SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Beynəlxalq bank ətrafında müəmmalar: - Açıq qalan suallar, bağlanmayan açıqlar...

Beynəlxalq bank ətrafında müəmmalar: - Açıq qalan suallar, bağlanmayan açıqlar...

Tarix:

31-05-2017, 09:26

/ 41 891 dəfə oxundu.
Beynəlxalq bank ətrafında müəmmalar: - Açıq qalan suallar, bağlanmayan açıqlar...

“Azərbaycan hökuməti indiyədək öz üzərinə 10 mlrd. manatlıq toksik aktivi götürməklə, banka ciddi dəstək verib. Bu dəstək ÜDM-in 18%-nə bərabərdir. Lakin ötən il bankın açıq valyuta mövqeyindən itkiləri 1,3 mlrd. manat təşkil edib. Görünür, hökumət bu qədər itki gözləmirdi. Bu səbəbdən ABB-nin xarici öhdəliklərinin restrukturizasiyasına qərar verilib”.
Bu sözləri “Moody’s” beynəlxalq reytinq agentliyinin vitse-prezidenti Mariya Malyukova bildirib.
Malyukovanın sözlərinə görə, Beynəlxalq Bankın xarici öhdəliklərinin restrukturizasiyası planı “Moody’s” üçün də sürpriz olub.
Maraqlıdır ki, ABB-nin faktiki olaraq defolt vəziyyətinə düşməsi onun sabiq rəhbəri Cahangir Hacıyevi də ciddi şəkildə təəccübləndirib. Ötən həftə keçirilən Appelyasiya məhkəməsində bu təəccübü açıq şəkildə etiraf edən bankir bildirmişdi ki, Beynəlxalq Bankın indiyəqədərki kredit portfeli cəmi 6 milyard olub. Necə olur ki, 6 milyardlıq kredit portfeli olan bankın sağlamlaşdırılması üçün dövlət 12 milyard pul ayırır, bank isə nəinki toksit aktivlərinin zərərini aradan qaldıra bilmir, hələ xarici kreditorlara 3.3 milyard dollar borclu qalır?
İstər xarici kreditorların, istər Cahangir Hacıyevin, istərsə də beynəlxalq reytinq qurumlarının anlaya bilmədiyi bu müəmma yalnız bir halda mümkündür: Azərbaycan dövlətinin Beynəlxalq Bankın sağlamlaşdırılması üçün ayırdığı vəsait tamamilə başqa istiqamətlərə xərclənib.
Yeni riyazi düstur: 2 milyard > 14 milyard
Prinsipcə, Cahangir Hacıyev də Appelyasiya Məhkəməsində bu ehtimalı açıq şəkildə dilə gətirərək, daha sonra diqqəti önəmli bir məqama cəlb etməyə çalışmışdı. Onun sözlərinə görə, 6 milyardlıq kredit portfelinin hardasa 70%-i dövlət layihələrinə ayrılıb. Deməli, bu gün zərərli aktivlər kimi qələmə verilən vəsaitlər isə kredit portfelinin cəmi 30%-ni təşkil edib. Bu isə, özünü öldürsə, 2 milyard dollar edər. O halda, ABB-nin sağlamlaşdırılması üçün ayrılan 10 milyard dollar hara gedib? Necə olur ki, 2 milyardlıq zərərin bağlanması üçün bundan 5 dəfə artıq vəsait ayrılır, amma nəinki həmin layihələri, hətta Beynəlxalq Bankı belə xilas etmək mümkün olmur. Bankın restrukrurizasiya qərarıyla aydın olur ki, sən demə, onun xarici kreditorlara hələ 3.3 milyard borcu da qalıb. Ən pisi isə, 2 milyard dollarlıq “zərərli” aktivləri sağlamlaşdırmaq üçün 10 milyard dollarını itirən bank 3.3 milyardlıq xarici borcunu belə ödəyə bilmir.
Cahangir Hacıyev bu məntiqdən çıxış edərək, ABB-də “buxarlanan” vəsaitin əslində 10 milyard dollar yox, 10 milyard + 3.3 milyar dollar olduğuna inanır. Bu məntiqlə məsələyə baxanda isə yeni bir riyazi düstur ortaya çıxır: 2 milyard > 14 milyard.
Rəsmi rəqəmlər nə deyir?
Sabiq bankirin dövründə ümumi kredit portfelinin həqiqətən də 6 milyardı aşmadığını həmin zamanlar bankın yaydığı rəsmi xəbərlər də təsdiqləyir. İstərsəniz gəlin, yaddaşımızı yenidən təzələmək üçün o dövrdə rəsmi xəbər agentliklərində əks olunan rəqəmlərə baxaq:
“Azərbaycan Beynəlxalq Bankının (ABB) aktivləri son bir ildə 4% artaraq 2012-ci il iyulun 1-nə 5,145 mlrd. manata çatıb”.
“Beynəlxalq Bankın 2013-cü ildə kredit portfeli 6,034,874,000 manat olub”.
Mənbə: Banker.az (http://banker.az/kredit-portfelinin-həcminə-gorə-banklarinin-reytinqi/):
İndisə 2014-cü ilin nəticələrinə nəzər salaq: Beynəlxalq Bankın kredit portfeli 6 853 678 000 dollardır.
Mənbə: Banco.az (http://banco.az/az/news/kredit-portfelinin-hecmine-gore-banklarin-reytinqi-2904-2014):
Cahangir Hacıyevin banka rəhbərlik etdiyi son 3 ilin dövrü mətbuatda əks olunan nəticələrinə nəzər salanda onun haqsız olmadığı, dünyanı iqtisadi böhranlar bürüdüyü, Azərbaycanın əsas gəlir mənbəyi sayılan neftin qiymətlərinin aşağı düşdüyü bir zamanda Beynəlxalq Bankın hər il kredit portfelini artırdığı ortaya çıxır. Görünür, bunun nəticəsidir ki, ABB böhranın ən ağır dövrü sayılan 2014-cü ili belə, yüksək mənfəətlə baş vurmuşdu.

Cahangir Haciyev niyə və nəylə fəxarət duyur?
Ötən həftə keçirilən Appelyasiya Məhkəməsindəki çıxışında Cahangir Hacıyev 2014-cü ili 40 milyon dollarlıq mənfəətlə başa vurduqlarını və bankı bu vəziyyətdə hökumətə təhvil verdiyini açıqlamışdı. Çıxışında onu da etiraf etmişdi ki, verdiyi kreditlər sayəsində ərsəyə gətirmək istədiyi layihələrlə bu gün də fəxarət duyur.
Bəzi mütəxəssislərin fikrincə, ən ağır böhran dövründə 40 milyon dollarlıq mənfəət əldə edilməsi faktı Cahangir Hacıyev haqqında irəli sürülən “rentabelsiz layihələri kreditləşdirdi” ittihamı üzərində həqiqətən də ciddi şübhələr yaradır. Axı, bu layihələr necə rentabelsiz ola bilərdi ki, Beynəlxalq Banka faktiki 40 milyon dollar qazanc gətirmişdi?
Müsbət saldodan mənfi saldoya: Böyük maliyyə fəlakəti
Üstündən cəmi 3 ay keçdikdən sonra isə…
Gəlin, nə baş verdiyini sabiq bankirin öz dilindən eşidək. O, ötən məhkəmə prosesi zamanı deyirdi:
“Məndən cəmi 3 ay sonra Beynəlxalq Bankın zərəri 1 milyarda, daha sonra isə 3, nəhayət, 6 milyarda yüksəldi. Dövlət Beynəlxalq Bankın sağlamlaşdırılması üçün 12 milyard vəsait ayırdı. İndisə Beynəlxalq Bankın reytinqi ən aşağı səviyyəyə-defolt vəziyyətinə düşüb. Mənim dövrümdə isə bu reytiniq Azərbaycanın suverenlik reytinqindən iki dəfə artıq idi”.
Beynəlxalq maliyyə qurumları tərəfindən bu qədər yüksək qiymətləndirilən bankın faktiki olaraq defoltla üz-üzə qalması təkcə ABB-nin deyil, həm də Azərbaycanın bütünlüklə bank sektorunundən təsirsiz ötüşməyəcəyi gözlənilir. Qeyd edək ki, Cahangir Hacıyev də məhkəmə çıxışında bu məqam üzərində dayanmış və restrukturizasiya qərarını Azərbaycanın bank sisteminin “böyük fəlakəti” adlandırmışdı. Doğrudan da bu xəbərdarlıqdan az keçməmiş “Fitch Ratings” “PAŞA Bank” ASC-nin uzunmüddətli emitent defoltu reytinqini “BB-“dən “B+”a salmışdı. Bu reytinq dərəcəsi isə investisiya riskinin xeyli yüksək olduğunu göstərir.
Maraqlıdır, nə baş verdi ki, 6 milyard dollarlıq canı olan bankın sağlamlaşdırılmasına 12 milyard getdi, amma onu yenə xilas etmək mümkün olmadı?

Tənəzzülün iki başlıca səbəbi
1. Vəsaitlər başqa istiqamətə yönəldildi
Hələ bir neçə ay bundan əvvəl adının açıqlanmasını istəməyən informasiya qaynağımız Beynəlxalq Bankın indiki vəziyyətə düşməsinin iki başlıca səbəblə izah etmişdi. Strateq.az saytında 27 Yanvar 2017-ci il tarixində yayınlanan “Samir Şərifovun yeni qurbanı: “Buta”dakı toy niyə təxirə salındı?” yazısında da qeyd etdiyimiz kimi, Beynəlxalq Bankın batmasının əsas səbəblərindən biri kimi sağlamlaşdırma tədbirləri adı altında ayrılan vəsaitin tamamilə başqa istiqamətlərə xərcləndiyi göstərilirdi. Mənbəmizin bildirdiyinə görə, Cahangir Hacıyevdən sonra Maliyyə nazirinin təqdimatı ilə onun yerinə Elmar Məmmədov gətirilir:
“Nazirin ortağı olan Elmar Məmmədovun dövründə isə bankın fəaliyyətində nəinki dönüş yaranmır, əksinə israfçılıq halları daha da artır. Bildirlir ki, Elmar Məmmədov ayrılan bu pulları “qara bazar”da “əridir”, dolları manata çevirib maliyyə nazirinin yaxınlarına aşağı faizlə ipoteka kreditləri verirmiş. Məlumata görə, Elmar Məmmədovun Beynəlxalq Bankda cəmi 1 il 4 ay sürən rəhbərliyinin əsas səbəbi də bu idi: nazir Beynəlxalq Bankın sağlamlaşdırılması üçün ayrılan 9 milyard manatlıq (rahat anlaşılsın deyə, Neft Fondundan edilən 1 milyard dollarlıq transferti manatla əvəz etdik) “buxarlanmanın” məsuliyyətindən yaxa qurtarmaq üçün öz ortağını güdaza verməli olur”.

2. Pullar xaricəmi qaçırıldı?
Digər səbəb kimi isə ABB-nin xaricdəki filialları vasitəsilə bankın vəsaitlərinin ölkədən çıxırılırması göstərilirdi. Gəlin, informasiya qaynağımızın bizə verdiyi həmin məlumatlara bir daha diqqət yetirək:
“Əldə etdiyimiz məlumatlardan o da anlaşılır ki, Elmar Məmmədovun təyinatından sonra ABB-yə ayrılan vəsaitlər təkcə Azərbaycan ərazisində göyə sovrulmayıbmış. Bank müxtəlif yollarla külli miqarda kapitalı ölkədən çıxarmağı bacarıb və bu işdə “ABB-Moksva” filialının imkanlarından yetərincə istifadə olunub: “”ABB-Moskva” lüzumsuz və perspektivsiz layihələrə 100 milyon dollardan çox vəsait yönəltmişdir”.
Moskva filialının bank üzərindəki yükü bununla da məhdudlaşmır. Bildirildiyinə görə, Azərbaycanın ağır iqtisadi böhran keçirdiyi, əlavə maliyyə mənbələrinə ehtiyac duyduğu indiki şəraitdə “ABB Moskva” baş ofisi öz ünvanını dəyişdirmək qayğısına qalmış, yerləşdiyi Pokrovka küçəsindən özlərinə (filialın rəhbər menecmentinə) aid yeni binaya köçürülmüşdür. Yeni ofisin kirayəsi isə olduqca yüksək imiş.
Qeyd edək ki, “ABB-Moskva” Rusiya hüquq-mühafizə orqanları tərəfindən reputasiyasi şübhəli bank kimi tanınır. Rusiya KİV-nin yaydığı məlumata əsasən, 2015-ci ilin sonlarında filialın Sankt-Peterburq şöbəsində axtarış aparılıb. Rusiya Daxili İşlər Nazirliyinin Mərkəzi rayon üzrə İstintaq İdarəsi və Daxili İşlər Nazirliyi Baş İdarəsinin Sankt-Peterburq və Leninqrad vilayəti üzrə İqtisadi Təhlükəsizlik İdarəsinin əməliyyatçıları tərəfindən həyata keçirilən axtarış külli miqdarda vəsaitin qanunsuz yollarla xaricə çıxarılmasının araşdırılması çərçivəsində baş tutub. O da bildirilir ki, yoxlamalar zamanı bank filialının fəaliyyəti müvəqqəti olaraq dayandırılıb.
Mənbəmiz ABB-nin bu qədər şübhəli reputasiyaya malik olan filialına 100 milyon dollardan artıq vəsait ayrılmasının anlaşılmaz olduğunu düşünür: ““ABB-Moskva” Rusiyada fəaliyyət göstərən 100-dən artıq bank arasında problemli kredit göstəricilərinə görə ən “qabaqcıl” müəssisə kimi tanınır. Ötən ilin noyabr ayının yekunlarına əsasən, bank problemli kreditlərini 89,4 faiz artırıb. Belə olduğu halda, “ABB-Moskva”ya 100 milyon dollardan artıq vəsaitin yönləndirilməsi maraq doğurmaya bilməz”.
Açıq qalan suallar, bağlanmayan açıqlar
Beynəlxalq Bank ətrafında yaranan ən ciddi müəmmalardan biri də cəmi bir neçə il öncə istər yerli, istərsə də beynəlxalq qurumların yoxlamalarının indi irəli sürülən ittihamlarla tərs-mütənasibliyidir. Cahangir Hacıyevin də ötən məhkəmə iclasında bildirdiyinə görə, 2011-ci ildə Baş Prokurorluq və Vergilər Nazirliyinin başlatdığı istintaq heç bir cinayət faktı aşkarlamayıb və iş xətm olunub. Üstəlik, həmin illərdə beynəlxalq audit yoxlamaları da Beynəlxalq Bankın xeyirə nəticələnib, istər Dünya Bankı, istərsə də Beynəlxalq Valyuta Fondu bankın fəaliyyəti barədə müsbət rəy veriblər.
İndisə birdən-birə hər şey tərsinə dönüb, bir neçə il əvvəl Azərbaycanın bank sektorunun ən güclü adamı hüquq mühafizə orqanları tərəfindən bankın vəsaitini mənimsəməkdə ittiham edilərək 15 il müddətinə azadlıqdan məhrum olunub. Haqqında 80-dən artıq şahiddən ifadə alınıb. Şahidlərin heç biri isə onun üzünə durub vəsaitləri mənimsəməkdə ittiham etməyib. Ortada mənimsəmə faktını sübut edəcək hər hansı sənəd də yoxdur. Əksinə, vəkillərin böyük çətinliklə Luksemburq notariatlığından əldə etdikləri apostillər ayrılan vəsaitlərin hara və necə getdiyini təsdiqləyir.
Digər tərəfdən, sabiq bankirin verdiyi kreditlərin 50%-dən artığı geri ödənilib. Baxmayaraq ki, onların ödənişinin başa çatmasına belə, uzun zaman qalırmış. Bununla belə, Azərbaycan hüquq mühafizə orqanları və məhkəmələr Beynəlxalq Bankın maliyyələşdirdiyi həmin layihələri rəsmən dayandırmış və faktiki olaraq hər ay borcunu ödəyən şirkətləri iflic vəziyyətə salmışlar. Beləcə, özləri bəlkə də qəsdən “zərərli aktivlər” üçün bəhanə yaratmış və onların maya dəyərindən qat-qat artıq vəsaiti sağlamlaşma tədbirləri adı altında göyə sovurmuşlar.
Bankirin vəkillərinə görə, kreditlərin zamanında ödənilməsi fakt da mənimsəmək niyyətinin olmadığina dəlalət edir və belə çıxır ki, bankir sadəcə öz vəzifə borcunu yerinə yetirdiyi – layihələrə kredit ayırdığı üçün cəzalandırılıb.
Məhkəmə islasında Cahangir Hacıyevin özü də hakimin diqqətini 2011-ci ildə Baş Prokurorluq və Vergilər Nazirliyinin birgə apardığı audit yoxlamalarının nəticəsinə və işə xitam verilməsinə cəlb edərək maraqlı sual vermişdi: “Həqiqətən, mənim barəmdə məhkəmənin kəsdiyi hökm doğrudursa, Baş Prokurorluğun və Vergilər Nazirliyinin o zaman bu qədər böyük “mənimsəmə” faktını görməməsini nəylə izah edə bilərik?”
Yeri gəlmişkən, bu cinayət işində ən ciddi müəmmalardan biri də mənimsəmə iddiasıyla bağlıdır. Faktiki olaraq mütəşəkkil dəstə qurmaqda ittiham olunanlar arasında bir zamanlar Cahangir Hacıyevin əməlindən şikayət etdiyi insanlar da var. Bir-birinə qarşı olan insanların həm də mütəşəkkil dəstə qurub bankın əmlakını talaması müasir Azərbaycan hüquq sisteminin ən böyük ixtiralarından biri kimi tarixə düşəcək. Halbuki, vəkil Fəxrəddin Mehdiyevin dediyinə görə, Azərbaycan Ali Məhkəməsi bir neçə il əvvəl mütəşəkkil cinayətlərin xarakteri barədə şərh vermişdi: “Cahangir Hacıyevin işində isə bu şərhə uyğun gələn heç bir əlamət yoxdur”.
Göründüyü kimi, ABB-nin defolta sürükləyən amillər və bir-biriylə uyuşmayan statistik rəqəmlər haqqında xeyli şübhə doğuran məqamlar var. Bir çox açıq qalan suallara indiyə qədər cavab tapılmamasının başlıca səbəbi isə istər sağlamlaşdırma tədbirlərinin, istərsə də “zərərli aktivlərin” araşdırılmasının şəffaf aparılmamasıdır.
C. Hacıyevin vəkillərinin sözlərinə inansaq, məhkəmə istintaqı da qərəzli yürüdülüb, onların qaldırdıqları onlarla vəsatətlərin heç biri qəbul olunmayıb. Həmin vəsatətlərin əksəriyyəti isə bir çox iddiaları alt-üst edəcək faktların araşdırılması ilə bağlı imiş. Bu da istər-istəməz Beynəlxalq Bank ətrafında yaranmış bir çox sualları cavabsız qoyur, müəmmaları böyüdür…

Şərhlər

XƏBƏR LENTİ