SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sabiq deputatla nazirin həbs həyatı - İnsanov geri çəkilmir, “Quska” susur...

Sabiq deputatla nazirin həbs həyatı - İnsanov geri çəkilmir, “Quska” susur...

Tarix:

26-01-2019, 11:44

/ 2 060 dəfə oxundu.
Sabiq deputatla nazirin həbs həyatı - İnsanov geri çəkilmir, “Quska” susur...

Azərbaycan məhkəmələrindən keçən vəzifə sahiblərin sayı itib. Bu çoxluqda nəzərə çarpan iradəni nümayiş etdirən sabiq səhiyyə naziri Əli İnsanovdur. Yaşının çoxluğu, ətrafına təzyiqlərin şiddəti də sabiq naziri geri çəkilməsinə səbəb olmur. İnsanov ən azı neytral mövqe tutub vəziyyətdən çıxmağa da çalışmır, Tağı Əhmədov demişkən “burcutmur”. Hazırda 11 saylı ciddi rejimli cəzaçəkmə müəssisəsində cəza çəkən 73 yaşlı Əli İnsanov 2005-ci ilin oktyabrından həbsdədir.

Dövlət çevrilişinə cəhd ittihamı ilə həbs olunan Əli İnsanova qarşı sonradan iqtisadi sahədə cinayətkarlıqla əlaqəli ittiham irəli sürülüb. 2007-ci ilin aprel ayında məhkəmə Əli İnsanovun əmlakı müsadirə olunmaqla 11 il müddətinə azadlıqdan məhrum olunması barədə qərar çıxarıb. 2016-cı il avqustun 24-də, yəni azadlığa çıxmasına 2 ay qalmış Qaradağ Rayon Prokurorluğu tərəfindən Əli İnsanova Cinayət Məcəlləsinin 315.2 (hakimiyyət nümayəndəsinə zor tətbiq etmə) , 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə) və 317-2.1-ci (cəzaçəkmə müəssisələrində qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması və istifadəsi) maddələri ilə yeni ittihamlar elan edilib. Qaradağ Rayon Məhkəməsi 2016-cı il oktyabrın 11-də, yəni köhnə cəzasının bitiməsinə bir həftə qalmış sabiq nazir barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçib, sonradan bu müddət bir neçə dəfə uzadılıb. 2017-ci il aprelin 26-da hakim Rəşad Mustafayevin sədrliyi ilə Qaradağ Rayon Məhkəməsində bu ittihamlar üzrə proses yekunlaşıb. Ə.İnsanov növbəti dəfə 7 il 5 gün müddətinə azadlıqdan məhrum edilib.

2013-cü il martın 14-də Avropa İnsan Hüquqları Məhkəməsi Ə.İnsanovun ədalətsiz mühakimə olunması barədə qərar çıxarıb. Ancaq Azərbaycan hakimiyyəti hökmü dəyişməyib. Avropa Şurası Nazirlər Komitəsi Azərbaycan hökumətini Avropa Məhkəməsinin qərarını yerinə yetirməyə çağırıb. Hüquq-müdafiə təşkilatları Ə.İnsanovu “siyasi məhbus” kimi tanıyıb.

Azərbaycan məhbəsində günlərini sayanlardan biri də sabiq deputat Hüseyn Abdullayevdir. Ötən ilin aprelində Türkiyədə saxlanılaraq Azərbaycana təhvil verilən Hüseyn Abdullayevlə bağlı istintaq araşdırmaları bu gün də davam edir. Yaxınlarda sabiq deputatın cinayət işi üzrə materiallar məhkəməyə göndəriləcəyi haqda məlumatlar yayılıb. Bu, Hüseyn Abdullayevin ilk həbsi deyil. 2007-ci ildə o, parlamentin iclasında deputat Fəzail Ağamalı ilə əlbəyaxa davaya çıxıb. Sonradan Hüseyn Abdullayev Fəzail Ağamalının hüquq-mühafizə orqanlarına müraciəti əsasında saxlanılıb, məhkəmə onun 2 il müddətində azadlıqdan məhrum edilməsi ilə bağlı qərar qəbul edib.

Abdullayev barəsində Cinayət Məcəlləsinin 70-ci maddəsi tətbiq olunmaqla təyin edilmiş cəza şərti hesab edilib və barəsində 2 il sınaq müddəti müəyyən olunub və o, məhkəmə zalından azadlığa buraxılıb. Azadlığa çıxandan sonra ölkəni tərk edən Hüseyn Abdullayev Almaniyadan siyasi sığınacaq, bu ölkənin verdiyi xüsusi pasport alıb. Onun həmin pasporta arxayın olub Azərbaycan hakimiyyətinə qarşı çıxışları barəsində yeni cinayət işinin başlanması, Türkiyədə həbs olunaraq əliqandallı Bakıya gətirilməsi ilə nəticələnib. Həmin dövrdən sonra Hüseyn Abdullayev daha çox susmağa üstünlük verir.

Bu arada Hüseyn Abdullayevlə Azərbaycanda vəzifədə olan məmur və deputatlarla bağlı araşdırılma aparılması haqda da xəbərlər yayılıb. Bildirilir ki, Hüseyn Abdullayevlə bəzi deputatların, onların övladlarının əlaqələri haqda da dolaşan məlumatlar araşdırma predmetidir, deputatların, məmurların qeyri-rəsmi sorğulanması xəbərləri də var. Hüseyn Abdullayev həbs ediləndən sonra belə xəbərlər yayılmışdı ki, o, Azərbaycandan mühacirət edəndən sonra ən müxtəlif adlarla yanına gedib-gələn vəzifə sahibləri, onların yaxınları, hətta övladları olub...

Hüseyn Abdullayev hazırda Bakı İstintaq Təcridxanasında saxlanılır. Onun həbsi ilə bağlı Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri onun həbsi ilə bağlı birgə məlumat yayıb. Vergilər Nazirliyi tərəfindən aparılmış səyyar vergi yoxlaması nəticəsində “Araz İNC” MMC-də 1 milyon 436 min manat məbləğində vəsaiti dövlət büdcəsinə ödəməməsi faktı üzrə 7 iyun 2013-cü il tarixdə Cinayət Məcəlləsinin 213.2.2-ci (vergi ödəməkdən yayınma) maddəsi ilə cinayət işi başlanıb. 3 oktyabr 2016-cı il tarixdə H.Abdullayevin ümumilikdə 1 milyon 810 min manat məbləğində vergiləri dövlət büdcəsinə ödəməkdən yayındırması və xüsusi razılıq (lisenziya) tələb olunduğu halda belə razılıq almadan tikinti-quraşdırma işlərini həyata keçirərək 966 min manat məbləğində gəlir əldə etməsinə əsaslı şübhələr müəyyən edildiyindən ona Cinayət Məcəlləsinin 192.2.2 (qanunsuz sahibkarlıq) və 213.2.2-ci maddələri ilə yenidən ittiham elan edilməsi barədə qərar çıxarılmışdır.

Bundan başqa, ayrı-ayrı vətəndaşların Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə daxil olmuş müraciətləri əsasında 14 fevral 2018-ci il tarixdə başlanmış cinayət işi üzrə H.Abdullayevin 2006-cı ildən 2018-ci ilədək olan müddət ərzində faktiki nəzarət etdiyi “Araz-İnşaat” ASC-də onun tapşırığına əsasən müəssisənin idarə olunmasını həyata keçirən Babayev Namiq İsmixan oğlu və qeyriləri ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cəmiyyətə məxsus obyektləri müxtəlif vaxtlarda ayrı-ayrı şirkətlərə icarəyə verərək ümumilikdə 1 milyon 374 min manat məbləğində gəlirlərin cəmiyyətin kommunal xidmət və sair xərclərinin ödənilməsinə sərf olunmasına dair digər səhmdarlara yalan məlumat verməklə 13 min 373 manat məbləğində dividentləri vahid qəsdlə ələ keçirib zərərçəkmiş şəxslərə xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq etməsinə şübhələr müəyyən edilib.

Eləcə də H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ