SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Məşhur gömrük rəisinin intiharının səbəbi məlum oldu: Vasif Talıbov və “Beriya”sı 500 milyon manatın izini axtarırmış (TƏFƏRRÜAT)

Məşhur gömrük rəisinin intiharının səbəbi məlum oldu: Vasif Talıbov və “Beriya”sı 500 milyon manatın izini axtarırmış (TƏFƏRRÜAT)

Tarix:

3-01-2019, 10:55

/ 8 217 dəfə oxundu.
Məşhur gömrük rəisinin intiharının səbəbi məlum oldu: Vasif Talıbov və “Beriya”sı 500 milyon manatın izini axtarırmış (TƏFƏRRÜAT)

Naxçıvan Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidovun intiharının səbəbləri məlum olub.

Daxil olan məlumatlara görə, muxtar respublikanın Daxili İşlər Nazirliyində işgəncələr və təhqirlər sonunda intihar etməyə məcbur qalan Mirməhəmməd Seyidovdan Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədovun “qara kassa”dan böyük həcmdə vəsait mənimsənilməsi ilə bağlı informasiyaları dəqiqləşdirmək istəyiblər. Məlumatda iddia olunur ki, Naxçıvan Gömrük Komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclis üzvü İsa Həbibbəylinin oğlu Səhhət Həbibbəyli muxtar respublika rəhbərliyinə Asəf Məmmədovun xaricdən ölkəyə daxil olan maşınlardan və yüklərdən 400-500 milyon manat qazanması ilə bağlı xəbər çatdırıb. Səhhət Həbibbəylinin məqsədi Asəf Məmmədovun yerinə keçmək istəməsi olub. Bu məlumatdan sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov işi araşdırmaq üçün qudası olan daxili işlər naziri Fazil Ələkbərova tapşırıq verib.
Mənbənin məlumatına görə, Fazil Ələkbərovun araşdırmaları sonunda Asəf Hacıyev 26 noyabr 2018-ci il tarixində vəzifəsindən çıxarılır və onun barəsində cəzalandırma tədbirləri başlayir. Bakı başda olmaqla müxtəlif rayonlardakı obyekt və biznes sahələri Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovun adına keçirilir. Amma Fazil Ələkbərov gömrükdən mənimsənilən 400-500 milyon manat vəsaitin izini tapa bilmədiyindən Asəf Məmmədovun ən yaxın adamı Mirməhəmməd Seyidova və onun yaxın qohumlarına psixoloji təzyiqlərlə yanaşı işgəncələr verdirir. Mirməhəmməd Seyidov bütün işgəncələrə baxmayaraq israrla Səhhət Həbibbəylinin Vasif Talıbova ötürdüyü informasiyanın yalan olduğunu bildirir. Fazil Ələkbərov isə Mirməhəmməd Seyidova qarşı “Beriya sayağı” işgəncələri davam etdirir. Nəticədə isə işgəncə və təhqirlərə dözməyən Mirməhəmməd Seyidov intihara əl atmalı olur.

Mənbə bildirir ki, Mirməhəmməd Seyidovun intiharı Fazil Ələkbərovu çıxılmaz vəziyyətə saldığından baş verən cinayət hadisəsini Asəf Məmmədovun boynuna qoymaq üçün ona ağlasığmaz şəkildə işgəncələr verdirib.

Asəf Məmmədovun taleyinin hələ də necə olacağı bilinmir. Fazil Ələkbərovun Mirməhəmməd Seyidovun intiharı məsələsində məqsədinə nə dərəcədə nail olduğu yaxın günlərdə məlum olacaq. Belə ki, ötən il son günlərində Naxçıvanda yaşanan özbaşınalığın ölkənin siyasi rəhbərliyi tərəfindən mənfi qarşılandığından Vasif Talıbovun da cəzalandırılacağı istisna olunmur. Bu səbəbdən də Fazil Ələkbərova iş günlərinin başlanmasına qədər intihar hadisəsini ölkənin siyasi rəhbərliyini inandıracaq səviyyədə malalamaq üçün zaman verilib.

Başqa bir məlumatda isə bildirilir ki, Mirməhəmməd Seyidovun həyat yoldaşına qohum olan Şərur rayonunun prokuroru Rəşad Babayev məzuniyyətə çıxmağa məcbur edilib və onun ölkəni tərk etməsinə məhdudiyyət qoyulub.

Daxil olan məlumatlarda həmçinin iddia olunur ki, əslində Naxçıvanın Gömrük Komitəsindəki rəsmi və ya qeyri-rəsmi maliyyə axınları ilə bağlı Vasif Talıbovun detallı şəkildə məlumatı varmış. Belə ki, 2017-ci ildə Asəf Məmmədovun rəhbərlik etdiyi komitədə 300 milyon manat dəyərində kəsr müəyyən edilir. Bu məbləğin 60 milyonunu həmin vaxt Gömrük Komitəsində birinci müavin olan hazırda isə Komitəyə rəhbərlik edən Səfər Mehdiyev ödəyir. Qalan məbləğ isə Asəf Məmmədov tərəfindən muxtar respublika rəhbərliyinə çatdırılır. Bu hadisədən sonra Vasif Talıbov tələbə yoldaşı olan Asəf Məmmədovu ciddi nəzarət altında saxlayır və maliyyə axınlarına nəzarət etmək üçün etibar edəcəyi adamları komitəyə yerləşdirir.

Mənbənin sözlərinə görə, Asəf Məmmədovun hədəfə gəlməsinin əsas səbəbi Fazil Ələkbərovla yola getməməsi olub. Bu səbəbdən də kurəkəni Seymur Talıbovun vasitəsi ilə Asəf Məmmədovun zərərsizləşdirilməsi üçün tədbirlər görülməyə başlanılır. Bu prosesdə də əsas aparıcı fiqur kimi Səhhət Həbibbəylidən istifadə edilir…

Yazıda adı çəkilən şəxslərin də mövqeyini işıqlandırmağa hazırıq.

AzToday.az

Şərhlər

XƏBƏR LENTİ