SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Etibar Pirverdiyev HƏBS OLUNACAQMI? - Proses ona doğru gedir...

Etibar Pirverdiyev HƏBS OLUNACAQMI? - Proses ona doğru gedir...

Tarix:

5-07-2018, 14:59

/ 1 832 dəfə oxundu.
Etibar Pirverdiyev HƏBS OLUNACAQMI? - Proses ona doğru gedir...

Prezident İlham Əliyev ötən gün ölkənin enerji sektorunda baş verən problemlə bağlı keçirdiyi müşavirədə “Azərenerji” rəhbərliyinə qarşı ciddi iradlar səsləndirib.

Prezident bütün ölkənin işıqsız qalmasına görə, “Azərenerji” prezidenti Etibar Pirverdiyevin utanmalı olduğunu nəzərə çatdırıb.

İ. Əliyev eyni zamanda problem nəticəsində ölkə iqtisadiyyatına dəymiş zərərdən, insanların metroda, liftlərdə qalaraq əziyyət çəkməsindən də danışıb və bu işə məsul olan şəxslərin cəzalandırılmalı olduğunu dəfələrlə bildirib.

Müşavirədə ölkə başçısına məlumat verən Baş prokuror Zakir Qaralov isə qeyd edib ki, bir elektrostansiyada baş verən qəzanın bütün ölkənin enerji sisteminə təsir etməsinin səbəbi “Azərenerji” tərəfindən rele mühafizə xidməti tam icra olunmaması ilə bağlıdır: “Həmin stansiyada generatorların gövdəsindəki hidrogen qazın soyudulması üçün suyun hərarəti 12 dərəcə olmalı olduğu halda, layihə uyğun yerinə yetirilmədiyi üçün 28,5 dərəcə olub”.

Ölkənin fövqəladə hallar naziri Kəmaləddin Heydərov daha ciddi məqamlara toxunaraq hadisə günü gördüyü şəxsi müşahidələrini ölkə başçısına çatdıraraq qeyd edib ki, cərəyan açarı olan hissədə onun içərisindəki yağ dağılmış və qabağında olan kanallarda kabelləri yandırıb: “Biz əvvəllər də “Azərenerji”yə göndərdiyimiz məktublarda qeyd etmişdik ki, bu kanalların üstü möhkəm bağlanmalı və açıq olmamalıdır, hər hansı bir qəza baş verərsə, o yağlar oraya tökülməsin. Təəssüf olsun ki, təxminən bütün 63 açarın qabağındakı kanalların hamısının üstü möhkəmləndirilməyib”.

Eyni zamanda K. Heydərov vurğulayıb ki, bu stansiya fiziki və mənəvi cəhətdən köhnədır: "Vəsait ayırıb onu təmir etməzdən əvvəl, əgər imkan varsa tapşırığınıza əsasən bu sahədə beynəlxalq təcrübəsi olan qurum onu əvvəlcə audit etməlidir ki, hansı vəziyyətdədir. Ondan sonra digər şirkətlər onun necə qurulmasını və ümumiyyətlə, ölkə üzrə bu sistemin bir-birinə maneçilik törətmədən, əksinə, bir–birinə dəstək verərək işləməsi məsələsini ortaya qoymalıdır ki, nəinki hər hansı bir yarımstansiyada, hər hansı istilik elektrik və digər elektrik stansiyalarında qəza baş verdikdə ölkədə problem yaşanmasın”.

Müşavirədə səslənən sözügedən faktlardan da görünür ki, “Azərenerji” uzun illərdir ki, məsul olduğu sahənin inkişafına nail ola bilməyib. Baxmayaraq ki, bu qurum ən çox maliyyə yardımı alan təşkilatdır. Amma dövlətə 2 milyarddan çox borcu var.

Zaman-zaman da ölkə mətbuatında ekspertlər tərəfindən “Azərenerji” də yol verilən korrupsiya halları haqqında çoxsaylı məlumatlar yayılıb.

Hətta 2015- ci ildə “Bayraq Meydanı” ətrafında baş verən hadisələrdə onun tikilməsində məsul olan Etibar Pirverdiyevin prosesdə yol verdiyi korrupsiya faktları da araşdırılmışdı. “Bayraq Meydanı” İdarəsinin sabiq rəhbəri, "Azİmport" şirkətinin sahibi Rəşad Məmmədov istintaqa verdiyi ifadədə E. Pirverdiyevi günahlandırmışdı. Hadisədə on milyonlarla dollarlıq yeyinti faktından söhbət gedirdi. Hətta Pirverdiyev də BMCMİ-də bu məsələlər ətrafında ifadə də vermişdi və onun həbs ediləcəyi gözlənilirdi.

Enerji sektorunda baş verən bu ciddi problem onu göstərir ki, ölkədə dayanıqlı enerji sistemi yoxdur. Baxmayaraq ki son illərdə 20-25 elektrik stansiyasının tikildiyi bildirilirdi, realda vəziyyət elə olub ki bu stansiyalar alternativ, ehtiyat sistemlər üzərində oturdulmayıb. Buna məsuliyyət daşıyan şəxs isə 17 ildir ölkənin enerji sahəsinə rəhbərlik edən Etibar Pirverdiyevdir.

Enerji məsələləri üzrə ekspert İlham Şaban da “Qafqazinfo”ya bildirib ki, hazırda 1000 manata görə adi vətəndaşı həbs edirlər: “Ölkəyə 100 milyonlarla ziyan dəyib. Adicə, Neftayarıma Zavodunda bir qurğunu dayanması nə qədər ziyan deməkdir. Gündəlik 4 min ton neft haslatı, 1 milyon kubmetr qaz hasilatı var. Onları sonradan bərpa etmək lazımdır ki, hasilat həmin səviyyəyə gəlib çatsın. Sahibkarların dondurma sexi, ət sexləri bundan ziyan çəkib. Bu məsələlərə görə əlbəttə ki, məsuliyyət daşıyan olmalıdır. Sadəcə, bir küçə xuliqanlığına görə insan cəzasını alır, ancaq dövləti cinayətkarlığa görə bir insan ancaq töhmət alacaqsa, bu tamamilə sonradan daha ağır cinayətlərə yol açacaq”.

Onun sözlərinə görə, fövqəladə hallar naziri Kəmaləddin Heydərov müşavirədə “Azərenerji” ilə bağlı problemləri dilə gətirərkən bir şeyi unudur ki, Fövqəladə Hallar Nazirliyi ölkə ərazisində bütün texniki vasitələrə baxış keçirir və onların istismarına icazə verən bir orqandır: “Onlar kifayət qədər büdcədən pul alırlar və canlı qüvvələri var. Bütün ölkəyə nəzarət edirlər və məsələləri əvvəldən bilirlər. Mingəçevir İES 8 bloklu elektrik stansiyası idi. Mənim bildiyimə görə, 2 blok ümumiyyətlə işləmirdi. Prezident çıxışında qeyd etdi ki, Azərbaycanda enerjinin gücü 6400 meqavatdır. Baş nazirin müavini Yaqub Eyyubov isə dedi ki, hazırda 2900 meqavat elektrik enerjisi istehsal edirik. 3100 meqavat bizim istehlakımızdır. Yerdə qalanı isə ixrac edirik.

“Azərenerji”nin saytında mövcud 36 elektrik stansiyasının gücünü toplayanda bu rəqəm 4100 meqavat edir. Görün, ölkənin enerji sektoru nə qədər bərbad vəziyyətdədir ki, hərə fərqli rəqəm deyir.

Üstəgəl, bizim istehlakımız maksimum 3500 meqavatı keçmirsə, onda 20 elektrik stansiyasının tikilməsi ilə bağlı “Azərenerji”yə bu ilin büdcəsindən niyə pul ayrılıb?

Bunun özü də paradoksdur. Bizdə problem idarəetmə ilə bağlıdır. Adi Şirvandakı elektrik stansiyanın tikilməsinə 1 milyard pul xərclənib. 5 ay ərzində 52,9 milyon dollarlıq elektrik enerjisi ixrac etmişik.

Bəs onda dövlətin pulunu niyə dağıdırlar? Beynəlxalq qurumlar da zaman-zaman enerji sektoru ilə bağlı iradlarını bildiriblər. Amma bunlara əməl olunmayıb. Bizim enerji sektorumuz tozsoran olub. Audit ona görə lazımdır ki, millət görsün ki, “Azərenerji” nin təsərrüfatı nə gündədir. Nə qədər pul xərclənib stansiyalar tikilsə də reallıqda bütün güc Mingəçevir İstilik Elektrik Stansiyasının üzərinə düşüb”.

Şərhlər

XƏBƏR LENTİ