SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Etibar Pirverdiyev və Baba Rzayev istefaya göndərilməlidir?

Etibar Pirverdiyev və Baba Rzayev istefaya göndərilməlidir?

Tarix:

25-07-2018, 17:38

/ 2 315 dəfə oxundu.
Etibar Pirverdiyev və Baba Rzayev istefaya göndərilməlidir?

"Azərenerji” ASC-nin və "Azərişıq” ASC-nin rəhbərliyinin vəzifələrinin öhdəsindən gələ bilmir

İyulun 3-də, gecə saatlarında qəfildən bütün ölkə ərazisində elektrik enerjisi kəsildi və müharibə vəziyyətində olan bir ölkə qaranlığa qərq oldu. "Azərenerji”nin rəhbərliyi bunu ilk əvvəl həmin gün havaların isti keçməsi səbəbindən elektrik enerjisindən çox istifadə edilməsi nəticəsində baş verən yüklənmə ilə izah etmək istədi. Ancaq prezident İlham Əliyev bu versiyanı rədd etdikdən. "Azərenerji”nin rəhbərliyi yeni versiya irəli sürüb, bu qəzanın Mingəçevir şəhərində yerləşən "Azərbaycan” İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində cərəyan transformatorunda qəza baş verməsi, havaların isti keçməsi nəticəsində texnogen hadisə kimi qiymətləndirdi. "Azərenerji” rəhbərliyinin bu dəlili də öz-özlüyündə əsassız deyildi.

Çünki rəsmi məlumatlara görə iyulun 1-dən başlayaraq ölkə ərazində çox isti havalar müşahidə olunurdu. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Milli Proqnozlar Bürosunun məlumatında deyilirdi ki, iyulun 1-də Bakıda və Abşeron yarımadasında bütün instrumental müşahidə dövrü ərzində (120 il) rekord temperatur göstəricisi qeydə alınmışdır. "Azərenerji” rəhbərliyinin rəsmi dövlət qurumunun bu məlumatına istinad edərək baş verən qəzanı havaların kəskin istiləşməsi ilə izah etməyə çalışmışdır. Çox böyük ehtimalla qəza ilə bağlı aparılan araşdırmalar ola bilsin hadisəni məhz bu səbəblə izah edəcək. "Azərenerji” ASC-nin rəhbərliyi baş verən qəzanı Quba rayonu ərazisində 3,3 bal gücündə zəlzələ baş verməsi ilə izah da edə bilər. Çünki, Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumtda zəlzələ ocağı 3 kilometr dərinlikdə olub.
Başqa bir məlumata görə Mingəçevir SES-də baş vermiş partlayış Sumqayıt İstilik Elektrik Stansiyasının açıq paylayacı qurğusunda baş verən yanğınla da izah edilə bilər. Guya, Sumqayıt Elektrik İstilik Stansiyasının açıq paylayacı qurğusunda baş verən yanğın sonradan sistemin gücə düşməsi nəticəsində Mingəçevir İES-də də ötürücülərin alovlanmasına səbəb olub. Yanğın sonradan bloka keçib və nəticədə bütün ölkə ərazisində işıqların sönməsinə səbəb olub.
Prezident İlham Əliyevin "Azərbaycan” İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarının birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının yaradılması haqqında sərəncam imzalamasından 20 gündən artıq vaxt keçsə də, komissiyanın fəaliyyətindən hələki, dəqiq xəbər yoxdur. Qeyd edək ki, "Azərbaycan” İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar Dövlət Komissiyasının tərkibinə Baş nazirinin birinci müavini, energetika naziri, daxili işlər naziri, fövqəladə hallar naziri, Baş prokuror, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, "Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti, "Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri, Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı və Milli Elmlər Akademiyası Fizika İnstitutunun direktoru daxil edilmişdilər. Komissiyanın qarşısına hadisənin baş verməsi səbəblərini araşdırılması, qəzanın nəticələrinin aradan qaldırılması üçün təxirəsalınmaz tədbirlər müəyyənləşdirilməsi və həyata keçirilməsi, görülmüş işlər haqqında Azərbaycan Respublikasının Prezidentinə mütəmadi məlumat verilməsi kimi vəifələr qoyulmuşdur. Komissiyanın fəaliyyəti ilə bağlı ictimaiyyətə heç bir məlumat verilmədiyindən Prezident sərəncamından ötən müddət ərzində qəza ilə bağlı nələrin üzə çıxarıldığı və hansı tədbirlərin görüldüyü barədə ictimayyət təəssüf ki, məlumatsızdır.
İyulun-3də baş verən qəzanın səbəbləri ilə bağlı dəqiq məlumatlar üzə çıxarılmadığı bir vaxtda Bakının bəzi ərazilərində elektrik enerjisinin verilişində yenə də fasilələr yaranır. "Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayevin mətbuta açıqladıgı məlumata görə, hadisə "Azərişıq” ASC-dən asılı olmayan səbəbdən baş verir: "Nəticədə Bakının 5 rayonunun - Xətai, Nizami, Sabunçu, Xəzər və Suraxanı rayonlarının bir hissəsində elektrik enerjisinin verilişi dayanıb”.
T.Mustafayev qeyd edib ki, artıq Nizami və Xətai rayonları ərazisinə elektrik enerjisinin verilişi "Azərişıq"ın daxili şəbəkələri hesabına bərpa olunub: "Əməkdaşlarımız digər rayonlara da elektrik enerjisinin verilişini bərpa edir. Yaxın saatlarda həmin rayon ərazilərində də elektrik enerjisi bərpa olunacaq”. "Azərenerji” ASC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Yəhya Babanlı baş verən qəzanı "8-ci Mikrorayon” adlandırılan xəttində açılma baş verməsi ilə izah etmişdi. Bütün bunlar onu göstərir ki, "Azərenerji” və "Azərişıq” ASC-lərinin rəhbərliyi vəzifələrinin öhdəsindən gələ bilmirlər. Buna görə də Etibar Pirverdiyev və Baba Rzayev istefaya göndərilməlidir.
Çünki, bu qurumların rəhbərləri vəzifələrinin öhdəsindən gəlsəydi, ölkədə belə ciddi və təhlükəli problemlər yaranmazdı. Halbuki, bu sahəyə son illər həm "Azərenerji” ASC-nin və həm də "Azərişıq” ASC-nin xətti ilə çox böyük məbləğlərdə büdcə pulları və beynəlxalq maliyyə institutlarından alınan kreditlər yönəldilib. Həmin sərmayənin necə istifadə edilməsi ilə bağlı "Yeni Sözçü” qəzetinin Araşdırma qrupu geniş araşdırmalar aparır.
Prezident İlham Əliyevin "Azərbaycan” İstilik Elektrik Stansiyası MMC-nin yarımstansiyalarından birində baş vermiş qəza ilə əlaqədar sərəncam imzalamasından xeyli müddət keçməsinə baxmayaraq, bu gün də müsbətə doğru vəziyyətin dəyişdiyi hiss olunmur. Bunun isə çox özəl səbəbləri olduğu barədə maraqlı iddialar var.
"Yeni Sözçü” qəzetinin
Araşdırma qrupu

Şərhlər

XƏBƏR LENTİ