SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Xarici vətəndaşlıq alan məmur uşaqları məsuliyyətə cəlb oluna bilər

Xarici vətəndaşlıq alan məmur uşaqları məsuliyyətə cəlb oluna bilər

Tarix:

10-07-2019, 15:18

/ 1 853 dəfə oxundu.
Xarici vətəndaşlıq alan məmur uşaqları məsuliyyətə cəlb oluna bilər

Son zamanlar Azərbaycanda yüksək rütbəli məmurların övlaadlarının xarici ölkə vətəndaşlığı alması ilə bağlı xəbərlər yayılmaqdadır. Son olaraq Baş nazirin birinci müavini Yaqub Eyyubovun və Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun övladlarının Britaniya vətəndaşlığına keçməsi haqda informasiya yayıldı. Bu isə təbii olaraq Azərbaycanda ikili vətəndaşlığın qanuni olub-olmaması haqqında sualları ortaya çıxarır.

Bu barədə “Yeni Sabah”a açıqlama verən Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev Azərbaycan Respublikasının Qanunvericiliyində ikili vətəndaşlığın qəbul olunmadığını deyib. Lakin əgər vətəndaşlığı qəbul olunan ölkə ilə Azərbaycan arasında bu barədə qarşılıqlı müqavilə varsa, iki ölkənin də vətəndaşı olmaq mümkündür.

““Digər tərəfdən "Azərbaycan Respublikasının vətəndaşlığı haqqında" Qanununda dəyişikliklər oldu və ümumiyyətlə, hər hansı bir şəxs tərəfindən Azərbaycan Respublikasının vətəndaşlığı ilə yanaşı digər ölkənin vətəndaşlığı əldə edildikdə bu barədə müvafiq qurumlara, eyni zamanda xarici ölkələrdə yerləşən Azərbaycan Respublikasının Səfirliyinə və Azərbaycan Respublikasının Konsulluğuna 1 ay müddətində məlumat verilməlidir. Əks halda həmin şəxs məsuliyyətə cəlb oluna bilər. Eyni zamanda şəxs başqa ölkələrin Silahlı Qüvvələrində xidmət edirsə, həmin ölkələrdə dövlət qulluğunda çalışırsa, o zaman Azərbaycan Respublikasının vətəndaşlığını itirə bilər”.

Ə. Nuriyevin sözlərinə görə, qanunvericilikdə bununla bağlı qaydalar müəyyənləşdirilib. İkili vətəndaşlığın olmamasının əsas səbəbi isə ölkəilə vətəndaş arasındakı siyasi bağlılıqdır.

“Bununla bağlı tendensiya var idi. Azərbaycan vətəndaşları eyni zamanda başqa ölkənin vətəndaşlğını da qəbul etmişdilər. Bu da onlara müəyyən problemlər yaradırdı. Çünki vətəndaşlıq şəxsin həmin ölkə ilə sıx siyasi əlaqələrini müəyyən edən bir məsələdir. Şəxs eyni zamanda müxtəlif ölkələrin vətəndaşı olursa, siyasi məsələlərdə mübahisələr meydana çıxa bilər. Gələcəkdə də onun fəaliyyətinin həyata keçirilməsində müəyyən problemlər meydana çıxa bilər. Belə halların olmaması üçün “Azərbaycan Respublikasının vətəndaşlığı haqqında” qanunda dəyişiklik edildi və eyni anda iki ölkənin vətəndaşı olmaq qadağan olundu”.

Əliməmməd Nuriyev qeyd edib ki, qanuna əməl olunmadığı təqdirdə vətəndaşlığın itirilməsi, həmçinin məsuliyyətə cəlb olunma baş verə bilər: “Eyni zamanda həmin şəxs başqa ölkənin vətəndaşlığının əldə edilməsi barədə müvafiq qurumlara məlumat vermirsə, məsuliyyətə cəlb oluna bilər”.

Şərhlər

XƏBƏR LENTİ