yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

"Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, xoşluqla çıx” - Əsas fiqurant azadlığa buraxılır

17-10-2018, 23:37 449 dəfə baxılıb

Oktyabrın 19-da Ali Məhkəmənin "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynovu şərti azadlığa buraxacağı iddiası var Oktyabrın 19-da Ali Məhkəmədə sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun yaxın qohumu Beytulla Hüseynovun vaxtından əvvəl azadlığa buraxılmasına dair müraciətinə baxılacaq. Belə məlumatlar var ki, Beytulla Hüseynovun cəzası 4 ilə endiriləcək və şərti hesab olunmaqla azadlığa buraxılacaq.
Eldar Mahmudovun yaxın qohumu azadlığa çıxması üçün sabiq nazirin əlaqələrindən istifadə etdiyi bildirilir. "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinin sabiq rəhbəri olan Beytulla Hüseynovun azadlığa çıxmaq üçün böyük pullar xərclədiyi və bu məbləğin 1 milyon manatı aşdığı iddiası da var. Uzun illər "Bakı Telefon Rabitəsi” İstehsalat Birliyinə rəhbərlik etmiş B.Hüseynov həmin dövrdə "MTN çetesi”nin qanunsuz dinləmələri həyata keçirmələrini mümkün edən avadanlıqların müxtəlif rabitə-telekommunikasiya qovşaqlarında quraşdılmasına yardımçı olub, lazımi texniki dəstək verib. 2015-ci ilin oktyabrında MTN-də gerçəkləşdirilən "təmizləmə” əməliyyatından bir neçə gün sonra Beytulla Hüseynov da istintaqa cəlb edilib. Onun həbsinin əsas səbəbi kimi "MTN çetesi”nə ölkə rəhbərliyini qanunsuz dinləməkdə yardımçı olması göstərilirdi.
Barəsində Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə və ya israf etmə, külli miqdarda törədildikdə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə, bu məcəllənin 308.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməllər ağır nəticələrə səbəb olduqda və ya seçkinin (referendumun) nəticələrinə təsir məqsədilə törədildikdə), 313 (vəzifə saxtakarlığı, yəni vəzifəli şəxs tərəfindən rəsmi sənədlərə və ya informasiya resurslarına bilə-bilə yalan məlumatların daxil edilməsi, habelə göstərilən sənədlərdə və ya informasiya resurslarında onların həqiqi məzmununu təhrif edən düzəlişlərin edilməsi, bu əməllər tamah və ya sair şəxsi niyyətlərlə törədildikdə) maddələri ilə cinayət işi başlandı. 2017-ci ildə Bakı Ağır Cinayətlər Məhkəməsi Beytulla Hüseynov barəsində ittihamedici hökm çıxardı. 13 il azadlıqdan məhrum edilən Beytulla Hüseynovun dövlətə 21 milyon 379 min manat ziyan vurduğu da hökmdə əksini tapmışdı. Ötən ilin noyabrında Bakı Apelyasiya Məhkəməsi Beytulla Hüseynovun barəsində gözlənilməz qərar verdi - cəzasını ittihamlar üzrə minimum həddə qədər - 7 il 6 aya endirdilər.
Bu gözlənilməz qərarın ardından Beytulla Hüseynov Ali Məhkəməyə üz tutdu. Bu dəfə də cəzasının azaldılması ilə yanaşı əmlaklarının üzərinə qoyulmuş həbsin götürülməsi iddiası ilə çıxış etdi. Ali Məhkəmədədə möcüzə hesab oluna bilən qərar verildi - dövlətə külli miqdarda ziyan vurmuş Beytulla Hüseynovun 50-yə yaxın mülkünün üzərindən həbs götürüldü. Cəzasının azaldılması ilə bağlı hissədə isə ona qarşı addım atılmadı.
Həmin qərarın verilməsindən 10 ay keçib və gələn məlumatlar onu deməyə əsas verir ki, Beytulla Hüseynov azadlığın bir addımlığındadır. Bu dəfə Ali Məhkəməyə müraciətinin müsbət qarşılanacağı haqda Beytulla Hüseynov və ətrafındakılarda əminlik var. B.Hüseynovu azadlığa aparan yolun üzərindəki dəmir qapıların açılmasında Eldar Mahmudovun rol alması onda şərti cəzaya məhkum ediləcəyinə əminlik yaradıb. Odur ki, illər əvvəl, Eldar Mahmudovun nazirliyi dövründə əl qoyduğu, lakin 2015-ci ildə MTN-dəki təmizləmə əməliyyatından sonra başa çatdıra bilmədiyi işlərə də yenidən baş vurub. Belə aydın olur ki, Beytulla Hüseynov artıq mal-mülk davalarını da davam etdirməyə başlayıb.
Bakı sakini Ağaisa Mahmudovun sözlərinə görə, 2012-ci ildə ev alıb. Evi alandan 2 il sonra Beytulla Hüseynovun qaynı Bayram onunla görüşüb. Deyib ki, aldığı ev vaxtilə Beytulla Hüseynovun olub. Evi kimdən, hansı qiymətə alması ilə maraqlanıb. "Evin alqı-satqı sənədlərinə baxdı, dedi ki, sən vicdanlı alıcısan, üzr istəyib çıxıb getdi. Belə danışdı ki, guya evin neçə aldığımı dəqiqləşdirmək istəyirlər. Bu söhbətdən bir müddət sonra Beytulla Hüseynov mənə xəbər göndərdi ki, evdən çıxın. Tələblərinin qanunsuz olduğunu dedim. Pul verib ev almşam, niyə çıxmalıyam axı? Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, uşaqlara 100 min vermişəm, səni evdən çıxaracaqlar, xoşluqla çıx” - Ağaisa Mahmudov bildirir.
Onun sözlərinə görə, 2014-cü ildə evi girov qoymaqla 400 min manat bankdan pul götürüb və iş qurmağa başlayıb: "Günlərin birində məni tutub MTN-ə apardılar. Orada gördüm ki, mənə kredit verən 2 bank işçisini də tutub gətiriblər. Şərt qoydular ki, evi boşaltmasan, bank işçilərini də, səni də həbs edəcəyik. 2015-ci ilin yanvarında başlanan təzyiqlər həmin ilin avqustuna qədər davam etdi. Bankdan aldığım 400 min manata yaxın krediti Sübahir Qurbanovun rəhbərliyi altında Füzuli Əliyev və Natiq Alıyev banka ödətdirdilər. Həmin ilin sentyabrında Beytulla Hüseynov mənimlə ”Alov qülləsi"ndəki çayxanada görüşdü. Dedi ki, evi 2016-cı il yanvarın 10-na qədər boşalt çıx, özünü bizimlə pis eləmə. 3-4 aya bizim kim olacağımızı görəcəksən. 1 ay sonra, 2015-ci ilin oktyabrında Eldar Mahmudov MTN-dən qovulandan və generallar həbs ediləndən sonra Beytullanı da tutdular. Mənimlə evin alqı-satqısı olundu. Evi Beytulla Hüseynovun qaynı Tariyel Zamanovun adına keçirdilər. Dəyəri 100 minlərlə olan əmlakın alqı-satqı müqaviləsində 10 min manata satıldığını göstərdilər. 10 min manatı da özümüzdən aldılar. Oktyabrda MTN ləğv olundu, Beytullanın arxa-dayağı Eldar Mahmudov vəzifədən oldu. Məhkəməyə müraciət edib evin saxta alqı-satqı müqaviləsini ləğv etdirdim".

Ağaisa Mahmudovun sözlərinə görə, 2016-cı il yanvarın 10-da evi aldığı Tariyel Zamanov onun ünvanına gəlib: "Beytullanı söyüb təhqir edir, deyirdi ki, ev bizimdir, çıx evdən. Xətai məhkəməsinin saxta alqı-satqı müqaviləsini ləğv etməsi haqda qərarını göstərdim. Dedim ki, bu mülkü xaricdə qazandığım pulları verib almışam. 10 min manata alqı-satqı edib məndən necə ala bilərsiz axı? Oyun qurdular. Başladılar ki, guya Tariyel Zamanov 2012-ci ildə evi alqı-satqı edərkən həyat yoldaşı Nəzakət Zamanova razılıq verməyib”.
Ağaisa Mahmudov deyir ki, bu gün də Beytulla Hüseynov ona hədə-qorxu gəlməyə davam edir: "Təkidlə evimi əlimdən alacağını bildirir. Hətta Beytulla Hüseynov əminliklə Ali Məhkəmənin qərarı ilə azadlığa çıxacağını da söyləyir, bunun üçün lazımi olan ”işlər" etdiyini və azadlığa çıxmasına az qaldığını deyir. Azadlığa çıxdıqdan sonra isə mənim işlərimi tamamilə pozacağını, mənə işləməyə imkan verməyəcəyini açıq şəkildə söyləməklə hədə-qorxu gəlir.
Maraqlı məqam isə odur ki, dövlət əmlakını mənimsəməklə dövlətə xəyanət etmiş biri necə belə əminliklə azadlığa çıxacağını söyləyir? Belə görünür ki, Beytulla Hüseynov hələ baş tutmamış məhkəmə prosesində elan ediləcək qərarın nəticəsini indidən bilir. Buna görə də məhkum olsa da, cəzaçəkmə müəssisəsində cəza çəkməkdə davam etsə də, mənə açıq şəkildə hədə-qorxu gələ bilir. Beytulla Hüseynovun belə əmin danışmasından sonra mənə də aydın olur ki, Zamanovların adı ilə Nəsimi Rayon Məhkəməsində başlanmış və Apelyasiya Məhkəməsində davam etmiş mülki işin taleyinə Beytulla Hüseynov birbaşa təsir göstərib".
"Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, xoşluqla çıx” - Əsas fiqurant azadlığa buraxılır
"Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, xoşluqla çıx” - Əsas fiqurant azadlığa buraxılır
"Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, xoşluqla çıx” - Əsas fiqurant azadlığa buraxılır
"Xəbər göndərdi ki, Eldar Mahmudovun qohumuyam, xoşluqla çıx” - Əsas fiqurant azadlığa buraxılır


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

15-11-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ