SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Hökumətdə “Asan”laşdırma prosesi: - “kiçik padşahlar” taxtdan salınır

Hökumətdə “Asan”laşdırma prosesi: - “kiçik padşahlar” taxtdan salınır

Tarix:

19-12-2018, 12:53

/ 1 168 dəfə oxundu.
Hökumətdə “Asan”laşdırma prosesi: - “kiçik padşahlar” taxtdan salınır

Prezident İlham Əliyevin sərəncamı ilə 2018-ci ildə bir neçə icra başçısı vəzifəsindən azad edildi. Həyata keçirilən kadr islahatlarını dəyərləndirən ekspertlər hesab edirlər ki, bu, hökumətin “Asan”laşdırılması siyasəti fonunda görülən işlərin bir hissəsidir. Çünki ictimaiyyətdə “kiçik padşahlar” adlandırılan bəzi icra başçıları yerlərdə xalqı incidir, özlərini məmurdan çox şah kimi aparırdılar.

Ekspertlərin fikrincə, aparılan islahatlar fonunda bu kimi davranışlar sərgiləyən məmurlar vəzifələrindən kənarlaşdırılır və onlar gənc, xalqla işləyə bilən kadrlarla əvəzlənirlər. Gənc kadrların isə əksəriyyəti yerlərdə əhali ilə birbaşa ünsiyyətə üstünlük verirlər. Bu baxımdan insanlar asan formada sözlərini, problemlərini başçıya çatdıra bilirlər. Ekspertlərin fikrincə, mövcud vəziyyət ölkədə müsbət dəyişikliklərə gətirib çıxara bilər.

“Yeni Müsavat”a danışan politoloq Qabil Hüseynli son aylar idarəetmədə baş verən dəyişiklikləri aşağıdakı kimi dəyərləndirdi: “Əslində ”Asan"laşdırma dünyada çox mütərəqqi təcrübələrdən biridir. Hətta bu sahədə Azərbaycanın təcrübəsini öyrənib, tətbiq etməyə çalışan bir xeyli ölkələr var. Bu baxımdan “ASAN Xidmət”in Azərbaycanda tətbiq edilməsi unikal hadisədir. Lakin hesab edirəm ki, idarəetməni bütünlüklə mərkəzləşdirib, “ASAN Xidmət”in sərəncamına vermək qeyri-mümkündür. Elə sahələr var ki, həmin sahələr konkret olaraq şəxsiyyətin iş başında oturmasını tələb edir. Bu şəxsiyyət ictimai-siyasi həyatın bir çox sahələrinə nəzarət edib, onları əlaqələndirir. İcra başçıları da belə sahələrdən biridir. Onu tamamilə “Asan”laşdırmaq, “ASAN Xidmət”ə vermək qeyri-mümkündür. Respublikada elə sahələr var ki, bunları bütövlüklə “ASAN Xidmət”in sərəncamına veriblər. Bura özəlləşdirmənin, pasport xidmətinin bəzi sahələri daxildir. Ümumiyyətlə, sənədləşdirmə və özəlləşdirmə ilə bağlı sahələrin əksər hissələri “ASAN Xidmət”in səlahiyyətləri çərçivəsinə daxil edilib. Bu model korrupsiya və rüşvətxorluğa qarşı aparılan mübarizənin ən effektiv metodudur. “ASAN Xidmət”in sahələrinin genişləndirilməsi nəticəsində rüşvət və korrupsiyaya qarşı mübarizə xeyli uğurlu aparılıb. Nəticədə bu sahədə baş verən hadisələr gözlə görüləcək qədər səngiyib. “Kadrlar hər şeyi həll edir” prinsipi yenə də qalmaqda davam edir. Çünki cəmiyyət canlı bir orqanizmdir və bura yüksək inkişaf etmiş, peşəkar kadrların rəhbərlik etməsi tələb olunur. Bu baxımdan da cəmiyyətin idarə olunmasının böyük bir hissəsi insan amilinə söykənir. Yəni icra başçıları, nazirlər, onların yerli orqanları idarə edilməyə məhkumdur. Tələb olunur ki, proseslərin idarə edilməsi, məqsədyönlü hədəflərə yönəldilməsi məhz peşəkar kadrlar vasitəsilə həyata keçirilsin".

Hüseynli bildirib ki, ölkə başçısının kadr islahatları öz nəticəsini verir: “Özünü doğrultmayan, uzun müddətdir ki, çalışdığı sahədə müsbət dönüşə nail ola bilməyən, yaxud da fəaliyyətində ciddi nöqsanlar aşkar edilən adamlar işdən kənarlaşdırılır. Onlar cavan, dinamik, peşəkar kadrlarla əvəzlənir. Əlbəttə ki, hələ ki bu şəxslərdən öz işlərinə müsbət yanaşmanı görürük. Bu adamlar kabinetə qapanmayıb, insanlarla canlı ünsiyyətdə olmağa üstünlük verirlər. Bütün bu kimi proseslər isə əhali tərəfindən də müsbət qarşılanır. Məsələn, kənd təsərrüfatı naziri İnam Kərimovu qeyd edə bilərik. O, demək olar ki, ayağına çəkmə geyinib, sahələrdə sahibkarlarla görüşür, onların problemləri ilə yaxından tanış olur. Bu yaxınlarda qeyd etdi ki, yaxın zamanlarda kənd təsərrüfatı məhsullarının istehsalının 50 faizədək artırılmasının bünövrəsi qoyulub.

Ancaq əhali ilə birbaşa təmasda olmayan məmurlar da vardı. İnsanlar tərəfində ”kiçik padşahlar" adlandırılan, məmur özbaşınalığında xeyli payı olan icra başçılarının da dəyişilməsi prosesi sürətlə aparılır. Yəni indiyə qədər öz şəxsi mənfəətini güdən, insanların qayğılarına diqqət etməyən icra başçılarının çoxu vəzifələrindən kənarlaşdırılıb. Bəzilərinin isə əməllərində müəyyən cinayət tərkibinin olması fikri mövcuddur. Bu işin hələ ki ideal səviyyədə aparılması qənaətində də deyiləm. Ancaq görülən işlər kifayət qədər müsbət təəssürat oyadır. Əhali arasında qayğıkeş məmur obrazının formalaşdırılması istiqamətində tədbirlərin görülməsi davam etdirilir. Çünki bu cür özbaşına, qanunlara bəzən tabe olmayıb, insanların hüquqlarını tapdalayan məmurlar demək olar ki, idarəetmə strukturundan kənarlaşdırılır. Bu prosesi bitmiş saymaq olmaz. Hələ ki proseslər davam etməkdədir. Bu isə hesab edirəm ki, ölkədə idarəçiliyin səmərəsini artırmağa və eyni zamanda dövlətçiliyə inam hisslərinin daha da gücləndirilməsinə gətirib çıxarmalıdır. Düşünürəm ki, kadr islahatlarının həyata keçirilməsi ardıcıl, yönləndirilən proses olmalıdır. Proses xalqın, ölkənin rifahı naminə həmişə təkmilləşdirilməlidir".

Şərhlər

XƏBƏR LENTİ