XalqXəbər.Az

Vidadi Zeynalov ilin sonunda azad olunacaq, yoxsa... - GƏLİŞMƏ

yüklənir...
Vidadi Zeynalov ilin sonunda azad olunacaq, yoxsa... - GƏLİŞMƏ
17-12-2018, 16:44
yüklənir...

Xəbər verdiyimiz kimi, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin (BTRİB) sabiq sədri Beytulla Hüseynov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Optik Rabitə, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədov verdikləri kassasiya şikayəti üzrə ötən ayın sonuna təyin edilmiş məhkəmə prosesi baş tutmayıb. Xatırladaq ki, oktyabrın 19-da bu iş üzrə məhkəmə iclası noyabrın 28-nə təyin edilmişdi. Amma hakim Əli Seyfəliyevin sədrliyi ilə keçirilən proses yenə baş tutmayıb. Bu dəfə isə məhkəmə qeyri-müəyyən vaxtadək təxirə salınıb. İddialara görə, məhkəmə ilin sonuna yaxın(güman ki, gələn həftə) keçirilə bilər. Gözlənilir ki, V.Zeynalov və daha bir sabiq məmur həmin məhkəmənin sonunda azadlığa buraxılacaq.

V.Zeynalov 2015-ci ilin noyabr ayında həbs edilib. 2015-ci ilin noyabr ayının 13-də Baş Prokurorluğun Rabitə və Yüksək Texnologiyalar Nazirliyindəki həbslərlə bağlı yaydığı rəsmi məlumata görə, nazirliyin Aparat rəhbəri V.Zeynalovun qulluq mövqeyindən sui-istifadə edərək nazirliyin strukturuna daxil olan ayrı-ayrı qurumların vəzifəli şəxsləri ilə qabaqcadan razılaşmaqla həmin strukturlar tərəfindən işlərin görülmədiyi, tam yerinə yetirilmədiyi, avadanlıqlar alınmadığı, istifadə olunan avadanlıqların, xidmətlərin qiymətlərinin isə 4-5 qat şişirdilməsi və digər üsullarla işlərin və xidmətlərin guya yerinə yetirilməsini özlərinin himayə etdikləri, yaxın münasibətdə olduqları şəxslərin adına olan özəl şirkətlər tərəfindən saxta sənədlər əsasında rəsmiləşdirməsini təmin etməklə müvafiq müəssisələrin ayrı-ayrı banklardakı hesabına köçürülmüş 73 milyon 590 min manat pul vəsaitinin nağdlaşdırılmaqla mənimsənilməsini və israf edilməsini təşkil etməsində şübhələr üçün əsaslar müəyyən edilib. 2017-ci ilin iyununda V.Zeynalovun vəkili müdafiə etdiyin şəxsin dövlətə vurduğu ziyanın 2 milyon 200 minini ödədiyini deyib.

Vəkil bildirib ki, müdafiə etdiyi şəxsin ailəsi yaşadığı mənzili satılıb və dövlətə 2 milyon 200 min manat ödəniş edilib. V.Zeynalovun bundan sonra daha 4 milyon manat borcu qalıb. Elə həmin ay sabiq Aparat rəhbərinin yerdə qalan borcları da banka keçirdiyi barədə xəbər yayılıb. Bununla da o, ittihamda göstərilən təxminən 7 milyon manatadək borcu tam ödəmiş olub.

Bakı Apelyasiya Məhkəməsi ötən ilin noyabrında bu iş üzrə apelyasiya şikayətinə baxıb. Vidadi Zeynalov həmin prosesdə qısa çıxış edib. O bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur. Qərara görə, Vidadi Zeynalovun apelyasiya şikayəti qismən təmin edilib və onun 13 il müddətinə olan cəzası 4 ilə endirilib.

Qeyd edək ki, Vidadi Zeynalovun qohumları Bakı Apelyasiya Məhkəməsinin qərarından kasasiya şikayəti veriblər. Onlar əmlakları üzərinə qoyulmuş həbsin götürülməsini tələb ediblər. Mənimsəmədə və vəzifə səlahiyyətlərindən sui-istifadə etməkdə təqsirləndirilən V.Zeynalovun ümumilikdə 67 əmlakına həbs qoyulub. Ümumi dəyəri 43 milyon manatdan çox olan 67 əmlak Vidadi Zeynalovun, onun övladlarının, həyat yoldaşının, bacısının və digər yaxınlarının adına olub.

MTN çetesinin ifşasından sonra V.Zeynalovun və digərlərinin həbsi tezliklə bu iki işin əlaqəli olması iddialarını təsdiqlədi. V.Zeynalov istintaqa ifadəsində işlədiyi nazirliyin inzibati binasındakı xidməti otağında ləğv edilmiş MTN-in Mütəşəkkil Transmilli Cinayətkarlıqla Mübarizə İdarəsinin rəisi, hazırda həbsdə olan general Sübahir Qurbanova fəaliyyətlərinin himayə edilməsi üçün 01.01.2011-ci il tarixdən 2015-ci ilin oktyabr ayına kimi hər ay 100.000 ABŞ dolları olmaqla, həmin dövrün məzənnəsi ilə ümumilikdə 3.047.000 (üç milyon qırx yeddi min) manat verdiyini bildirmişdi. Bununla yanaşı, o, həmçinin MTN-in Monitorinq Mərkəzinin rəisi hazırda həbsdə olan general Teymur Quliyevə 01.07.2013-cü il tarixdən 08.10.2015-ci il tarixə kimi hər ay 50.000 ABŞ dolları olmaqla həmin dövrün məzənnəsi ilə ümumilikdə 1.158.000 (1 milyon 158 min) manat rüşvət verib.

Sonra məlum oldu ki, şantaja və ya hədə-qorxuya məruz qalanlar onlardan tələb olunun məbləği həmişə diqqətdə olan MTN-ə yox, birbaşa pulla işləyən, dolu çantalarla nazirliyə girilməsinin adi hal olduğu keçmiş Rabitə Nazirliyinə ötürüblər. Həmin pullar isə sonradan “işgüzar iş üçün” Rabitə Nazirliyinə gələn MTN generallarına verilib.
Musavat.com

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.