SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » MUSABEKOVUN “BÖYÜK İFŞASI”… – “Popkorn deputatlığı”

MUSABEKOVUN “BÖYÜK İFŞASI”… – “Popkorn deputatlığı”

Tarix:

8-05-2019, 17:09

/ 902 dəfə oxundu.
MUSABEKOVUN “BÖYÜK İFŞASI”… – “Popkorn deputatlığı”

Azərbaycan Milli Məclisinin üzvü, Azərbaycanın dövlət büdcəsindən maaş alan, nəhayət, özü də təmiz azərbaycanlı olan hörmətli deputatımız Rasim Musabəyov “Расим Мусабеков” kimi qeydiyyatdan keçirdiyi öz “feysbuk” səhifəsində qadasın aldığımız rus dilində (!) bir status və şəkil paylaşıb – təbii ki, ruslar üçün yox, bizim üçün…

Deputatın yazdıqlarından və şəkildən belə məlum olur ki, şəhərdəki yeraltı keçidlərin birində qarşılaşdığı mənzərə onun vicdanını bərk sızladıb. Başa düşüləndir, zarafat deyil – bir uşaq icazə almadan keçiddəki elektrik enerjisindən istifadə edərək, vergi ödəmədən(!) popkorn satır. Deputat deyir ki, məmurlar hara baxırlar, niyə tədbir görülmür, niyə bizi qonaqların yanında biabır edirsiniz və sair. Halaldır, vallah! Bax, budur əsl vətəndaş mövqeyi! Doğrudan da Azərbaycanda heç bir deputat bu talançılığa, bu soyğunçuluğa, bu israfçılığa dözməzdi, amma Rasim müəllim dağdır ki, gözü ilə görüb, amma dözüb!

İndi isə zarafatı bir tərəfə qoyaq. Görəsən, bizim millətin günahı nədir ki, başına bu işlər gəlir? Beləmi olmalıdır bu millətin vəkili? Doğrudur, keçidlər təmiz saxlanmalıdır, küçə ticarəti olmamalıdır və sair. Amma adam soruşmur ki, bu yetkinlik yaşına çatmayan uşaq nəyə görə yerin altında bir tikə çörək üçün saatlarla ayaq üstə durub, qəpik-quruş qazanmalıdır, niyə məktəbdə deyil, görəsən dərdi, problemi nədir, ailəsi hansı vəziyyətdədir? Demir ki, Bakının bazarlarında, küçələrində belə uşaqlar yüzlərlə, minlərlədir! Demir ki, bu uşaqları küçələrdən yığıb, onların problemlərini həll etmək, məktəbə, təhsilə yönəltmək lazımdır.

Axı zəhmət çəkib öz dilində yazmağı belə rəva görməyən, əvəzində adını millət vəkili qoyan bir adam özünə bəlkə də evində kimlərinsə çörəkpulu gözlədiyi uşaqdan az qala “danos” yazmağı necə yaraşdıra bilir? Guya Расим Мусабеков(!) bilmir ki, o uşaq nəinki yandırdığı işığın pulunu, hələ əlavə haqq da verməsə onu orada bir dəqiqə də saxlamazlar? Axı nəyi qoyub, nəyi axtarır bu deputat? Sanki böyük bir korrupsiya layihəsini ifşa edib, hələ “au…” da deyir. Görəsən, dövlətin malını, büdcəsini çapıb-talayan, yaratdıqları şirkətlərdə milyonları vergidən yayındıran məmur-oliqarxlara da “au…” deyə bilərmi, cürəti çatarmı?

Deputat deyir ki, belələri bizi xarici qonaqların qarşısında biabır edir. Əslində, xarici qonaqların, dünyanın qarşısında bizi necə seçildiyi bəlli olmayan (Sözgəlişi belə yazıram, hər şey bəllidir-C.M.), seçicilərin böyük əksəriyyətinin illərlə üzünü görmədiyi, tanımadığı bəzi deputatlar, 700 manat rəsmi maaş alıb, 7 arxa dönənini milyonçuya çevirən məmurlar daha çox biabır edir.

Ümumiyyətlə, bizi xaricilərin qarşısında biabır edən o qədər səbəblər var ki… Həmin o uşaq parlamentdə və müxtəlif vəzifələrdə oturan yoğun kişilərin çoxundan fərqli olaraq, halal çörək qazanır.

Yeraltı keçiddən popkorn qoxusunun gəlməsi faciə deyil, amma ailəsi çörək puluna möhtac olan uşağa sahib durmaq əvəzinə bir millət vəkilinin onu az qala cinayətkar, talançı kimi təqdim etməsi, onun mövcudluğundan utanması(!) faciədir! Bəzi sosial şəbəkə istifadəçiləri hətta fotodakının qız uşağı olduğunu bildirirlər. Əgər belədirsə, onda ümumiyyətlə soyadında “bəy” sözü olan bu adama deməyə söz qalmır. ..

Bədbəxtçilik ondadır ki, bu təfəkkürün sahibləri bizi ermənilərə qarşı ideologiya müharibəsində təmsil edirlər, daha doğrusu etməlidirlər. Elə bu təmsilçiliyin nəticəsi də göz önündədir və bu nəticə heç də sevindirici deyil. Hələ bu adamlardan millətin gələcəyini, firavanlığını təmin edən qanunlar, əməllər də gözləyirik…
Mixail Bulqakovun “İt ürəyi” əsərində məşhur bir ifadə var: “Bizim ölkənin bədbəxtçiliyi ondadır ki, dərman qəbul etməli olan adamlar qanun qəbul edirlər…”

AzPolitika.info

Şərhlər

XƏBƏR LENTİ