SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Turizm şirkətindən naxələf addım

Turizm şirkətindən naxələf addım

Tarix:

1-10-2018, 13:09

/ 1 110 dəfə oxundu.
Turizm şirkətindən naxələf addım

Lumu Həsənova: “Düzdür, mən qanunun belə bir tələbini bilmirdim, bilsəydim o halda həmin müddətin başa çatmasını gözləyib sonra yola çıxardım”

Son illər ölkəmizin sosial-iqtisadi cəhətdən durmadan inkişaf etməsi səbəbindən, ölkəmizə gələn, yaxud da ölkəmizdən xaricə üz tutan turistlərin sayında artmalar müşahidə olunmaqdadır. Bunu əldə olunan statistik hesablamalar və digər rəsmi sənədlər də tam şəkildə təsdiq edir. Əslində turizm fəaliyyəti ilə məşğul olan şirkətlər üzərinə düşən öhdəlikləri tam şəkildə yerinə yetirməyə borcludurlar ki, onlara qarşı heç bir halda vətəndaş narazılığı baş qaldırmasın. Bu həm onların işgüzar fəaliyyətlərinin artmasına, həm də onlara qarşı etimad hissinin artmasına da səbəb olar. Qanunun belə bir tələbinin varlığına baxmayaraq, bu gün ölkəmizdə fəaliyyət göstərən və fəaliyyətini bir növ dələduzluq əməllərinə söykəməklə davam etdirən elə turizm şirkətləri var ki, onlardan birinin də “ÖZ NUHOĞLU” şirkətinin olduğu bildirilir. Adı çəkilən bu şirkətin Azərbaycanda xeyli müddət bundan əvvəldən başlayaraq fəaliyyət göstərdiyi söylənilir. Bu şirkətlə bağlı problemin mahiyyəti ondan ibarətdir ki, bir neçə gün bundan əvvəl Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, Yeni Yasamal-1, mən-395 ünvanda qeydiyyatda olan Həsənova Lumu Aydın qızı Azerinfo.az saytının redaksiyasına ərizə ilə müraciət edərək, məhz üz-üzə qaldığı problemin mahiyyətini ictimailəşdirməyi xahiş etmişdi. Şikayətçi xanım yazmış olduğu ərizəsində qeyd edir ki, “Mən Türkiyə Respublikasının İstanbul şəhərinə getmək üçün, Bakı Beynəlxalq və Şəhərlararası Avtovağzalın üçüncü mərtəbəsinin 303-cü otağında fəaliyyət göstərən “ÖZ NUHOĞLU” turizm şirkətinə müraciət etdim. Düzdür, ilk əvvəl adı çəkilən şirkətdə məni diqqətlə dinlədilər və İstanbula getmək üçün heç bir problemin olmayacağını da bildirdilər. Ümumi razılıq əldə etdik və 25 avqust 2018-ci il tarixdə həmin şirkətə məxsus “İkarus” markalı nəqliyyat vasitəsi ilə iki azyaşlı övladımla birlikdə Bakı şəhərindən çıxdıq. Elə ki, “Bakı-İstanbul” marşrut xətti üzrə hərəkət edən nəqliyyat vasitəsi 26 avqust 2018-ci il tarixdə Gürcüstan Respublikasının Batumi şəhərinin gömrük-buraxılış məntəqəsinə çatdı, o halda gömrük əməkdaşları mənə “Şəxsiyyət vəsiqənin müddətinin başa çatmasına 26 gün qalıb, ona görə də səni Türkiyə Respublikasının ərazisinə keçməyə buraxmayacağıq” dedilər. Düzdür, mən qanunun belə bir tələbini bilmirdim, bilsəydim o halda həmin müddətin başa çatmasını gözləyib sonra yola çıxardım. Şirkət əməkdaşları qanunun belə bir tələbini bilsələr də, onlar mənə nəsə deməmişdilər. Belə bir səbəb üzündən də, gömrük əməkdaşları məni və iki azyaşlı övladımı Batumi gömrük-buraxılış məntəqəsində saxladılar. Yarım saat ərzində nə qədər çəkçevir etsəm də, onlar israrından dönmədilər və bizi İstanbula gedən turistlərdən ayırıb buraxmadılar. Amma çox keçmədi ki, Azərbaycan Respublikasından Batumi gömrük-buraxılış məntəqəsinə gələn digər “İkarus” markalı nəqliyyat vasitəsinin sürücüsü kömək əlini uzadıb bizi sərhəddən keçirə bildi. Elə ki, həmin vaxt sərhəddin o tayında “ÖZ NUHOĞLU” turizm şirkətinə məxsus nəqliyyat vasitəsini axtardıq, o zaman bəlli oldu ki, sürücü bizi gözləmədən çıxıb gedib. Son anda məcbur olub əlavə xərc çəkdim və iki azyaşlı övladımla birlikdə başqa nəqliyyat vasitəsilə İstanbula gedib qayıda bildim. Bakıya çatdıqda isə, üz-üzə qaldığımız olmazın problemlərlə bağlı “ÖZ NUHOĞLU” turizm şirkətinə gedib rəhbərliyə iradlarımı bildirsəm də, xərclədiyim vəsaitlərin geri qaytarılmasını geri tələb etsəm də, hələ də rəhbərlikdə duran şəxslər mənə qarşı biganəlik nümayiş etdirməkdədirlər. Bu da artıq əndazənin aşılması deməkdir”.

Lumu Həsənovanın redaksiyamıza ünvanladığı ərizəsini əsas tutaraq, məhz “ÖZ NUHOĞLU” turizm şirkətinin rəhbərliyi ilə əlaqə saxlayıb problemlərin varlığına münasibət bildirmələrini xahiş etsək də, təəssüflər olsun ki, qarşı tərəf dolaşıq fikirlərdən başqa nəsə deyə bilmədi. Bu da onu söyləməyə əsas verir ki, bir çox şirkətlər kimi adı çəkilən bu şirkət də, yeri gəldikdə öz çirkin əməllərini ört-basdır etməyə çalışırlar.

Mövzu diqqətimizdədir. Araşdırmalarımız davam edəcək.

Azerinfo.az

Şərhlər

XƏBƏR LENTİ