SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Razim Məmmədovun qanunsuz əməllərinə "DUR" DEYƏN OLACAQ?

Razim Məmmədovun qanunsuz əməllərinə "DUR" DEYƏN OLACAQ?

Tarix:

12-10-2018, 14:33

/ 2 247 dəfə oxundu.
Razim Məmmədovun qanunsuz əməllərinə "DUR" DEYƏN OLACAQ?

Xətai rayon İcra Hakimiyyəti 250 min manat aldığı sahibkara 400 min ziyan vurub

İcra başçısı qohumu Xaliq Məmmədovun həbsindən sonra növbənin ona çatacağından ehtiyat edir

2006-cı ildən etibarən Xətai Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışan Razim Məmmədov yol verdiyi ciddi nöqsanlar səbəbindən vaxtaşırı həm adıçəkilən rayonun sakinlərinin, həm mətbuatın, həm də bir sıra qeyri-hökumət təşkilatlarının haqlı tənqidlərinə tuş gəlib. Çünki məhz onun yarıtmaz fəaliyyəti nəticəsində bu gün Xətai rayonu ərazisində plansız tikinti xaosu hökm sürür. Məsələnin qəribə tərəfi isə ondadır ki, sözügedən rayonun az qala hər küçə və dalanında, hətta məhəllə arası parklarda belə, qanunsuz tikililərin inşa olunmasına, eyni zamanda hər addımbaşında ağacların kəsilməsinə baxmayaraq, heç bir rəsmi qurum, müvafiq dövlət orqanı Razim Məmmədovun yol verdiyi nöqsanları araşdırmaqda, onun fəaliyyətinə hüquqi qiymət verməkdə maraqlı görünmür. Məhz bu, yəni "Nə edirəmsə edim, onsuz da cəzalandırılmayacağam" düşüncəsi Razim Məmmədovu özündən arxayın vəziyyətdə əməllərini daha genişləndirməyə həvəsləndirir. Əgər belə olmasaydı, o zaman Razim Məmmədovun 12 illik rəhbərliyi dövründə Xətai rayonunda yaşanan "yaşıl soyqırım"a nəhayət, son qoyulardı. Lakin bu, baş vermədi, əksinə ağac kəsimi prosesi ildən-ilə daha çox ərazini əhatə etməyə başladı.

Beləliklə, adıçəkilən rayonun sakinləri də təsdiqləyərlər ki, son zamanlar Xətainin əksər qəsəbə və küçələrində yaşıllıqların məhv edilməsi geniş vüsət alıb. İş o yerə çatıb ki, artıq qanunsuz tikililərə təkcə yol kənarlarında, parklarda deyil, hətta yaşayış binalarının həyətində də rast gəlmək mümkündür. Halbuki tikililər arasında ara məsafələr haqqında müvafiq qanunvericiliyə görə, bina və ya qurğunun ara məsafələri kimi müəyyən edilən torpaq sahəsi bütün hallarda nəqliyyat yolunun üstündə olmalı və ya çıxışa malik olmalıdır. Yəni iki bina arasında avtomobil yolu olmalıdır ki, yanğın hadisəsi baş verdikdə yanğınsöndürən maşın həmin əraziyə asanlıqla daxil ola bilsin. Xətai Rayon İcra Hakimiyyəti isə buna məhəl qoymadan kimə harda gəldi bina və ya ticarət obyetki tikməyə razılıq verir. Nəzərinizə çatdıraq ki, məhz bu səbəbdən də Xətai Rayon Prokurorluğu bir neçə il öncə Xətai Rayon İcra Hakimiyyətini və qanunsuz tikili aparan fiziki şəxsləri eyni iş üzrə məhkəməyə vermişdi. Həmin vaxt aparılan araşdırma zamanı bəlli olub ki, Xətai Rayon İcra Hakimiyyəti tərəfindən verilən sərəncamla çoxlu sayda ev yüksəkgərginlikli elektrik xəttlərinin qanunla müəyyən olunmuş məsafədən qısa yaxınlıqda tikilib. Məhz elə buna görə də Xətai Rayon Prokurorluğu haqlı olaraq Razim Məmmədovun həmin evlərlə bağlı verdiyi sərəncamın ləğv olunmasını tələb edib. Məhkəmə isə öz növbəsində, prokurorluğun iddiasını təmin edib.

Hələ bu, harasıdır. Görün iş nə yerə çatıb ki, Xətai Rayon İcra Hakimiyyəti "Bravo" supermarketinin qarşısında obyekt tikməyə icazə verdiyi şəxsin 400 min manat ziyana düşməsinə səbəb olub. Belə ki, həmin şəxs tikintiyə icazə verilməsi üçün ondan tələb olunan məbləği - 250 min manatı verdiyi halda, bir müddət sonra icra hakimiyyəti tərəfindən tikintinin qanunsuz olduğu bildirilib və 150 minə başa gələn 4 mərtəbəli bina sökülüb. Qeyd edək ki, həmin şəxs Xətai Rayon İcra Hakimiyyətindən aldığı icazəyə əsasən sözügedən ərazidə 5 mərtəbəli obyekt inşa etməli idi. Lakin 4-cü mərtəbə tamamlandıqda icra hakimiyyəti qəfil binanın sökülməsi haqda qeyr-rəsmi qərar qəbul edib. Bununla da sahibkara ümumilikdə 400 min manat maddi ziyan dəyib. Məsələnin maraqlı tərəfi ondadır ki, icra hakimiyyəti nə sahibkara dəydiyi ziyanı, yəni tikintiyə çəkilən xərci, nə də icra başçısının müavininə verilən pulu geri qaytarır.

Bu arada, onu da bildirək ki, Xətai rayon icra başçısının nöqsanlı fəaliyyəti, əhalinin narazılığına səbəb olan əməlləri bunlarla bitmir. Belə ki, Razim Məmmədov ölkə başçısının "2006-2010-cu illərdə Azərbaycan Respublikasında ekoloji vəziyyətin yaxşılaşdırılmasına dair kompleks tədbirlər planının" təsdiq edilməsi barədə fərmanının icrası çərçivəsində və Bakı Şəhər İcra Hakimiyyətinin "Qara şəhərin bərpası və inkişafı haqqında" sərəncamına əsasən həyata keçirilən Bakı Ağ şəhər layihəsi zamanı "Qara şəhər" sakinlərinə ödənilməli olan kompensasiyanı vermək istəmir. Deyilənlərə görə, sözügedən ərazinin sakinlərinin böyük əksəriyyəti ilə hələ də müqavilə bağlanmayıb. Ümumiyyətlə, əhali Xətai Rayon İcra Hakimiyyətinin onların evlərinə və torpaq sahələrinə təklif etdiyi qiymətlə razı deyil. Verilən məlumatlara görə, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyatı qurumlar Razim Məmmədova sökülən evlərin sakinlərini narazı salmamağı və hər kvadratmetrə görə 1500 manat verməyi tapşırıb. Ancaq buna baxmayaraq, icra başçısı "Burda mən, Bağdadda kor xəlifə" prinsipini əldə bayraq tutaraq öz bildiyini etməkdə davam edir.

Bir məqamı da vurğulamaq lazımdır ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bu ilin aprel ayında yaydığı rəsmi məlumatda Xətai Rayon İcra Hakimiyyətinin göstərişi ilə rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin əməkdaşları tərəfindən abadlıq işlərinin aparılması məqsədilə çəpərlərin texnika vasitəsilə söküldüyünün, eyni zamanda Xətai rayonu, Məhəmməd Hadi küçəsi 93 və 99 saylı binaların qarşısında bir neçə ağac və kolların zədələndiyinin, təbiətə ziyan dəydiyinin müəyyən edildiyi qeyd olunub. Odur ki, faktla bağlı iş icraçısı Xətai Rayon Mənzil Kommunal Təsərrüfat Birliyi barəsində qanunamüvafiq qaydada protokol tərtib edilib və Birlik hüquqi şəxs qismində cərimə olunub.

Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyindən söz düşmüşkən nəzərinizə çatdıraq ki, bugünlərdə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini, icra başçısı Razim Məmmədovun yaxın qohumu və "qara kassir"i kimi tanınan Xaliq Faiq oğlu Məmmədov rayondakı bir sıra qanunsuz tikililərə görə saxlanılıb. Belə ki, o, Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Baş Prokurorluğa təqdim olunmuş materiallar əsasında həbs edilib. Deyilənlərə görə, məhz bundan sonra icra başçısı ciddi təlaş keçirib və özünü mümkün təhlükələrdən sığortalamaq məqsədiylə himayəsinə arxalandığı şəxslərə müraciət etməli olub. Təbii ki, Razim Məmmədov əndişələnməkdə yetərincə haqlıdır. Çünki bugünlərdə ölkə başçısı Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qanunsuz tikililərlə bağlı sərt çıxış edib. Belə ki, Bakıda qanunsuz tikililərə son qoyulmasının vacibliyini vurğulayan dövlət başçısı qeyd edib ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Prezident bəyan edib ki, bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək: "Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni, bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq Sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək. Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik". Qeyd edək ki, ölkə başçısının məhz bu çıxışından sonra Xətai rayon Mənzil Kommunal Təsərrüfat Birliyinin rəis müavini Xaliq Məmmədov saxlanılıb. Ki, bu da onun yaxın qohumu Razim Məmmədovun vəziyyətini bir xeyli çətinləşdirib. Çünki ciddi və obyektiv araşdırılma aparılarsa, o zaman Xaliq Məmmədovun həbsinə səbəb olan qanunsuz tikililərlə bağlı məsələnin bir ucu icra başçısına qədər gedib çıxa bilər. Heç kimə sirr deyil ki, bu və digər rayonda Mənzil Kommunal Təsərrüfat Birliyinin nəinki rəis müavini, heç rəisi belə, icra başçısının "xeyir-dua"sı olmadan tikintiyə icazə verə bilməz. Yəni onun buna həm qanunla səlahiyyəti, həm də cürəti çatmaz. Məhz bunu yaxşı bilən Razim Məmmədov qohumu və "sağ əli" kimi tanınan Xaliq Məmmədovun Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları tərəfindən saxlanılmasından sonra növbənin ona çatacağından ehtiyat edir.

P.S. Nədənsə Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədov dara düşəndə, təhlükə hiss edən kimi "Mənlik bir şey yoxdur, Hər şey Xətainin ağsaqqalının razılığı ilə edilir", deyə özünü sığortalamağa çalışır. Odur ki, növbəti saylarımızda Razim Məmmədovun Xətainin ağsaqqalı dedikdə kimi nəzərdə tutduğuna və digər önəmli məqamlara aydınlıq gətirəcəyik.

"Hürriyyət"

Şərhlər

XƏBƏR LENTİ