli komandanın üzvlərindən ikiqat dünya, Avropa çempionu, olimpiya üçüncüsü Hacı Əliyev hazırlığa şəraitin yaradılmamasından gileylənib. Onun sözlərinə görə, bəzi güləşçilərə bir ildən çoxdur ki, təlim toplantısı təşkil edilmir.
Aksiyadan sonra məsələ həllini tapsa da, ölkə rəhbərliyinin nazirə qəzəbli olduğu iddia edilir. Hətta Güləş federasiyasının F.Məmmədovdan alınması istisna edilmir.
Ölkənin adını batıran addım atan, bir ildir güləşçilərin maaşını verməyən, sahibkarların başına oyunlar açan, milyardları olan, oliqarx kimi yaşayan nazir Azərbaycan üçün nə edib ki?
Onun hansı uğuru, hansı nailiyyəti olub ki, ölkəmiz nazirlə fəxr eləsin. Amma güləşçilərimiz bayrağımızı qaldırıblar, neçə-neçə yarışların qalibi olublar, medalların sayı bərabəri yoxdur.
“Gənc idmançılarımızın məşqə gedib-gəlməyə imkanları yoxdur. Biz son olimpiya oyunlarında 9 medal qazanmışdıq. Hazırda reallıq budur ki, ciddi problemlərlə üzləşmişik. Dünya çempionatına isə çox az vaxt qalıb”, - idmançılar bildirib.
Onların sözlərinə görə, üz tutduqları bütün qurumlar gözləmələrini istəyir. “Əvvəlcə İslam Həmrəyliyi Oyunlarından sonra problemlərin həll olunacağını demişdilər.
Olmadı. Ancaq vaxt yoxdur, çünki yarışa az qalıb. Gedib məğlub olmaqdansa, getməmək yaxşıdır. Belə davam etsə, heç bir komanda dünya çempionatına getməyəcək”.
Azərbaycan Güləş Federasiyası 1993-cü ildə təsis olunub. Hazırda federasiyanın prezidenti vergilər naziri Fazil Məmmədov olsa da, onun yerinə başqasının təyin olunacağı gözlənilir. Bu federasiyaya iddialı məmurlar da var.
Onsuz da prezidentin gözündən düşən, etibarını itirən vergilər nazirinə çoxsaylı tənqidlər var. Dövlət başçısı özü də vergi yığımı ilə bağlı nazirliyi sərt tənqid etmişdi.
Bu baxımdan güləşçilərlə bağlı problemin meydana gəlməsi F.Məmmədov üçün heç də yaxşı perspektiv vəd etmir. Çünki ölkənin adını qaldıran idmançıların pulunu verməyən nazir ölkənin adını batırır.

Şərhlər

XƏBƏR LENTİ