SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Eldar Mahmudova qarşı “Hacı Məmmədov taktikası”

Eldar Mahmudova qarşı “Hacı Məmmədov taktikası”

Tarix:

4-07-2018, 11:06

/ 1 260 dəfə oxundu.
Eldar Mahmudova qarşı “Hacı Məmmədov taktikası”

Vaxtilə qanqsteri MTN-də qanunsuz olaraq saxlayan general bəzi məmurları təhdid etməkdən çəkinmirdi, indi isə ən yaxın adamı...
Sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudov DİN-in sabiq baş əməliyyat müvəkkili, mərhum Hacı Məmmədovun durumuna düşüb. 13 il əvvəl, 2005-ci ilin martında Hacı Məmmədov həbs ediləndən sonra MTN-in İstintaq Təcridxanasına salınmışdı. 2006-2007-ci illər ərzində Hacı Məmmədov və digərlərinin işi üzrə keçirilən məhkəmə prosesində o, yarımçıq ifadələr verməklə, digər təqsirləndirilən şəxslərin barəsində bir-birinə zidd ifadələr səsləndirməklə yaddaşlarda qalıb.

Sonradan məlum oldu ki, Hacı Məmmədov məhkəmədə yalan ifadələr verməyə məcbur edilib. Konkret olaraq Zakir Nəsirovla bağlı hissədə doğru olmayanları dilə gətirib, bununla da generalın şərlənməsi, ömürlük həbsə alınması təmin olunub.

Eldar Mahmudov vəzifədən çıxarılandan az sonra Hacı Məmmədovun bacısı demişdi ki, qardaşını belə ifadələr verməyə məcbur ediblər. Barəsində məhkəmənin ömürlük azadlıqdan məhrumetmə cəzası çıxarılandan sonra onu MTN-də saxlamaqla daim nəzarətdə olması təmin olunub. Qanuna görə, ömürlük məhkumlar heç bir halda Qobustan həbsxanasından kənar saxlanıla bilməzdi. Qanun 11 il Eldar Mahmudovun şəxsi maraqlarına dirənib qalmışdı. Hacı Məmmədovu yalan ifadə verməyə məcbur edən Eldar Mahmudov onu faktiki olaraq şəxsi girovu kimi MTN-də saxlamışdı.

Eldar Mahmudov vəzifədə olduğu müddətcə ağlının ucundan belə keçirmədiyi bir situasiya ilə hazırda üz-üzədir. Köməkçisi, əmisi oğlu Vüqar Mahmudov Hacı Məmmədovun durumuna düşüb. Bir neçə gün əvvəl Bakı Hərbi Məhkəməsi Eldar Mahmudovun əmisi oğlu Vüqar Mahmudovun barəsində olan həbs-qətimkan tədbirinin vaxtını növbəti dəfə uzadıb. Baş tutan prosesdə istintaq orqanının təqdimatı üzrə qərar elan edilib. Qərara əsasən, Vüqar Mahmudovun barəsində seçilmiş həbs-qətimkan tədbiri daha 3 ay müddətinə uzadılıb.

Ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyi Antiterror Mərkəzinin şöbə rəisinin müavini vəzifəsində işləmiş və faktiki olaraq nazirin köməkçisi funksiyasını həyata keçirmiş Vüqar Mahmudova Cinayət Məcəlləsinin 179.3.1-ci (mütəşəkkil dəstə tərəfindən mənimsəmə və ya israf etmə), 179.3.2-ci (külli miqdarda mənimsəmə və israf etmə) və digər maddələri ilə ittiham elan olunub. Vüqar Mahmudovu ötən ilin noyabrında həbs edilib.

Eldar Mahmudovu və Vüqar Mahmudovu ayrı-ayrılıqda Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsinə bir neçə dəfə çağırdılar. Məlum oldu ki, hər ikisini "MTN işi”ndən ayrılan cinayət işi üzrə dindiriblər. Bu dindirmələr polkovnik-leytenant Vüqar Mahmudovun həbsi ilə sonunclanmışdı. Vüqar Mahmudov Eldar Mahmudovun əmisi oğlu olmaqla bərabər onun köməkçisi olaraq sahibkarlardan aylıq toplanan xəracın bank hesablarına yerləşdirilməsi ilə məşğul olan biri kimi ad çıxarıb.

Vüqar Mahmudovun gözlənilmədən həbsi, bunun ardınca isə sabiq nazirin işdən çıxarılandan sonra ilk dəfə olaraq istintaqa çağırılması belə əminlik yaratmışdı ki, tezliklə Eldar Mahmudov da həbsdə çarpışan komandasının yanına göndəriləcək. Alınmadı. 2017-ci ilin noyabrından ötən müddət ərzində bu əminlik öləziyib. Hələ də sabiq nazirin həbs olunacağı haqda iddialar var. Bu da səbəbsiz deyil. Çünki xeyli danılmaz faktlar ortalıqdadır.

Maraqlı bir məqam da o idi ki, Vüqar Mahmudovun da həbsinə qədər adı bir çox məhkəmə işlərində keçirdi. O, məhkəmələrə dəvət ediləndə özünü arxayın aparır, təkzibolunmaz faktlara baxmayaraq, yaxasını istintaqçıların əllərindən kənar saxlaya bilirdi. Belə görünürdü ki, onun arxayınlığı əmisi oğlunun əlaqələrinə köklənib. Bununla belə, həbs edilməməsi də ciddi suallar doğururdu. Bildirilirdi ki, Eldar Mahmudovu "qoruyan əllər” möhkəm olduğundan onun ən yaxın adamını da həbs etmək mümkün olmur. Lakin bir müddət keçdi, Vüqar Mahmudovun da yaxası istintaqçıların əlinə keçdi.

MTN-in az qala bütün rəhbərliyi, general heyəti həbs olunduğu halda Eldar Mahmudovun istintaqdan kənar qalması bu gün də çox ciddi suallar doğurur. Üstəlik, 2017-ci ilin iyununda MTN-in sabiq şöbə rəisi polkovnik Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi başa çatanda hakim Eldar Mahmudov və nazirliyin baş istintaq idarəsinin rəisi olmuş Mövlam Şıxəliyev barəsində cinayət işinin başlanması üçün zərərçəkmişlərin şikayəti əsasında prokurorluğa təqdimat göndərmişdi. Həmin qərardadın ili də çıxıb, bir mollası əskikdir...

Ötən ilin noyabrında Baş Prokurorluq təsdiq etmişdi ki, Eldar Mahmudovun istintaq idarəsinə çağırılması Vüqar Mahmudovun cinayət işi ilə bağlıdır. Hələ o dövrdə də bəlli idi ki, Eldar Mahmudovun istintaqa çağırılması, əmisi oğlunun həbsi bir müstəntiqin və ya bir idarənin qərar verəcəyi iş deyil. 11 il ölkənin ən strateji postlarından hesab olunan MTN-də rəhbər olub və onunla bağlı hətta işdən çıxarıldıqdan sonra da hər hansı bir qərar yenə hakimiyyətin ən üst düzəyindən verilib. Vüqar Mahmudovun həbsi ilə Eldar Mahmudovla bağlı proses dayandırıldı. Vüqar Mahmudov 7-ci aydır ki, həbsdədir. Ötən müddət ərzində onun barəsindəki həbs-qətimkan tədbirinin müddəti 2 dəfə artırılıb. Mümkündür ki, Vüqar Mahmudov barəsində qətimkan tədbiri maksimum müddətə - 1 il 6 aya qədər artırılacaq və sonradan məhkəmə qarşısına çıxarıla bilər.

Vüqar Mahmudovun həbsi ərəfəsində belə xəbərlər yayılmışdı ki, Eldar Mahmudov qudası, hazırda həbsdə olan Beynəlxalq Bankın sabiq rəhbəri Cahangir Hacıyevlə birgə ölkədən külli miqdarda vəsait çıxarıb və istintaqa çağırılandan sonra həmin pulları qaytarmağa söz verib. Cahangir Hacıyevin özü də "Beynəlxalq Bank işi” başlayandan bir neçə ay sonra azadlıqda qalıb. Həmin günlərdə də bunun səbəbi dövlət bankından oğurladıqları pulları qaytarmaq vədi ilə izah olunurdu. Amma pulun yalnız cüzi bir miqdarı qaytarıldı. Cahangir Hacıyevin də taleyi məlumdur. Onu 15 il müddətinə azadlıqdan məhrum ediblər. Eyni ssenarinin Eldar Mahmudova da münasibətdə təkrarlanacağı haqda fikirlər səslənsə də, ötən 3 il ərzində baş tutmur. Belə ehtimallar var ki, nazir vəzifəsində çalışdığı dövrdə əlində cəmlənən kompromat materialları hazırda 1 işarə ilə hərəkətə keçirmək iqtidarındadır. Əmisi oğlunu həbs etməklə onu daim nəzarətdə, gərginlikdə saxlayır, əl-qolu bağlanmış duruma gətiriblər.

Eldar Mahmudovun əlində ola biləcək kompromat "bomba”larının hansı gücdə olmasını, nələri dəyişə biləcəyini göz önünə gətirməkdə elə də çətinlik çəkmirlər. Görünən də odur ki, sabiq nazirin qurduğu kompromat "qalası”na onun özünün Hacı Məmmədova qarşı taktikası ilə "cavab” verirlər.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ