SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Fəxrəddin Abbasovun həbsi bütün xainlərə dərs olacaq”

“Fəxrəddin Abbasovun həbsi bütün xainlərə dərs olacaq”

Tarix:

6-03-2019, 09:22

/ 1 415 dəfə oxundu.
“Fəxrəddin Abbasovun həbsi bütün xainlərə dərs olacaq”

Azərbaycana qarşı xəyanətkar fəaliyyəti ilə əlaqədar barəsində cinayət işi başlanan və ötən ilin sentyabrında Rusiyada həbs edilən Fəxrəddin Abbasov (özünü Aboszodə kimi təqdim edir-red.) bu il fevralın 28-də Rusiyada müvəqqəti yaşamaq müddəti bitdiyi üçün deport edildi. O, müvafiq qaydada saxlanıldığı həbsxanadan vətəndaşı olduğu Azərbaycana fevralın 28-də deport edildi və DTX onu Bakıda hava limanında qandalladı.

O, uzun illər ərzində faktiki olaraq Ermənistanın agenti kimi çalışıb. Dəfələrlə torpaqlarımızı işğal etmiş Ermənistanın paytaxtına səfərlər edib oradan açıq şəkildə düşmənlərimizi dəstəklədiyini bildirirdi. Fəxrəddin Abbasov təkbaşına fəaliyyət göstərməyib, Azərbaycandan çıxan, Azərbaycan dövlətçiliyi əleyhinə çıxışlar edən şəxsləri təşkil etməyə və birləşdirməyə çalışıb. Tanınmamış “Dağlıq Qarabağ Respublikası”nın işğalçı rejiminin nümayəndələri ilə yanaşı əyləşib ölkəmiz əleyhinə illərlə təbliğat aparıb. Erməni xüsusi xidmət orqanlarının kuratorları ona maddi kömək edib, “Rusiya erməniləri ittifaqı” dəstək verib.

Sabiq təhlükəsizlik zabiti İlham İsmayıl Fəxrəddin Abbasovun həbsi və Azərbaycana ekstradisiyasını müsbət qiymətləndirdiyini deyib. “Yeni Müsavat”a açıqlamasında o qeyd edib ki, F.Abbasov və onunkimilər Azərbaycanın ərazi bütövlüyü əleyhinə tam xəyanətkar mövqedən çıxış ediblər: “Faktiki olaraq heç bir diskriminasiyanın olmadığı bir yerdə, etnik münasibətlərin tarixən normal olduğu, əsrlərlə birgə yaşadığımız torpaqlarda separatçılığı təbliğ ediblər. Fəxrəddin Abbasov, İsmayıl Şabanov kimiləri elektron saytlardan, xüsusilə ermənilərin və rusların maliyyəsi ilə açılmış ”Talışıstan" televiziyasından əleyhimizə çalışıblar, təhqiredici tonda çıxışlar edib, dövlət adamlarından tutmuş dövlət atributlarımıza qədər həmişə aşağılayıcı mövqedən çıxış ediblər. Bizim düşmənlərimizlə, ermənilərlə əlaqəyə girərək “Talışstan” televiziyasının İrəvandan yayımlanmasına nail olublar. Dəfələrlə İrəvanda səfərdə olublar, aylarla orada qalıblar, Moskvada xüsusi himayə altında yaşayıb bu işləri görüblər. Bu təkcə əməliyyat işi deyil, siyasi məsələdir. Bu siyasi məsələnin bu cür yekunlaşması bizim üçün uğurdur. Azərbaycan diplomatik və xüsusi xidmət orqanlarının uğurudur. Bu məsələ ilə dövlətə xəyanət edənlərə dərs verilmiş oldu.

Fəxrəddin Abbasov Rusiyada çoxdan tutulmuşdu. Amma Azərbaycana ekstradisiyası ləngidilirdi. Onun enində-sonunda Bakıya göndıərilməsi bizim ikinci uğurumuzdur. Yəni separatçılar, xainlər bilməlidirlər, anlamalıdırlar ki, harada məskən salmalarından və kimlərin himayəsində olmalarında asılı olmayaraq həbs ediləcək və gec-tez etdiklərinə görə Azərbaycan məhkəməsi qarşısında cavab verəcəklər. Bu mənada məsələ uğurlu profilaktikadır.

Söhbət Fəxrəddin Abbasovun kimliyindən, tutulmağından getmir. Onun kimiləri yalnız başqa dövlətlərin alətlərindən başqa bir şey deyillər. Bu adamlara qanunların dili ilə bir dərs vermək vacib idi və veriləcək də”.

İlham İsmayıl deyir ki, cənub bölgəsi İran və Rusiya tərəfindən həmişə separatçılıq meyllərinin qızışdırıldığı bir bölgədir: “Dini, etnik, separatçılıq zəminində bu işləri görüblər. Ona görə də Fəxrəddin Abbasov, İsmayıl Şabanov və bu kimi insanlar bilməlidirlər ki, dövlət əleyhinə fəaliyyətə görə qanun qarşısında cavab verməli olacaqlar. Bu əməliyyat Dövlət Təhlükəsizlik Xidmətinin ciddi uğurudur”.

İlham İsmayıl deyir ki, Fəxrəddin Abbasovun işi üzrə məhkəmə çox şəffaf şəkildə keçirilməlidir: “Açıq məhkəmə keçirilməldir. Sözün həqiqi mənasında separatçılara heç bir imkan verilməməlidir ki, Fəxrəddin Abbasovu qəhrəmana çevirsinlər, Novruzəli Məmmədov kimilərini vətənpərvər olmaya-olmaya vətənpərvər adlandırsınlar. Bu adamlar vətənpərvər deyillər, əgər talış xalqının mənafeyini fikirləşsəydi, bu hərəkətləri etməzdi. Fəxrəddin Abbasov və onun adamları istəyirlər ki, ölkəmizin ərazi bütövlüyü təzədən parçalansın”.

Qeyd edək ki, Azərbaycan vətəndaşı olan Fəxrəddin Abbasov barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi nifrət və düşmənçiliyin salınması, milli ləyaqətin alçaldılması) maddələri üzrə cinayət işi başlanmış və o, beynəlxalq axtarışa verilmişdi.

Şərhlər

XƏBƏR LENTİ