SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Azərbaycanı dini motivlərlə çalxalamaq istəyirlər? - SOS!

Azərbaycanı dini motivlərlə çalxalamaq istəyirlər? - SOS!

Tarix:

6-07-2018, 10:05

/ 1 156 dəfə oxundu.
Azərbaycanı dini motivlərlə çalxalamaq istəyirlər? - SOS!

İyulun 3-də saat 20.30 radələrində Gəncə Şəhər İcra Hakimiyyətinin inzibati binasının qarşısında icra başçısı Elmar Vəliyev və onun mühafizəçisi Qasım Aşbazova sui-qəsd edilməsi ölkə gündəminin əsas müzakirə mövzularından biridir.

Qeyd edək ki, cinayəti törədən - 1983-cü ildə Gəncə şəhərində anadan olan Yunis Səfərov dərhal həmin ərazidə xidmət aparan polis əməkdaşları tərəfindən tutularaq tərk-silah edilib. Fakt üzrə Azərbaycan Respublikasının Baş Prokurorluğunda Cinayət Məcəlləsinin 29-cu, 120.2.3-cü, 120.2.7-ci (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən adam öldürməyə cəhd) və 228-ci (qanunsuz olaraq odlu silah əldə etmə) maddələri ilə cinayət işi başlanılıb. Prokurorluğun, Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin təcrübəli əməkdaşlarından ibarət istintaq-əməliyyat qrupu yaradılıb. Faktla bağlı görülən tədbirlər Azərbaycan Prezidentinin şəxsi nəzarətindədir.

Ötən gün Yutube kanalında Gəncədə icra başçısına qarşı sui -qəsd törədən Yunis Səfərovun xanımı olduğu iddia edilən bir qadının səs yazısı yayılıb. Musavat.com xəbər verir ki, orada guya Yunisin “xanımı” sui-qəsd əməlinin motivini izah edir.

Xanım iddia edir ki, baş verən hadisə şəxsi qisas zəminində deyil, Yunisin icra başçısı Elmar Vəliyev tərəfindən guya təhqir edildiyi iddia olunan bacısı 9 ildir Gəncəyə, ümumiyyətlə, Azərbaycana gəlmir. Qadın səsi iddia edir ki, məsələdə dini amil əsasdır: “Yunis İmam Hüseyn əleyhisəlamın qisasını aldı. Çünki Elmar dəfələrlə müsəlmanları, İmam Hüseyni təhqir edib. Aşura günü şərab festivalı keçirib”, deyə, qadın iddia edib. O deyib ki, Elmar Vəliyev Gəncə sakinlərini, hər kəsi söyüşlərlə təhqir edirdi: “Yunisin Elmar Vəliyevi vurmaq səbəbi budur. Onun Elmarla heç bir şəxsi ədavəti yox idi. Allah ona bütün nemətləri vermişdi. Həm evi var idi, maşını var idi, özü “yurist”lik oxumuşdu. Dünya nemətlərindən bir insanın payına düşəcək hər şeyi var idi. Lakin onun içindəki qeyrəti qoymadı evində rahat otursun. Deyirdi, necə mən evimdə rahat oturum ki, Hacı Taleh 3 körpə uşağından ayrıdı, ona uzun həbs veriblər, necə rahat oturum ki, qardaşlar zindandadı... Elmar Vəliyev dəfələrlə İmam Hüseyn yazılan plakatları cırıb... Qoy hamı bilsin ki, Yunis öz şəxsi məqsədlərinə görə bu işi görməyib, İmam Hüseynin qisasını alıb, Gəncə camaatının hayıfını alıb. Çox qürurluyam, Allaha şükürlər olsun...”

Musavat.com məsələ ilə bağlı şərhini yazıya əlavə edib. Görünən budur ki, kimlərsə bu sui-qəsdə mütləq siyasi və dini rəng verməyə çalışırlar. Bəlkə də bu qadın gerçəkdən onun xanımıdır. Lakin onu kimlərsə məqsədli şəkildə yönəldir. Nə qədər pis birisi olsa da, bir dövlət məmuruna sui-qəsdi azərbaycanlıların müqəddəs kimi baxdığı, and yeri olan İmam Hüseyn əleyhissalamın adı ilə bağlamaq böyük qəbahət və təxribatdır. Üstəlik, burada hazırda həbsdə olan Hacı Talehin də adı çəkilir və təhrikedici qüvvə kimi ona qarşı şübhələr yaradılır.

Mətndən də görünür ki, kimlərsə bu hadisəni guya Azərbaycandakı şiə icmalarının maraqları ilə uzlaşdırmağa çalışırlar. Bu olduqca təhlükəli tendensiyadır. Hesab edirik ki, Azərbaycandakı şiə icmaları bu təxribata qarşı öz səslərini qaldıracaq, İslam müqəddəslərinin adının bu cür terror hadisələrində çəkilməsinə yol verməyəcəklər.

“Yeni Müsavat” Media Qrupu bildirir ki, Gəncənin icra hakimiyyətinin başçısı Elmar Vəliyevlə media qrupumuzun münasibətləri hər zaman gərgin olub. Bu qaba, özünü ən pis keyfiyyətləri ilə göstərən, yerli sakinlərə zülm edən, məmurları və çevrəsindəki hər kəsi təhqir edən məmur dəfələrlə bizə və jurnalistlərimizə də pisliklər edib. Qəzetin rəhbərliyinə qarşı telefon terrorları təşkil edib - öyrədilmiş adamlar Elmar Vəliyevdən tənqid yazdığımıza görə, davamlı zəng edərək, bizləri təhqir ediblər. Lakin bütün bunlara baxmayaraq, hətta belə birinə qarşı silahlı sui-qəsdi də pisləyir, üstəlik bu sui-qəsdə İslamın, İmam Hüseyn əleyhissalamın adının qarışdırılmasını təxribat hesab edirik.

Təhlükəlisi budur ki, baş vermiş hadisəyə dini çalar verməklə bəzi qüvvələr Azərbaycanı dini motivdə çalxalamaq, məzhəb davasını ortaya atıb qarışıqlıq salmaq istəyir. Ölkəmizdə dini tolerantlıq hər zaman nümunə olaraq göstərilib, həmçinin sabitliyin hökm sürməsi əsas sərvətlərimizdən biri olaraq xüsusi vurğulanıb. Odur ki, baş vermiş hansısa kriminal hadisəyə dini rəng vermək istəyən qüvvələrin ölkədə gərginlik yaratmaq cəhdləri narahatlıq doğurur. Gəncənin icra başçısına qarşı sui-qəsd olayında məzhəb faktorunun rol oynadığını iddia etmək heç şübhəsiz ölkəmizin qarışdırmaq istəyən qüvvələrin ortaya atdığı məqsədlərinə xidmət edir.

“Yeni Müsavat”ın yazarı, dini ekspert Kənan Rövşənoğlu bildirdi ki, Elmar Vəliyevə qarşı törədilmiş qəsd hadisəsini dini motivə bağlamaq olmaz: “Hətta bu adam dindar olubsa belə, etdiyi əməl fərdidir, qrup cinayəti deyil. Biz heç bir halda bu hadisəni dini zəmində qisas hadisəsi kimi servis edilməsinə imkan verməməliyik. Çünki bu provokasiya olar. Elmar Vəliyev qəddar, dini, milli dəyərlərə hörmət etməyən, xalqa xor baxan, onu saymayan bir məmur olub. Yerli gəncəlilər və ölkə əhalisi ondan narazı idi. Bunu sosial şəbəkədəki rəylər də göstərir. Yəni bu hadisəni dindar olmayan biri də edə bilərdi. Digər tərəfdən, o qadının həqiqətən Yunis Səfərovun həyat yoldaşı olması, bu açıqlamanı da onun özünün öz istəyi ilə yayması məlum deyil. Bütün bunlar araşdırmalı məsələlərdir”. K.Rövşənoğlu qeyd etdi ki, bir dindarın da icra başçısına, özü də E.Vəliyev kimi başçıya qəzəbli olması mümkündür: “Amma cinayət hadisəsinin indi törədilməsi özü şübhəyə səbəb olur. Çünki qadının müraciətində dediyi şərab festivalı 5 il əvvəl baş verib. Yaxud da digər hadisələr müxtəlif vaxtlarda olub. Üstəlik, bir hadisə dini motivli olduqda adətən bunun üçün bir çağırış olur. Məsələn, hansısa din xadimi və ya ruhani çağırış edə bilər, fətva verər. Amma konkret Azərbaycanda hansısa məmur haqda belə bir qisas çağırışı olmayıb. Bu da hadisəyə dini motiv yükləməyə əsas vermir”.

Ekspertimiz qeyd etdi ki, bu hadisəni dindar törətsə belə, motiv dini deyil, qisas və ya hansısa cinayət hadisəsidir: “Ancaq bu hadisənin kimlərsə tərəfindən dini motivli, hazırlanmış akt olması görüntüsü verilməsi cəhdi var və əslində dini cameəni də daha çox narahat edən bu faktordur. Mən dünəndən şərhlərə baxıram, əksər insanlar bundan narahatdır. Baxmayaraq ki. kimsə konkret cinayət hadisəsinə toxunmur. Amma bu hadisənin dinlə bağlanması Azərbaycan üçün, onun dindar insanları üçün təhlükəli bir provokasiyadır”.

YAP-ın icra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov isə “Yeni Müsavat”a açıqlamasında səslənən iddiaları təkzib etdi: “Birincisi, Taleh Bağırzadənin ora nə aidiyyəti var?

Taleh Bağırzadə Gəncədən deyil. Onun törətdiyi cinayətlər Nardaranda baş verib və burada da həbs olunub. Belə olan təqdirdə onun Gəncəyə nə aidiyyəti var? İkinci bir tərəfdən, Gəncədə İmamzadənin bərpasını Heydər Əliyev Fondunun, hörmətli Mehriban xanım Əliyevanın, cənab prezidentin təşəbbüsü ilə bərpa olundu. Özü də heç yerdə olmayan şəkildə bərpa olunub. Əgər İmam Hüseynə münasibət pis idisə, heç bu məsələ qaldırılmazdı və ən yüksək səviyyədə bərpa olunub vətəndaşlarımızın ixtiyarına verilməzdi. Hər Aşura günlərində ora yüz minlərlə insanlar ziyarətə gəlir, mərasimdə iştirak edirlər. Onların hamısı üçün şərait yaradılır və təhlükəsizlikləri təmin olunur. Digər tərəfdən də Gəncədə bütün məscidlər, mədrəsələr bərpa olunub, xalqın sərəncamına verilib”.

YAP-çı komitə sədri qeyd etdi ki, ümumiyyətlə, E.Vəliyevin rəhbərliyi ilə Gəncədə şəhərin adına layiq işlər görülüb: “Bu gün Gəncənin hansı guşəsinə baxsan, orda görülən işlərin şahidi olmaq olar. Təbii ki, bunu gözü götürməyənlər var. Yoxsa burada hər hansı bir dini, yaxud məzhəb məsələsi ilə əlaqələndirmək olmaz, qəti şəkildə bu, düzgün deyil. Təkcə İmamzadənin bərpası səslənən iddialara cavabdır. Bəlkə də yaxın ölkələrdə belə bir kompleks mövcud deyil. İmam Rza məqbərəsindən sonra ən öndə gedən məqbərələrdən birinə çevrilib. İmama münasibət budur. Onu da qeyd edim ki, hər bir şəxs kimi Elmar Vəliyev də Allaha inanır. Bir var qatı şəkildə dindar olasan, dini ritualları yerinə yetirəsən, bir də var hər bir şəxsin qəlbində haqq, ədalət, Allah sevgisi var. Azərbaycan dünyəvi dövlətdir, dini dövlət deyil. Bunlar həmişə mömin, dindar ailə olub. Qatı mövhumatçı yox, dindar ailə olublar. Ona qarşı deyilən məsələlərin hamısı yalandır, böhtandır, təxribatdır. Kimsə internet vasitəsilə belə bir iddia ilə çıxış edib. Bunlar hamısı təxribatın nəticəsidir”.

S.Novruzov səslənən iddianı təxribat hesab etdiyini vurğuladı: “Bu, hansısa qüvvələrin, yaxud ölkənin təxribat qrupunun ortaya atdığı iddiadır. O baxımdan da bu, Azərbaycandakı tolerantlığa qarşı qoyulan məsələ, atılan addımdır. Şübhə yoxdur ki, bu kimi cəhdlərlə Azərbaycanı qarışdırmaq istəyirlər. Hazırda istintaq işi gedir və bütün məsələlər üzə çıxarılacaq”.

S.Novruzov E.Vəliyevə qarşı sui-qəsddə dini amilin birmənalı olaraq kənara qoyulmasını zəruri saydı: “Burada dini amildən söhbət gedə bilməz. Bunu ortaya atanlar da Azərbaycanda məzhəb qarşıdurmasını salmaq istəyən insanlardır. Bu, çox təhlükəli məsələdir. Ona görə də bütün dindarlar, aidiyyəti strukturlar bu məsələyə münasibətini bildirməlidir. Bu günə qədər Azərbaycanda dini məzhəbə görə kiməsə qarşı hər hansı sui-qəsd, terror, yaxud təxribat olmayıb. Bu günə qədər Azərbaycanda müəyyən qüvvələr qeyri-qanuni hansısa dini cərəyanlarda fəaliyyət göstəriblər, onlar da qanun qarşısında cavab veriblər. Hesab edirəm ki, Azərbaycanda bütün dinlərin fəaliyyət göstərməsi üçün hər cür şərait var. Cənab prezident də bu yaxınlarda kifayət qədər vəsait ayırdı. Azərbaycanda dini universitet açıldı. Özü də tək İslam dini ilə bağlı deyil, həm də digər dinlərlə bağlı olan şəxslər orda təhsil alacaqlar. O cümlədən bütün məscidlər, mədrəsələr bərpa olunub. Şamaxıda ən qədim məscid bərpa olunub. Yəni Azərbaycanda dini məsələ ilə bağlı problem yoxdur. Bunu süni şəkildə ölkəmizə yeritmək istəyənlər çox səhv yoldadırlar. Çünki Azərbaycan xalqı kifayət qədər savadlı, təhsilli xalqdır və hər şeyi yaxşı başa düşür, görür”.

Şərhlər

XƏBƏR LENTİ