XalqXəbər.Az

MTN əməkdaşlarının daha bir cinayəti üzə çıxır

yüklənir...
MTN əməkdaşlarının daha bir cinayəti üzə çıxır
30-12-2018, 17:14
yüklənir...

“MTN işi” başlayan gündən 3 ildən artıq müddət keçir

Eldar Mahmudovun Milli Təhlükəsizlik Nazirliyinə 11 il 2 aylıq rəhbərliyi dövründə qurumun vəzifəli şəxsləri tərəfindən törədilən cinayətlərin sayı-hesabı itib. Bu gün məhkəmələrdə sabiq MTN-çilərin işləri üzrə proseslər bir-birini əvəzləyir.

Bununla belə, Mahmudovun dövründə törədilən və araşdırılmayan cinayətlər hələ də qalmaqdadır. Belə cinayətlərdən biri də vətəndaş Ülviyyə Abdalovaya qarşı törədilib.

Reyting.az xəbər verir ki, Ü. Abdalova nümayəndəsi vasitəsi ilə “Yeni Musavat” qəzetinin redaksiyasına ünvanladığı müraciətində iddia edir ki, “Mahmudovçu”lar quldurluq yolu ilə onun 7 milyon manatlıq qızıl-zinət əşyalarını ələ keçiriblər:

“2006-cı ildə MTN tərəfindən həyata keçirilən qanunsuz əməliyyat nəticəsində iş adamı Ülviyyə İlyas qızı Abdalova və onun həyat yoldaşı Murad Rəhimova 7 milyon manatdan çox ziyan dəyib. Valideynlərini 1990-cı ilin 20 Yanvar olayında itirən, 2004-2008-ci illərdə Səbail rayon "20 Yanvar" Cəmiyyətinin sədri olan Ü. Abdalova bu günə qədər fiziki və mənəvi terrora məruz qalmaqdadır. O, birmənalı olaraq ölüm qarşısındadır. Belə ki, Ü. Abdalova və həyat yoldaşı M. Rəhimovun qızıl-zinət əşyalarının biznesi ilə məşğul olması 2006-cı ildə MTN rəhbərliyinin diqqətini cəlb edir. Bu sərvəti ələ keçirməyə qərar verən sabiq MTN rəhbərliyi bunun üçün sadə və unikal bir üsula əl atır”.
Müraciətdə bildirilir ki, M. Rəhimova məxsus lisenziyalı qızıl-zinət əşyalarına qanunsuz daş-qaş nümunəsi kimi əl qoyulur:
“2006-cı ildə Dubaydan Bakıya satış məqsədi ilə gətirilən 7 milyon manat məbləğindən çox qızıl-zinət əşyaları, brilyant daş-qaşlar MTN tərəfindən müsadirə adı ilə qarət edildi. Bu mallara əl qoyan MTN yetkililəri bildirdi ki, guya bunları ölkəyə qanunsuz yolla gətirmişik. Halbuki həmin zinət əşyalarının hər birinin lisenziyası mövcud idi və bunu təsdiq edən sənədlər qalmaqdadır”.

Bütün bunlarla yanaşı, adıçəkilən şəxslərə məxsus qızıl mağazasında da MTN əməkdaşları tərəfindən çəkiliş aparılıb:

“Halal və qanuni əmlakları qarət etmələri azmış kimi, onlarla qatı cinayətkar kimi davranıb, elə bir atmosfer yaratmağa çalışıblar, müsadirə edilən zinət əşyalarının geri qaytarılması ilə bağlı heç bir tələb səsləndirilməsin”.

MTN yetkililəri lisenziyalı zinət əşyalarına əl qoyandan sonra onları həbs etməklə hədələyərək daha bir sıra əmlaklarını ələ keçiriblər: “Bu olaydan sonra Ülviyyə Abdalovaya bildiriblər ki, səni də, həyat yoldaşını da həbs edəcəyik. Lazım olsa, əlavə maddələr ortaya qoyacağıq. Əgər həbs olunmağınızı istəmirsinizsə, digər əmlaklarınızı da bizə verməlisiniz”.

2006-cı ildə MTN əməkdaşları onu və həyat yoldaşını həbslə hədələyərək onlara məxsus 5 avtomobili, 10 mənzili ələ keçirib. Bu mənzillərin 4-ü Yeni Yasamalda, 4-ü Nərimanovda, 2-si isə Xırdalanda olub:
“Nümayəndəsi olduğum şəxs ”MTN işi" meydana çıxandan, bu qurumdakı cinayətkar dəstə de-şifrə ediləndən sonra 2006-cı ildə MTN-nin başlarına gətirdiyi oyunlarla bağlı şikayət etmək qərarına gəliblər. Zərərçəkən tərəf iddia edir ki, araşdırma obyektiv aparılmayıb, nəticədə keçmiş MTN rəhbərliyi, xüsusilə də Mövlam Şıxəliyevlə bağlı şikayətinə baxan olmayıb".
Nümayəndə yazır ki, Ülviyyə Abdalova hazırda özü etdiyi şikayətlərdən dolayı təhdid qarşısındadır: “Hər gün müxtəlif şəxslər tərəfindən ölümlə hədələnir. Bu yaxınlarda sifarişli şəkildə Natiq Hacıyev adlı şəxs Nərimanov rayonu ərazisində günorta saatlarında onun qarşısına qəflətən çıxaraq öldürmək məqsədilə onun qarın nahiyəsinə bıçaq vasitəsilə 3 zərbə endirib. Lakin xoşbəxtlikdən xanım Abdalovanın həyatını xilas etmək mümkün olub. Şəhid övladına qarşı edilən haqsızlıqların, gerçəkləşən özbaşınalıqların sərhədi yoxdur. Bu vəziyyətə şahid olmaq dəhşətdir, dəhşət. Dörd uşaq anası olan Ülviyyə Abdalova bildirir ki, onun tək ümidi ölkə başçısınadır. Yalnız ölkə başçısı onu quldur dəstəsinin bitib-tükənməyən əməllərindən xilas edə bilər”.

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.