SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Mahmudovun dəstəsinin “brilyant işi”nin gizlinləri

Eldar Mahmudovun dəstəsinin “brilyant işi”nin gizlinləri

Tarix:

10-04-2017, 09:34

/ 58 456 dəfə oxundu.
Eldar Mahmudovun dəstəsinin “brilyant işi”nin gizlinləri

Sabunçu Rayon Məhkəməsində ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev və Elşad Əzizovun cinayət işi üzrə məhkəmə prosesi davam edir.

Məhkəmə prosesi boyu ifadə verənlərin bir çoxu qızıl-zinət əşyalarının, brilyant satışı ilə məşğul olan şəxslərdir. Sonuncu məhkəmə proseslərindən birində zərərçəkmiş şəxslərdən olan Aslan Cahangirov deyib ki, Azərbaycana qızıl bir qayda olaraq qaçaq yolla gətirilir. Məhkəmədə qızılın ölkəmizə qaçaq yolla gətirilməsinin səbəbi araşdırılmayıb. Heç ibtidai istintaq zamanı da bu məsələ araşdırma predmeti olmayıb.

Qızıl-zinət əşyaları alverçiləri deyirlər ki, Azərbaycan qanunlarındakı ağlasığmaz tələblər bu sahəni - qızıl-brilyant biznesini “qanundan kənar” vəziyyətə salıb.

Hazırda məhkəmə qarşısına çıxarılan MTN generalları da bundan xəbərdar olublar. Qanuni yolla ölkəmizə gətirilən qızıl-brilyanta görə rüsumların həddən artıq çox olması qaçaqmalçıları qeyri-qanuni yollara həvəsləndirib. MTN generalları isə bundan istifadə ediblər.

Qanunların qaçaqmalçıya çevirdiyi iş adamlarını tutublar. Sonra isə onları həbs etməmək üçün külli miqdarda pullarını əllərindən alıb özlərini də təsir altında saxlayıblar. MTN generalları həbsdədir, qanunlar isə dəyişməyib. Qızıl-zinət əşyaları satan mağazaların piştaxtalarından da belə mallar azalmayıb. Deməli, qiymətli zinət əşyalarının ölkəmizə daşınması davam edir.

Qanunun bu şəkildə olması ümumilikdə hər il 10 milyonlarla manatın Azərbaycan dövlətinin büdcəsindən kənarlaşmasına yol açır. Digər tərəfdən, ölkəmizdə belə malların real qiymətindən baha qiymətə satılması da stimullaşdırılır.

İttihama əsasən, təqsirləndirilən şəxslər 2004-2015-ci illərdə mütəşəkkil dəstə tərkibində xidməti vəzifələrinin icrası ilə əlaqədar hakimiyyətdən və öz qulluq mövqelərindən sui-istifadə ediblər. Dəstə üzvlərinin sahibkarların psixi və fiziki zorakılıqlara məruz qalmaqla xəsarətlər almaları, sərbəst buraxılması müqabilində tələb olunan vəsaitin əldə olunması üçün ayrı-ayrı şəxslərə və kommersiya banklarına qarşı külli miqdarda borc və kredit öhdəliklərinin yaranması kimi ağır nəticələrə səbəb olan, özlərinin və yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, tutma, həbsə alma və barələrində rüsvayedici məlumatlar yayma hədəsi ilə fiziki və psixi təsirlər göstərilməklə 162 zərər çəkmiş şəxsin ümumilikdə 18 milyon 437 min manat, o cümlədən 6 milyon 449 min manat məbləğində külli miqdarda pul vəsaitlərini, 5 milyon 693 min manat dəyərində zərgərlik məmulatları və daşınmaz əmlaklarını quldurluq və hədə-qorxu ilə tələb etməklə ələ keçirmələrinə, 5 milyon 295 min manat məbləğində nağd pul vəsaitlərini rüşvət kimi almalarına, həmçinin dövlət büdcəsindən xidməti vəzifələrinin icrası üçün ayrılmış 1 milyon manat məbləğində pul vəsaitlərini vəzifə saxtakarlığı ilə mənimsəmələrinə dair şübhələr müəyyən olunub.

Zərərçəkmiş şəxslərə vurulmuş ziyanın ödənilməsinin təmin olunması üçün məhkəmə qərarları əsasında təqsirləndirilən şəxslər Sübahir Qurbanov, Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Teymur Quliyev, Natavan Mirvətova və qeyrilərinə məxsus ümumilikdə 21 milyon 528 min manat dəyərində əmlak və pul vəsaitlərinin, o cümlədən 20 milyon 971 min manat dəyərində daşınmaz əmlak, 272 min manat dəyərində nəqliyyat vasitələri, 42 min manat dəyərində zərgərlik və digər qiymətli məmulatlar, 88 min manat, 88 min ABŞ dolları və 5 min avro nağd pul vəsaitləri üzərinə həbslər qoyulub.

Onlara Cinayət Məcəlləsinin 145.3 (Qanunsuz azadlıqdan məhrum etmə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda), 178.3.1, 178.3.2 (dələduzluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda ziyan vurmaqla törədildikdə), 179.3.1, 179.3.2 (Mənimsəmə və ya israf etmə mütəşəkkil dəstə tərəfindən külli miqdarda törədildikdə), 181.3.1, 181.3.2 (Quldurluq mütəşəkkil dəstə tərəfindən külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə), 182.3.1, 182.3.2 (Hədə-qorxu ilə tələb etmə külli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə ), 228.4 (Qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə), 302.1, 302.2 (Gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən istifadə edilməklə əməliyyat-axtarış fəaliyyəti haqqında qanunvericiliyi pozma), 311.3.1, 311.3.2, 311.3.3, 311.3.4 (Rüşvət alma qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən hədə-qorxu tətbiq olunmaqla külli miqdarda və təkrar törədildikdə), 313 (Vəzifə saxtakarlığı), 320.1, 320.2 (Rəsmi sənədləri saxtalaşdırma və bilə-bilə saxta sənədlərdən istifadə etmə), 341.2.1, 341.2.2 və 341.2.3-cü (Bir qrup şəxs tərəfindən silah tətbiq olunmaqla hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə ağır nəticələrə səbəb olduqda) maddələri ilə ittihamlar irəli sürülüb.

Şərhlər

XƏBƏR LENTİ