SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar

Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar

Tarix:

11-10-2018, 10:26

/ 1 333 dəfə oxundu.
Məmur oliqarxiyasının sonu yaxınlaşır - prezidentdən mühüm və sərt ismarışlar

Prezident İlham Əliyevin 2018-ci ilin 9 ayının yekunlarına həsr olunmuş hökumət müşavirəsindəki çıxışı bir sıra mühüm nəticələr çıxarmağa imkan verir. Bu nəticələrdən ən əsası prezidentin nitqində müxtəlif sahələr üzrə sərt tənqidi notların üstünlük təşkil etməsidir. Dövlət başçısı hansı sahələri tənqid etdi:

Vergi-gömrük sistemində şəffaflıq məsələləri, ən əsası isə kölgə iqtisadiyyatı: “Vergi orqanlarında da ciddi struktur islahatları aparılır. Bu barədə nazir məlumat verdi. Mən qeyd etməliyəm ki, bizim əsas vəzifəmiz kölgə iqtisadiyyatının aradan qaldırılmasıdır. Düzdür, heç bir ölkədə buna 100 faiz nail olunmayıb, hər bir ölkədə kölgə iqtisadiyyatı var, amma bunun dərəcəsi var. Azərbaycanda kölgə iqtisadiyyatının kəskin şəkildə azalması üçün çox ciddi addımlar atılır. Vergidən yayınma halları əvvəlki illərdə kütləvi xarakter daşıyırdı. Bu, əlbəttə, imkan vermirdi ki, biz öz potensialımızı tam gücü ilə işə salaq. Bu gün bu hallara son qoyulur. Bütün dövlət orqanları vergi orqanlarına kömək göstərməlidirlər. Müvafiq göstərişlər verilir. Vergidən yayınmaya son qoyulmalıdır. Bu, həm iri, həm kiçik sahibkarlara aiddir. Sahibkarlar da bilməlidirlər ki, əgər onlar sahibkarlar kimi öz fəaliyyətini davam etdirmək istəyirlərsə, vergiləri tam ödəməlidirlər. Heç kimə heç bir güzəşt edilmir və edilməyəcək. Bilirəm ki, bəzi sahibkarlar bəzi dövlət məmurlarına arxalanırlar, o dövr artıq keçibdir. Heç kimə arxalanmasınlar. Əgər hansısa bir dövlət məmuru sahibkarlara xüsusi şərait yaratmaq üçün qanunsuz əməllər edəcəksə, çox ciddi şəkildə cəzalandırılacaq. Bütün müvafiq qurumlara göstəriş verildi, ilk növbədə, Vergilər Nazirliyinə. Bu nazirlik heç nəyə baxmadan, dövlət maraqlarını rəhbər tutaraq öz siyasətini aparmalıdır. Bütün dövlət qurumları, o cümlədən sahibkarlar bu sahədə öz dəstəyini verməlidirlər. Dəstək verməyən isə cəzalandırılacaq”.

Hər kəsə məlumdur ki, Azərbaycanda kölgə iqtisadiyyatının yüksək təşəkkül tapmasında məmur oliqarxiyasının rolu böyükdür. Məhz ayrı-ayrı məmurlara bağlı olan şirkətlər bir zaman idxalı demək olar ki, tam inhisara almışdılar: idxal olunan məhsulun böyük hissəsi qeydiyyatdan yayındırılırdı, qeydiyyata alınan da dəyərindən qat-qat aşağı qiymətə rəsmiləşdirilirdi. Prezidentin nəzarəti ilə 2016-cı ildən başlayaraq idxal sahəsindəki inhisarçılıq ən azı yarıbayarı azaldıldı. Nəticədə, idxal statistikası daha real rəqəmlərlə ifadə olunmağa, eyni zamanda gömrük gəlirləri artmağa başladı.

Bundan əlavə, daxildə istehsal, satış həcmləri qeydiyyatdan yayındırılır. Bu isə ölkədə vergitutma bazasının kiçilməsinə, büdcəyə çatacaq yüz milyonlarla manat vəsaitlərin ayrı-ayrı məmurların cibinə axmasına səbəb olur. Bəzi məlumatlara görə, Azərbaycanda elə böyük şirkətlər var ki, uzun illər boyu vergi orqanları onların qapısından içəri belə buraxılmayıb. Prezidentin çıxışından aydın görünür ki, ölkə rəhbərliyi bu barədə məlumatlandırılıb və bu kimi hallara qarşı kəskin mübarizə başladılıb, vergilər nazirinə bütün zəruri səlahiyyətlər verilib.

Son illərdə kölgə iqtisadiyyatının çiçəkləndiyi tikinti, ticarət-iaşə sahəsində qeydiyyatdan yayınmalara qarşı mübarizə tədbirləri də gücləndirilir. Xüsusilə yüksək səviyyəli məmurların himayəsində olan tikinti sektoru ciddi nəzarətə götürülüb, vaxtaşırı monitorinqlər aparılır, qeydiyyatsız işçi işlədənlər ciddi cəzalandırılır. Təsadüfi deyil ki, prezident çıxışında məhz bu məqama xüsusi diqqət yetirib: “Uçot sisteminin yaradılması prioritet məsələlərdən biridir. Mən əvvəlki illərdə də bu məsələni dəfələrlə qoymuşdum. Ancaq əfsuslar olsun ki, biz müəyyən səbəblərə görə uçot sisteminin yaradılmasına çata bilməmişik. İndi bu sistem yaradılır. Qeyri-rəsmi məşğulluğun aradan qaldırılması üçün də praktiki addımlar atılır. Hesab edirəm ki, biz doqquz ayda vergilərin bu səviyyədə toplanmasına, - nəzərə alsaq ki, əvvəlki illərdə bu sahədə çox böyük pozuntular olub, - vergi orqanlarının çox fəal və məqsədyönlü fəaliyyəti nəticəsində nail ola bilmişik”.

Dövlət başçısı kölgə iqtisadiyyatının leqallaşmasında ən əsas rolu oynayacaq iki sahəni xüsusi vurğulayıb: “Şəffaflıq vergi və gömrük orqanlarında tam təmin edilməlidir, struktur islahatları davam etdirilməlidir. Korrupsiyaya, rüşvətxorluğa qarşı ən ciddi mübarizə aparılır və aparılacaqdır. Bu kompleks tədbirlər biznes mühitinin yaxşılaşdırılmasına öz dəstəyini verəcək. Sağlam rəqabətin təmin edilməsi üçün indi şərait yaradılır. İnhisarçılığa qarşı mübarizə çox ciddi xarakter alıbdır. Bir daha demək istəyirəm ki, bütün aidiyyəti qurumlar, özəl və dövlət şirkətləri mənim sözlərimdən nəticə çıxarsınlar. Vergi və gömrük sistemləri Azərbaycanda şəffaflığın nümunəsi olmalıdır. Mən göstəriş vermişəm ki, bu sahədə Avropanın aparıcı dövlətlərinin təcrübəsi Azərbaycanda tam tətbiq edilməlidir. Bu istiqamətdə işlər gedir”.

Prezidentin çıxışında məmur oliqarxiyasının nəzarətində olan digər sahələr də tənqid olunub. Məsələn, ölkə rəhbəri şərabçılıq sahəsindəki maxinasiyaları sərt tənqid edib: “Azərbaycanda üzümçülüyün çox böyük ənənələri vardır. Biz bu ənənələri bərpa edirik və eyni zamanda bu gün dünyanın ən qabaqcıl texnologiyalarını cəlb edirik. Təsadüfi deyil ki, ixracımız artır. İndi Azərbaycan şərab evlərini açmağa başlayıb. Artıq bir neçə ölkədə şərab evləri fəaliyyətə başlayır. Bizim şərabımıza böyük maraq var. Biz şərabçılıqla bağlı olan bütün məsələləri çox ciddi təhlil etmişik. Bir çox boşluqlar var idi - həm istehsalatda, həm uçotda, həm də aksiz markalarının yapışdırılmasında. Sanki kimsə bu boşluqları qəsdən edirdi ki, orada qeyri-şəffaf vəziyyət yaradılsın. Mən buna başqa bir izahat verə bilmərəm. Çünki o qədər çətin olmayan, yəni, böyük intellektual potensial tələb etməyən məsələlər var və elə bil onlar qəsdən edilib qatmaqarışıq salınsın ki, burada həm vergilərdən yayınsınlar, həm də qanunsuz istehsalla məşğul olsunlar. Şərab əvəzinə araq istehsal olunurdu. Məsələ çox ciddi araşdırılır. Bu sahədə tam şəffaflıq təmin edilməlidir. Şərab zavodlarının fəaliyyəti üçün bütün şərait yaradılıb, təki onlar təmiz işləsinlər. Əgər yenə məhsulları gizlədəcəklərsə, uçota düşməyən məhsulu satacaqlarsa, onlar çox ciddi cəzalandırılacaqlar, onu bilsinlər. Burada tam şəffaflıq olmalıdır. Bu, çox gəlirli sahədir. Sadəcə olaraq, gərək sahibkarlar öz tamahlarını cilovlaya bilsinlər”.

İ.Əliyevin diqqət yetirdiyi və uzun illərdir hər kəsi narahat edən digər məsələ qanunsuz tikililərdir: “Bakı şəhərində və digər şəhərlərdə qanunsuz tikililərə son qoyulmalıdır və son qoyulur. Müvafiq sərəncam imzalanıb, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan bir dənə də bina tikilə bilməz. Bu məsələ ilə bağlı mən əvvəllər də fikirlərimi bildirmişəm. Bu gün deyə bilərəm ki, artıq bu məsələ öz həllini tapıb. Çünki əvvəlki dövrlərdə təqsiri bələdiyyələr rayon icra hakimiyyətlərinin, rayon icra hakimiyyətləri Bakı Şəhər İcra Hakimiyyətinin, Bakı Şəhər İcra Hakimiyyəti bələdiyyələrin, yəni bir-birinin üstünə atırdılar. Amma əslində hamısı əlbir idilər. Çünki qanunsuz tikililərdən böyük qazanc əldə edirdilər. Buna son qoyulub, artıq sərəncam imzalanıb. Yəni bu qaydanı pozan cinayət məsuliyyətinə cəlb ediləcək və qanunsuz tikilən binalar dərhal söküləcək.

Bakı dünyanın ən gözəl şəhərlərindən biridir və kiminsə tamahı naminə biz şəhərimizi eybəcər hala sala bilmərik. Şəhərsalma qaydaları var, mərtəbələrin yerə görə hündürlüyü var. Hava axınının müvafiq qaydaları var. Bizdə isə bu, pozulurdu. Elə bil ki, böyük bir sədd tikirdilər. Havanın keçməsi üçün heç bir imkan qalmırdı, həyətlərdə ağacları qırıb binalar tikirdilər. Yerli orqanlar buna həm göz yumurdular, həm də yəqin ki, əlbir idilər. İndi buna son qoyulub. Mən bunu bildirmək istəyirəm. Vətəndaşlara da mən müraciət etmək istəyirəm, ilk növbədə, təşəkkürümü bildirmək istəyirəm. Çünki bir çox hallarda vətəndaşların fəallığı nəticəsində o tamahkar adamlar istədiklərinə nail ola bilməmişlər. Çünki vətəndaşlar dururdular, keşik çəkirdilər, qoymurdular, xəbər verirdilər və onların fəallığını mən alqışlayıram. Dəfələrlə demişəm ki, ictimai nəzarət güclü olmalıdır, artıq biz bunu görürük. Ona görə bir daha vətəndaşlara müraciət edirəm. Əgər haradasa görsələr ki, qanunsuz nəsə tikilir, dərhal məlumat versinlər, ilk növbədə, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə, Bakı Şəhər İcra Hakimiyyətinə və Prezident Administrasiyasına. Bu sahədə də qayda-qanun yaradılır".

Göründüyü kimi, ölkə rəhbərliyi iqtisadiyyatın inkişafına, bu sahədə şəffaflığın yaradılmasına mane olan əsas səbəb - məmur oliqarxiyası barədə tam məlumatlıdır. Prezidentin son dövrlərdəki çıxışlarında ayrı-ayrı qrupların nəzarətində olan sahələrdəki vəziyyətin sərt tənqidi, ardınca əməli addımların atılması göstərir ki, illər boyu hakimiyyətdə və iqtisadiyyatda kök salmış məmur oliqarxiyasının sonu yaxınlaşır. Aprel ayında prezident seçkilərindən sonrakı təyinatlar da bilavasitə buna hesablanıb: strateji istiqamətlər yeni və məmur-oliqarxlara bağlı olmayan kadrlara həvalə olunub.

Əlbəttə, illər boyu iqtisadiyyatın əksər sahələrini nəzarətə götürən, hakimiyyətdə kök atan oliqarxiyanın birdən-birə tam aradan qaldırılması real və gözlənilən deyil. Lakin yürüdülən siyasət göstərir ki, tədricən də olsa bu istiqamətdə davamlı və ardıcıl iş aparılır. Əsas odur ki, ölkə rəhbərliyi bu məsələdə qətiyyətli siyasi iradə nümayiş etdirir.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ