SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » KƏRƏM HƏSƏNOVUN TRİUMFU, YOXSA REABİLİTASİYASI?

KƏRƏM HƏSƏNOVUN TRİUMFU, YOXSA REABİLİTASİYASI?

Tarix:

14-02-2018, 12:02

/ 1 413 dəfə oxundu.
KƏRƏM HƏSƏNOVUN TRİUMFU, YOXSA REABİLİTASİYASI?

Ötən həftə ölkəmiz üçün yaddaqalan və əhəmiyyətli hadisələrlə zəngin oldu. Bunlardan ən vacibi kimi növbədənkənar Prezident seçkilərinin təyin edilməsini qeyd etmək olar. Həm daxildəki siyasi partiyalar, həm ictimaiyyət, həm də xarici qüvvələr üçün gözlənilməz sayılan bu taktiki gedişin hansı səbəbdən edilməsi ilə bağlı fərqli mülahizələr irəli sürüldü. Bunu geopolitik çalarlardan tutmuş, daxildəki proseslərlə bağlılığına qədər izahıni verənlər, hadisələri zəncirvari şəkildə bir-birilə əlaqələndirənlər belə tapıldı. Ən maraqlısı isə budur ki, əksər şərhlərdə Prezident seçkilərindən sonra hakimiyyətin çevik kadr islahatına gedəcəyinə dair mülahizələrlə bağlı səslənən fikirlərin əksəriyyəti bir-birilə uzlaşdı. Yəni birmənalı olaraq vurğulanır ki, İlham Əliyevin qarşıdan gələn 7 illik prezidentliyi dönəmində (onun seçiləcəyinə şübhə yoxdur – R.Ə.) yeni çevik və gənc komanda ilə işləyəcəyinə dair kurs götürüləcək. Xüsusilə də, Nazirlər Kabinetinin daha funksional bir icra aparatına çeviriləcəyinə dair qərarın artıq verildiyi də söylənilir. Bu mülahizələr içərisində əsrin dörddə birinə qədər bir müddətdə Azərbaycanın baş naziri olan 83 yaşlı Artur Razizadənin də hörmət və izzətlə istefaya göndəriləcəyinə dair fikirlər səslənir.
Bütün bu əsaslı yorumlar hakimiyyət komandasında təmsil olunan nüfuzlu nazirlər, komitə rəhbərləri arasında bir qədər narahatlıq yaradıb. Xüsusilə də hökumətin iqtisadi blokunda təmsil olunanları haqlı olaraq belə bir sual narahat edir: hakimiyyətin yeni iqtisadi komandadasında onlar təmsil oluna biləcəklərmi? Azərbaycanda kadr təyinatları ilə bağlı verilən proqnozların əkəriyyətinin özünü doğrultmadığını nəzərə alsaq, indidən hansısa konkret mülahizələrin üzərində dayanmaq doğru olmaz. Ancaq seçkidən öncə baş verən müəyyən hadisələr, köhnə komanda üzvlərindən bəzilərinin yerlərini artıq möhkəmləndirdiyi qənaətini yaradır. Ötən həftə reallaşan orta səviyyəli kadr təyinatları mövqeyinin laxladığı ilə bağlı fikir yaradıldığı mühüm post sahiblərindən birinin tam formada olduğu qənaətini hasil etmiş oldu. Söhbət Dövlət Əmlak Komitəsinin rəhbəri Kərəm Həsənovdan gedir. Yadınızdadırsa, kod adı “MTN işi” kimi tanınan və Eldar Mahmudovun komandası ətrafında baş verən hadisələr zamanı ən çox hədəfə gələn vəzifəlilərdən biri də məhz Kərəm Həsənov oldu. Mediada həmin dövrdə yazılanlar ətrafında apardığmız araşdırmalar göstərir ki, MTN küləyinin Kərəm Həsənovdan vaz keçməyəcəyi, hətta onun həbs olunma ehtimalının olmasına dair çoxsaylı mülahizələr irəli sürülürdü.
Ancaq yaxın günlərdə baş verən bəzi kadr təyinatları Kərəm Həsənovun tam reabilitasiya olnduğu qənaətini yaradır. Düzdür, ölkədəki kadr təyinatları ilə bağlı son söz ölkə başçısına məxsusdur və bu yöndə kimsə ona təzyiq etmək gücündə deyil. Ancaq orta səviyyəli məmur təyinatlarında komandanın mühüm üzvlərinin təqdimatına hakimiyyət dəhlizlərində hər zaman önəm verilib. Yətər ki, bu təqdimatı irəli sürənlər etibarı itirmiş adam olmasın.
Məlum olduğu kimi, Bakının mərkəzi və strateji rayonlardan biri olan Yasamal rayon icra başçısı postu 2017-ci ilin iyulundan vakant qalırdı. Belə ki, İlham Əliyev sabiq icra başçısı İbrahim Mehdiyevi keçmiş “Sovetski” küçəsindəki Hacı Cavad məscidinin qanunsuz sökülməsində ittiham edərək işdən çıxarmışdı. Həmin vəzifəyə bir çox nüfuzlu icra başçılarının təyinat alacağı ilə bağlı iddialar səslənirdi. Ancaq prezident İlham Əliyevin Əziz İmran oğlu Əzizovun Yasamal Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi barədə imzaladığı sərəncam bütün söhbətlərə son qoydu.
54 yaşlı Ə.Əzizov bundan öncə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı olub. O, daha çox əslən Cəlilabadan olan DƏK sədri Kərəm Həsənova yaxın kadr kimi xarakterizə olunurdu. Hətta əksər prinsipal məsələlərdə Əziz Əzizovun məhz Kərəm Həsənov qarşısında hesabat verdiyi söylənilir. Bunun ardınca Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncam imzaladı.
Sərəncama əsasən, Namiq Rəsul oğlu Zeynalov Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib.
N.Zeynalov bu təyinata qədər Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin rəis müavini vəzifəsində çalışıb. Bu iki təyinat Kərəm Həsənovun hakimiyyət dəhlizlərində güvənini qoruyub saxladığını iddia etməyə əsas verə bilər. Çünki Əziz Əzizovun yerinə Kərəm Həsənovun doğma rayonuna rəhbər təyin olunan yeni kadr da məhz onun işçisi olub. Bütün bu hadisələr Kərəm Həsənovun seçkilərdən sonra formalaşacaq yeni komandada da mövqeyini qoruyub saxlayacağını, hətta daha yüksək vəzifəyə təyin edilə biləcəyi ehtimalını söyləməyə əsas verir.

Azinforum.az

Şərhlər

XƏBƏR LENTİ