SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Rusiya və Gürcüstana təşəkkür edirəm” - Azərbaycan prezidenti

“Rusiya və Gürcüstana təşəkkür edirəm” - Azərbaycan prezidenti

Tarix:

5-07-2018, 11:00

/ 1 157 dəfə oxundu.
“Rusiya və Gürcüstana təşəkkür edirəm” - Azərbaycan prezidenti

“Enerji sistemindəki qəza ilə əlaqədar yaradılan komissiyanın növbəti iclaslarında bütün bu məsələlər geniş müzakirə olunmalıdır. Bir daha demək istəyirəm ki, qəzanın səbəbləri araşdırılmalıdır. İndi ilkin məlumat var, amma gərək daha geniş məlumat əldə edilsin”.

Bunu bu gün prezident İlham Əliyevin yanında ölkənin enerji sistemindəki vəziyyətlə əlaqədar müşavirədə dövlət başçısı deyib. Prezident İlham Əliyev bildirib ki, qəzanın səbəbləri vacib olsa da bundan daha önəmli məsələ qəza nəticəsində ümumi sistemin sıradan çıxmasıdır: “Bu, çox ciddi bir faktdır və əlavə tədbirlər görülməlidir ki, gələcəkdə əgər hər hansı bir qəza baş verərsə, ümumi sistemə bunun təsiri olmasın.Yəni, qəza lokal xarakter daşısın. Bu, hesab edirəm ki, komissiyanın işində əsas istiqamət olmalıdır. Tədbirlər planı hazırlanmalıdır. Tədbirlər planına bu gün bu müşavirədə səsləndirilən fikirlər də salınmalıdır, o cümlədən beynəlxalq auditin cəlb edilməsi məsələsi. Hesab edirəm ki, bu, çox vacibdir. Həm Mingəçevirdəki İstilik Elektrik Stansiyasının tam təftişi və auditi aparılmalıdır. Eyni zamanda, ölkəmizin bütün enerji sisteminin beynəlxalq, aparıcı, bu sahədə peşəkarlıqla seçilən qurumlar tərəfindən təhlili aparılmalıdır və təkliflər verilməlidir. Bu işlərdə günahı olan bütün insanlar müəyyən edilməlidir və onlar cəzalandırılmalıdır”.

Dövlət başçısı enerji sistemində fasilə zamanı Azərbaycana kömək edən Rusiya və Gürcüstan tərəfinə təşəkkür edib: “Onlar belə bir vəziyyətdə bizə kömək göstərdilər. Bildiyiniz kimi, Azərbaycan bu ölkələrlə sıx əlaqələr saxlayır, bizim dostluq əlaqələrimiz var və hər hansı bir qəza baş verdikdə biz də kömək göstəririk, onlar da kömək göstərirlər. Bu, hesab edirəm ki, çox önəmli amildir və bir daha öz təşəkkürümü bildirmək istəyirəm”.

Prezident İlham Əliyev əlavə edib ki, strateji obyektlərdə, ilk növbədə xəstəxanalarda və metroda generatorların quraşdırılması məsələsinə də baxmaq lazımdır.

“İndi səhiyyə naziri məruzə edir ki, bütün xəstəxanalarda generatorlar işləyib. Məndə olan məlumata görə bu, həqiqətə uyğun deyil. Bəzi xəstəxanalarda generatorlar işləməyib, ya olmayıb, ya qoşulmayıb, ya da ki, işlək vəziyyətdə olmayıb. Ona görə, siz gərək ciddi təftiş aparasınız, bütün ölkə üzrə xəstəxanalarda generatorların mövcudluğu və onların işlək vəziyyətdə olması haqqında həm komissiyaya, həm də mənə məruzə etməlisiniz. O ki qaldı metropolitenə, ümumiyyətlə, bildiyimə görə, metropolitendə generatorlar mövcud deyil. Hesab edirəm ki, bu da çox acınacaqlı faktdır. Tezliklə təkliflər verin ki, metronun bütün stansiyalarında generatorlar olsun və enerji ilə hər hansı bir problem yarandıqda insanlar əziyyət çəkməsinlər.

Hesab edirəm ki, komissiya öz işini tezliklə yekunlaşdıracaq və təkliflər hazırlayıb mənə təqdim edəcək”, - deyə Prezident İlham Əliyev vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ