SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm »  Arif Əsgərovun baldızı oğlu müəmmalı şəkildə itib - İLGİNC

 Arif Əsgərovun baldızı oğlu müəmmalı şəkildə itib - İLGİNC

Tarix:

29-11-2018, 11:39

/ 1 581 dəfə oxundu.
 Arif Əsgərovun baldızı oğlu müəmmalı şəkildə itib - İLGİNC

2004-2015-ci illərdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) sədri vəzifəsində çalışmış Arif Əsgərovun adı illərdir ki, mətbuat səhifələrindən düşmür. Özünün, oğlu Elnar Əsgərovun, baldızı övladlarının adı korrupsiya, dələduzluq və digər cinayət işlərində keçir. Hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Rahib Hüseynovun (Arif Əsgərovun baldızı oğlu) cinayət işi üzrə proses davam edir. Sonuncu məhkəmə iclasında hakim Mirzə Xankişiyev Rahib Hüseynovun barəsindəki polisin nəzarəti altına vermə qətimkan tədbirinin həbslə əvəzlənməsi haqda qərar verib. Lakin Rahib Hüseynovu həbsə almaq mümkün olmayıb. Çünki artıq 5-ci gündür ki, o, yoxa çıxıb. Belə iddialar var ki, Rahib Hüseynovun həbs ediləcəyi əvvəldən bilinib və onun ölkədən qaçırılması gerçəkləşdirilib. R.Hüseynovun Arif Əsgərovun ətrafının vasitəsilə Türkiyəyə qaçırılması iddiası var. R.Hüseynovun valideynləri də ondan xəbərsiz olduqlarını deyirlər. Anası oğlunun öldürüldüyünü, ya da oğurlandığını iddia edir. R.Hüseynovun anası bir neçə gündür bacısının həyat yoldaşı olan Arif Əsgərovun villasının qarşısına getsə də, onu qəbul edən, görüşmək istəyən yoxdur.

Rahib Hüseynovun anası Lətifə Hüseynova “Kanal 24" internet televiziyasına müsahibəsində deyib ki, oğlunun harada olduğunu bilmirlər: ”Biz kənddə yaşayan adamıq. Bu nə puludur, hara puludur, xəbərimiz yoxdur. Oğlumu itiriblər bilmirik, öldürüblər bilmirik. Yəqin oğurladıblar".

Arif Əsgərovun oğlu Elnar Əsgərov modern.az-a ona və ailəsinə qarşı səsləndirilən iddiaları rədd edərək, deyilən fikirlərin həqiqətə uyğun olmadığını bildirib.

O deyib ki, qohumu Rahib Hüseynovun cinayət işi ilə bağlı istintaq 2 ildən artıqdır ki, davam edir: “Şikayətçilərin ərizəsi əsasında bu işə baxılır. Rahib Hüseynov Cinayət Məcəlləsinin dələduzluq maddəsi ilə ittiham olunur. Bildiyimiz kimi, Rahib Hüseynovun balaca qardaşı Emil Hüseynov eyni maddə ilə təqsirləndirilərək, 9 il müddətinə azadlıqdan məhrum edilib. Hadisənin necə başlanmasına gəlincə isə onu deyə bilərəm ki, Rahib Hüseynovun ailəsi bizim qohumdur. Bu insanlar bizim ailənin adından istifadə edərək, bir çox şəxsləri aldadıb onlardan külli miqdarda pul vəsaitləri alıblar. Bu yaxınlarda isə axşam saatlarında Rahib Hüseynovun anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov bizim evimizin qarşısında ”Kanal 24" internet televiziyasının müxbirinə müsahibə veriblər. Mən də bununla bağlı Binəqədi rayon 7-ci polis bölməsinə müraciət etdim. Müraciətimdə bildirdim ki, bu adamlar məni gecə saatlarında narahat edirlər, xahiş edirəm bununla bağlı qanunda nəzərdə tutulmuş qaydada tədbir görəsiniz. Polis bölməsinin əməkdaşları da mənə bildirdilər ki, sizin müraciətiniz araşdırılaraq, məlumat veriləcək. Təəssüf hissi ilə deyirəm ki, həmin o kanal qarşı tərəfin mövqeyini öyrənmədən materialı yayıb. Hesab edirəm ki, bu, düzgün hal deyil".

Elnar Əsgərov deyib ki, Rahib Hüseynovun itməsinə görə anası Lətifə Hüseynova və atası İsmayıl Hüseynov onu günahlandırıb: “Rahib Hüseynov noyabrın 22-də keçirilən sonuncu məhkəmə prosesində iştirak etməliydi. Çox güman ki, o, həmin məhkəmə zamanı həbs olunacağını bilib və prosesə gəlməkdən yayınıb. Bundan sonra isə qaçıb gizlənib. Rahib Hüseynovun harada olmasını anası da bilir, atası da. Həmçinin bizə yenidən ləkə yaxmaq üçün bu addımı atıblar. Bu insanlar müsahibələrində bizim ailəmizə şər atırlar. Mən istintaqla əməkdaşlıq edərək, bildiyim hər şey barədə məlumat vermişəm. Ondan istintaqa mənim barəmdə verdiyi izahatın sübutunu tələb etmişəm. Heç bir halda isə Rahib Hüseynov yazdığı izahatın sübutunu verə bilməyib. Bu insanlar təkcə bizə deyil, başqalarına da ləkə yaxıb, şər atıblar. Onlar elə bilirlər ki, şər-böhtan atmaqla bu iş həll olunacaq. Rahibin ata və anası bildirir ki, övladlarının heç bir günahı yoxdur. Mən sizi əmin edirəm ki, istintaq ərəfəsində 10-15 nəfərin Rahib Hüseynov və Emil Hüseynov qardaşları barəsindəki ifadəsini görsəniz, onların nə qədər yalan danışdığını bilərsiniz. Onların insanları aldadaraq əldə etdikləri vəsaitlərə görə bir neçə şəxs xəstəlik tapıb, tamamilə həyatları alt-üst olub. Hətta onlar mənim anamı belə ittiham edirlər. Halbuki mənim anam onlara analıq edib. Məndə İsmayıl Hüseynovun öz əlyazısı ilə anama yazdığı məktub var. Həmin məktubda İsmayıl Hüseynov yazıb ki, ”sizə qarşı belə hərəkətlər etdiyimizə görə bizi bağışlayın". Ancaq indi bu insanların hansı mövqedən çıxış etdiyini bilmək olmur. Həmin o 4 - 5 sətirdən ibarət olan məktubu göstərə də bilərəm".

Elnar Əsgərov bildirib ki, istintaq dövründə hər bir məqam, fakt araşdırılaraq sübuta yetirilib: “Bu 2 il ərzində yetəri qədər suallar olub və onlara cavab da tapılıb. İstintaq tam şəffaf şəkildə həyata keçirilib. Bütün detallar tam şəkildə araşdırılıb. Mənim müsahibə verməyimdə əsas məqsəd isə ondan ibarətdir ki, insanlar bu işə birtərəfli qaydada baxmasınlar. Oxuculara bildirmək istəyirəm ki, bizim haqqımızda səsləndirilən fikirlərin hamısı ləkədir, şərdir. Bu, bir oyundur. Mənim əsas məqsədim ailəmin adının bu işdə hallanmamasıdır. Rahib Hüseynova hansı maddə ilə hökm oxunacaq, neçə il iş veriləcək, bu artıq məhkəmənin qərarından asılı olacaq. Bunun mənə aidiyyəti yoxdur və maraqlandırmır da. Mən bir daha bütün şəxslərdən xahiş edərdim ki, bu işə birtərəfli qaydada baxmasınlar. Çünki bu insanları tanıyanlar da bilir ki, onlar yalan danışırlar. Bizə qarşı səsləndirilən fikirlərin hamısı şər və ləkədir”.

Qeyd edək ki, Rahib Hüseynov dələduzluq maddəsi ilə təqsirləndirilərək 9 il müddətinə azadlıqdan məhrum edilən Emil Hüseynovun qardaşıdır. İttihama görə, E.Hüseynov Gürcüstandan izolyasiya və digər materiallar gətirmək adı ilə Emil Məmmədovdan 2 milyon 500 min dollar, Tural Hüseynovdan 382 min dollar, Namiq Mehdiyevdən 80 min manat və Mərziyyə Rzayevadan isə 19 500 manat pul alaraq, dələduzluq yolu ilə mənimsəyib.

Xatırladaq ki, dövlət ittihamçısı Rahib Hüseynov barəsində polis nəzarətinə verilmə qətimkan tədbirinin dəyişdirilməsini, 10 il azadlıqdan məhrum edilərək məhkəmə zalından həbs edilməsini istəyib. Bildirək ki, Rahib Hüseynov məhkəməyə gündəlik xərcləri və görülən işlərlə bağlı ayrılan məbləğləri qeyd etdiyi kitabları təqdim edib. Rahib Hüseynov 2013-cü ildə həbs edilmədən öncəyə qədər həmin kitablarda görülən işlərlə, alınan məbləğlərlə bağlı qeydlər yazıb. Hüseynov həmin 5 kitabda ayrı-ayrı şəxslərdən aldığı, iş üçün ayrılan milyonları qeyd edib. Həmin kitablarda xeyli sayda vəzifəli şəxslərin adının keçdiyi məlum olub. O kitablarda qeyd edilən məbləğlər 20-25 milyondur. Alınan pullarla Arif Əsgərovun oğlu dəmir yolu üçün xaricdən avadanlıqlar alaraq dövlətə baha qiymətə satıb. Qazancdan isə pul aldığı şəxslərə də faiz verib. Məlum olub ki, kitablarda adı keçən həmin şəxslər Arif Əsgərovun oğlu Elnar Əsgərova verdikləri pullar qarşılığında xeyli qazanc əldə ediblər. Pulların alınması və aylıq faizlərin verilməsinə, “qara mühasibatlıq” işinə də R.Hüseynov nəzarət edib. Məhkəməyə əlavə şahid kimi çağırılan şəxslər adı kitablarda adları olanlardır. R.Hüseynov 4 milyon 300 min manatlıq dələduzluqda ittiham edilir. Bundan başqa, R.Hüseynov vətəndaş Namiq Mehdiyevə də qarşı dələduzluqda ittiham olunub. Elan olunmuş ittiham üzrə R.Hüseynov özünü təqsirli bilmədiyini deyib. Təqsirləndirilən Hüseynov deyir ki, ona qarşı irəli sürülən bütün ittihamlar əsassızdır. Çünki qeyd edilən bütün işləri Elnar Əsgərov edib. Ayrı-ayrı şəxslərdən külli miqdarda pullar alınması, onlara faizlər verilməsi, xaricdən gətirilən malların dövlətə baha qiymətə satılması və digər işlər Elnar Əsgərovun nəzarətində olub.

Rahib Hüseynov isə Elnarın “qara mühasibat”lığına nəzarət edib. Pullar bir neçə dəfə Rahib Hüseynov vasitəsilə alınıb. Maraqlıdır ki, Elnar şəxsən özünün aldığı pulları geri qaytarıb, amma Rahib Hüseynov vasitəsilə ona çatdırılan pulları ödəməkdən imtina edir. Bildirir ki, həmin pullar Rahib Hüseynov tərəfindən ələ keçirilib. Qeyd edək ki, R.Hüseynov bir neçə nəfərdən iş görmək adı ilə külli miqdarda pul almaqda ittiham edilir. O, Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda törəldildikdə) maddəsi ilə ittiham olunur. Onun barəsində polisin nəzarətinə verilmə qətimkan tədbiri seçilib. R.Hüseynovun digər qardaşı Emil Hüseynov da dələduzluqda ittiham edilib və onun barəsində Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Zeynal Ağayevin sədrliyi ilə 9 il azadlıqdan məhrum edilmə cəzası çıxarılıb və məhkəmə zalında həbs edilib. A.Əsgərov 2015-ci ildə prezidentin fərmanı ilə tutduğu vəzifədən azad edildi. Başqa bir fərmanla o, nəqliyyat nazirinin müavini təyin edilib. Ziya Məmmədov postunu itirən zaman o da vəzifəsiz qalıb. Bu işdə də Arif Əsgərovun oğlu Elnar Əsgərovun da adı keçir. O, bir müddət ölkəni tərk etmişdi. Lakin sonradan Bakıya qayıdaraq məhkəmə prosesində şahid kimi ifadə vermişdi. O, bu işlərdə Hüseynov qardaşlarını ittiham edərək özünü məsuliyyətdən kənara qoymağa çalışmışdı. Bu dələduzluq işini izləyən müstəqil müşahidəçilərin qənaətinə görə Hüseynov qardaşları icraçılardır. Onlara iş gördürən isə Arif Əsgərov və oğlu Elnar Əsgərov olub. Belə bir halda Əsgərovların məsuliyyət məsələsinin araşdırılması zərurəti ortada ikən niyə onların sərbəst gəzib dolaşdıqları anlaşılmır. İş icraçıları həbsə gedirlərsə, sifarişçilər niyə kənarda qalmalıdır?
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ