SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » İslam Oyunlarında terrorçu izi yoxsa orduda FƏTÖ-çu axtarışı? - 42 casus əməliyyatında gizlinlər

İslam Oyunlarında terrorçu izi yoxsa orduda FƏTÖ-çu axtarışı? - 42 casus əməliyyatında gizlinlər

Tarix:

11-05-2017, 10:09

/ 36 242 dəfə oxundu.
İslam Oyunlarında terrorçu izi yoxsa orduda FƏTÖ-çu axtarışı? - 42 casus əməliyyatında gizlinlər

Bakıda İslam Həmrəyliyi Oyunlarının açılışına günlər qalmış ölkənin siyasi gündəmini silkələyən səs-küylü əməliyyat keçirildi.
Dövlət Təhlükəsizlik Xidməti, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Müdafiə Nazirliyi birgə keçirdiyi anti-terror əməliyyatı nəticəsində erməni kəşfiyyatına işləyən azərbaycanlı hərbçilər və mülkilər ifşa edildi.
Onların məqsədi Azərbaycanda terror aktları törətmək olub və hərbi sirləri məhz maddi maraq naminə ermənilərə satırmışlar.
Rəsmi məlumat olduqca qıt və məhdud idi. Həbs edilən hərbçilərin nə adları açıqlanır, nə ermənilərə hansı məlumatları ötürə bildikləri, nə də tutulanların sayı...
Qarşılığında isə dezinformasiya ayaq açıb yeriyir: sosial şəbəkələrdə kimisi hərbçilərdən ikisinin öldüyünü xəbər verir, kimisi onların sayının 42 nəfər olduğunu iddia edir. Səhih bir məlumat isə yoxdur.
Yalnız “Azərbaycan saat”ına tutulan hərbçilərdən birinin qardaşı danışıb və onun vətənə xəyanət edəcəyinə inanmadığını bildirib. Ümumiyyətlə, bu məsələnin geniş müzakirəsi mətbuata yasaqlanıb.
Sadəcə, deputat Zahid Oruc əməliyyatı uğurlu adlandırıb və cəmiyyətin MTN-dən sonra inamı sarsılan təhlükəsizlik orqanlarına DTX ilə etimadının bərpa olunduğunu söyləyib.
Hərbçi ekspert Üzeyir Cəfərov isə bu haqda MN-ə qabaqcadan məlumat verdiklərini bildirib. Vəssalam. Heç nə bilinmir, hər şey mübhəmdir...
İndiki halda belə bir hadisənin baş verməsi çoxlu suallar yaradır və müəmmalar “en” qədərdir.
Birincisi, aprel döyüşlərindən psixoloji qələbə ilə çıxmış, şəhidlər vermiş, Lələtəpə və Talış yüksəkliklərini ələ keçirmiş şanlı ordunun gözdən salınması kimə lazım idi? Ordunun nüfuzdan salınmasına gətirib çıxaran bu xəbər niyə yarımçıqdır?
Müdafiə Nazirliyi bu qədər vaxt hara baxırmış? 42 hərbçinin erməniyə işləmələri və bunu pula görə etmələri Azərbaycanın mövqeyinə zərbə deyilmi? - suallar çoxdur...
Lakin bu həbslərin arxasında dayanan iki siyasi motivin olması istisna edilmir. Mülahizələrə görə, Azərbaycan hüquq-mühafizə orqanları hər beynəlxalq yarışlar ərəfəsində səs-küylü əməliyyatlar həyata keçirir.
Avroviziya Bakıda keçirilən il dindarlar və ekstremist ittihamı ilə bir qrup şəxs yaxlanmışdı. Avropa Oyunları ərəfəsində Bakı, Gəncə və Zaqatalada keçirilən vəhhabi əməliyyatlarında ölüm faktları qeydə alınmışdı. Bakıda terror planlaşdırmaq ittiham olunan həmin dəstələr gerçəkdən silahlı idi. Hətta atışma zamanı MTN zabiti həlak olmuşdu.
Bu əməliyyatlar yarışlar ərəfəsində olduqca ciddi mesaj idi. Rəsmi Bakı Azərbaycanda təhlükəsizliyin ən yüksək səviyyədə olduğunu nümayiş etdirmək istəyirdi və turistləri arxayın edirdi ki, Azərbaycan sabit ölkədir.
İslam Oyunlarına bir neçə gün qalmış bu anti-terror əməliyyatı da əvvəlki illərdə olanların davamı kimi qiymətləndirilə bilər.
İkinci versiya ordu içində FƏTÖ-çu axtarışı ola bilər. Türkiyədə 15 iyul gecəsindən sonra yüzlərlə hərbçi həbs olundu, terror təşkilatı elan olunan Gülənin “Hizmət”i ilə əlaqəsi olan nurçu tutuldu və xuntanın qarşısı alındı.
Bakı isə ordu daxilində Ərdoğanın siyasətinin fərqli kombinasiyasını təşkil edə bilərdi. Ordu içindəki nurçu, vəhhabi yaxud ermənipərəst radikal təriqət üzvlərinin ifşa edildiyi ehtimalı var. Sadəcə, iş orduya gəldiyi üçün müəmmalar artır.
Çünki bu əməliyyatın xəbəri ümumi işə zərərlidir. Bir tərəfdən cəmiyyətin orduya inamı azalır, başqa tərəfdən aprel müharibəsində fədakarlığın üstündən xətt çəkilir.
Ordudan 40 nəfərin düşmənə işlədiyini təsbit etmək hüquq-mühafizə orqanlarının uğur kimi onların boynuna biçilsə də, ümumi maraqlar naminə faydasızdır. Bununla Ermənistan ictimai rəyində fikir formalaşır ki, azərbaycanlılar bizə işləyir.
Üstəlik, rəsmi Bakı bəyan edir ki ordumuzun büdcəsi Ermənistanın ümumi büdcəsindən çoxdur. O halda niyə həmin casuslar maddi maraq naminə ermənilərə işləyirmiş?
Beləliklə, İslam Oyunları ərəfəsində baş vermiş bu hadisənin gerçək üzü açılmayınca, hər iki versiya qüvvədə qalır: ya hakimiyyət dünyaya terrorun qarşısını aldığını göstərməyə çalışır, ya da Ərdoğanın da rolu olan bir proses gedir və ordu içində fətullahçıların olduğu ssenarisi çizilir.
Əgər ikinci ehtimal təsdiqlənərsə, o halda Ərdoğanın xahişi yerinə yetirilib: ordu gülənçilərdən təmizlənir, vətən xainləri həbsə gedir, üstəgəl, Bakının terrorla amansız mübarizə apardığına eyham vurur. Günün sonunda gələn məlumatlarda daha bir iddia isə casusların MOSSAD tərəfindən de-şifrə olunması idi. Bu dəfə də heç bir təfsilat və müfəssəl bilgi verilmədən sadəcə bu xəbər təkzib olundu.
Sitat: “Birmənalı surətdə bildiririk ki, bu məsələdə "Mossad" adlı qurumun heç bir fəaliyyəti olmayıb".
Bu barədə Müdafiə Nazirliyinin mətbuat xidmətindən ermənilərə işləyən qrupun guya "Mossad" təşkilatının köməkliyi ilə aşkar edilməsi barədə bəzi KİV-də gedən məlumata münasibət bildirilərkən qeyd edilib.
"Düşmənlə məxfi əməkdaşlığa cəlb olunmuş bir qrup hərbi qulluqçu və mülki şəxslərin aşkar edilməsi və ifşa olunması Müdafiə Nazirliyinin müvafiq qurumları tərəfindən edilib. Toplanılan materiallar müvafiq qaydada Respublika Baş Prokurorluğuna təqdim olunub", - deyə, mətbuat xidmətindən bildirilib.

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ