XalqXəbər.Az

HESABLAMA PALATASI “AZƏRPOÇT”U YOXLAYIR – Talan iddiaları araşdırılacaq?

yüklənir...
HESABLAMA PALATASI “AZƏRPOÇT”U YOXLAYIR – Talan iddiaları araşdırılacaq?
8-07-2019, 19:02
yüklənir...

“Hesablama Palatası milli poçt operatoru olan “Azərpoçt” MMC-də yoxlamalara başlayıb. Təxminən 1 həftədir başlayan yoxlamalar həm “Azərpoçt” MMC-nin özündə, həm də poçt filalı və şöbələrində həyata keçirilir.” Bu barədə “AzPolitika.info”ya “Azərpoçt” MMC-nin adının çəkilməsini istəməyən işçilərindən biri məlumat verib.

Mənbənin məlumatına görə, hazırda Hesablama Palatasının əməkdaşları “Azərpoçt” MMC-nin Xəzinə Şöbəsinin fəaliyyətini yoxlayır. Yoxlamalarda məqsəd dövlət büdcəsinin gəlirlərinin hesablanması və ödənilməsinin, dövlət büdcəsindən ayrılan vəsaitlərin və dövlət əmlakından istifadə olunmasının qanunvericiliyə uyğunluğunun auditidir.

Qeyd edək ki, son dövrlər “Azərpoçt” MMC-nin fəaliyyətində ciddi qanun pozuntularına yol verildiyinə dair xeyli məlumat yayılıb. Belə ki, iş günü başa çatanda poçt şöbələrində gün ərzində yığılan pulun 500 manatdan artığını saxlamaq qadağan olduğu halda, “Azərpoçt” MMC-nin baş direktoru Emin Əfəndiyevin icazəsi ilə 20-30 min, hətta 60-70 minə yaxın pul saxlanılır. Bu da poçt şöbələrindən oğurluq hallarının artmasına, dövlətin vəsaitinin kriminal şəxslər tərəfindən ələ keçirilməsinə səbə olur.

Bundan əlavə “Azərpoçt” MMC-nin bu ilin mart ayının sonlarında korporativ informasiya sisteminin – “COLVİR Postal System” – CPS sisteminin yeni versiyasına qoşulduğu, bunun isə poçt işçilərinə cox ciddi problemlər yaratdığı bildirilir. Poçt işçilərinin “talan sistemi” adlandırdığı bu yeni sistemlə bağlı “AzPolitika.info”da geniş məqalə dərc etdiyimizdən, təkrarlamaq istəmirik.

Ancaq qeyd edək ki, bu sistem vasitəsilə dövlətin milyonlarla manat vəsaitinin talandığına dair iddialar var. Mümkündür ki, Hesablama Palatasının “Azərpoçt” MMC-də böyük miqyaslı yoxlamalara başlaması da bununla bağlıdır.

Qeyd edək ki, Hesablama Palatası “Azərpoçt” MMC-də 2015-ci ildə də Vergilər Nazirliyi ilə birgə audit aparıb. Həmin yoxlamalar zamanı da “Azərpoçt” MMC-də ciddi qanun pozuntuları, milyonlarla manat vəsaitin büdcədən və təyinatından yayındırılması aşkarlanıb.

Belə ki, “Azərpoçt” MMC-nin poçt filial və şöbələrində alınan malların qiymətinin şişirdilməsi, icarədən əldə edilən vəsaitin büdcədən yayındırılaraq mənimsənilməsi, maliyyə fəaliyyəti zərərlə nəticələndiyi halda işçilərə mükafat və maddi yardım ödənilərək xərclərin artırılmasına yol verilməsi və xəzinə vəsaitlərinin müxtəlif yollarla talanması faktları qeydə alınıb.

Ancaq bu mənimsəmələrə görə heç kimin ciddi cəzalandırılmamasının “Azərpoçt” MMC-də yeni qanunsuzluqlara yol açdığı iddia olunur. Hesablama Palatasının yoxlamaları nəticəsində bu qanunsuzluqların ortaya çıxarılacağı gözlənilir.

Xatırladaq ki, “Azərpoçt” dövlət müəssisəsi 1999-cu il sentyabrın 23-də yaradılıb. 2009-cu il avqustun 15-də “Azərpoçt” MMC-yə çevrilib. 2010-cu il aprelin 16-da Azərbaycan Mərkəzi Bankı MMC-yə bank-maliyyə xidmətləri göstərmək üçün məhdudlaşdırılmış lisenziya verib.скачать dle 10.6фильмы бесплатно

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.