SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Orta əsrin Azərbaycanı: xalq “it günündə” yaşayır, nazir oğlu poyraz iti bəsləyir

Orta əsrin Azərbaycanı: xalq “it günündə” yaşayır, nazir oğlu poyraz iti bəsləyir

Tarix:

12-06-2018, 09:58

/ 1 778 dəfə oxundu.
Orta əsrin Azərbaycanı: xalq “it günündə” yaşayır, nazir oğlu poyraz iti bəsləyir

Azərbaycan orta əsrləri xatırladır. Krallar və zadəganlar xalqdan oğurladıqlarını başqa canlılara, ekzotikaya xərcləyirlər; kimisi 1 milyon qiyməti olan ayını kəsdirib yeyir, kimisi timsah, bəbir saxlayır, kimisi həyətində maşın kolleksiyası yığır, kimisi də 10 hektarlıq ərazidə özünə çoban iti alaraq onu bəsləyir...
Ötən gün xəbəri yayılan sonuncu məsələyə - maliyyə nazirinin oğlunun Anadolu bölgəsində çoban iti alıb saxlamasına diqqət çəkmişik.
Nazir Samir Şərifovun övladının “Anadolu aslanı” kimi tanınan Kanqal (poyraz) it cinsini alıb saxlaması mətbuatın fantaziyası deyil. Bunu it fermasının sahibi Birol Başyiğit təsdiqləyib.
İri cüssələri, qoruma instinktləri və insana yaxınlığı ilə dünyada məşhurların diqqətini çəkən bu it Anadolunun Edremit qəsəbəsində 10 hektar xüsusi hasarlanmış ərazidə bəslənir.
Hazırda dünyanın 32 ölkəsinə bu itlər ixrac edilir. Poyrazın balalarına dünyada NBA ulduzları, kik boks çempionları, bürokratlar, siyasətçilər, maraq göstərir.
Və onların arasında Azərbaycan manatının qətlində və Beynəlxalq Bankın çöküşündə, Cahangir Hacıyevin maliyyə cinayətlərində iştirakı olan maliyyə nazirinin oğlu da var.
Nazir balasının poyraza nə qədər pul xərclədiyini söyləmək çətindir. Lakin onun bəslənməsi, qidalanması, çobanın zəhmət haqqısını hesablayanda S.Şərifovun övladının hansı harın həyatı yaşadığını təsəvvür etmək asandır.
Nazir atasının maliyyə əməliyyatlarından, valyuta oyunlarından, Beynəlxalq Bank maxinasiyalarından çırpışdırdığı pullar Türkiyədə bir it fermasına səpələnir.
Bu, hələ məmur uşaqlarının əməllərinin bilinən tərəfidir. Nə vaxtsa hansısa nazir oğlunun Avstraliyada kenquru ferması açdığını, Afrikada timsahları bəslədiyini eşitsək təəccüblənmərik.
Bütün bunlar isə Azərbaycan sərvətlərinin talan olunması, xalqın yoxsulluq və bank kreditləri içində boğulduğu vaxtda baş verir. Bu, israfçılıq deyil, talandır, qarətdir.
Ölkənin maliyyə nazirinin övladı poyraz iti bəsləyir, xalq isə “it günündə” yaşamağa məhkum olunub.
Biz “Kurtlar vadisi” serialından Poyraz, başqa bir filmdən Poyraz Karayel eşitmişdik, amma Samir Şərifovun oğlunun poyrazını indi bilirik...
O isə ölkənin maliyyə-bank sisteminin kəllə-mayallaq olduğu dövrdə xalqın pulları ilə it saxlayır. Hakimiyyətdəki məmurların içində xalqı bundan böyük təhqir edən olmayıb.
Hətta ölən deputat Astan Şahverdiyevin millətə “otxod” deməsi, Hadı Rəcəblinin müəllimlərə “daş daşıyın” söyləməsi nazir oğlunun it saxlaması yanında “toya getməlidir”.
Vaxtilə keçmiş nəqliyyat “bos”u Ziya Məmmədovun oğlu Anar Məmmədovun da milyonluq ayını kəsdirib ətindən kabab çəkdirməsi haqda çox danışmışdılar.
Dillərdə əzbər olan ayı kababı skandalı da S.Şərifovun poyraz qayğısı ilə müqayisə oluna bilməz.
Ölkənin milli valyutası çöküb, neft 4 dəfə ucuzlaşıb, 13-14 bankın fəaliyyətinə xitam verilib, bahalaşma gedib, böhran son üç il ərzində xalqı yoxsullaşdırıb, işsizlik artıb, intiharlar çoxalıb, kasıblıqdan xaricə köç kütləviləşib, maliyyə nazirinin oğlu isə it böyüdür.
Bir neçə il əvvəl almanlar Azərbaycanda film çəkmişdilər, adı beləydi - Absurdistan...Həqiqət imiş!!!
Çünki oğlu itə ət yedirən S.Şərifovun 2015-dən bəri milli valyutanın komadan çıxması, dirçəlməsi, iqtisadi canlanma yaranması və bankların böhranlı şəraitdən xilas olması üçün hökumət qarşısında nə təklifləri, nə real proqramı, nə ciddi açıqlaması olub.
Hətta xalqın səsi (?) ilə formalaşan Milli Məclisdə qanun layihəsinin iclasını yarımçıq tərk edir, deputatların suallarını cavablandırmır, bu işi müavininə həvalə edir.
Təbii ki, xalqına və onun parlamentinə belə hörmətsizlik göstərən nazirin oğlu da xalqa münasibətini elə it fermasında poyraz saxlamaqla nümayiş etdirir.
Əslində, maliyyə naziri MTN və Beynəlxalq Bank olaylarında işdən çıxarıla bilərdi. S.Şərifov o zaman mətbuata minnətçi düşmüşdü.
Nazir dayaqlarını möhkəmləndirdikdən sonra nə media sayır, nə parlament...Bu arxayınlığın davamıdır ki, iclası yarımçıq tərk edir.
Ona görə də regionlarda maliyyə şöbələrinin rəisləri dəyişdirilməyib, maxinasiyalar davam edir, S.Şərifov maliyyə rəisləri barəsində mediadakı faktları araşdırmır.
Misal üçün, Maliyyə Nazirliyi Aparatının Sosial sahələrin maliyyəsi şöbəsinin müdiri Xaqani Rzayevi Samir Şərifovun “vuran əli” deyə təqdim edirlər.
Bildirilir ki, büdcə vəsaitlərinin xərclənməsi ilə bağlı keçirilən tenderlərdə məhz X.Rzayevin “yetirmələri” olan bir neçə daimi qaliblər var.
Sual oluna bilər ki, tenderlərdə büdcə pulları hara xərclənir? Ritorik sualdır. Məlum məsələdir - Anadoludakı it fermasında nazir oğlunun bəslədiyi poyrazın xərclərinə...

Anaxeber.Az

Şərhlər

XƏBƏR LENTİ