SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Sosial Müdafiə Fondundakı mübhəm hadisə Səlim Müslümovu “yandıra” bilər

Sosial Müdafiə Fondundakı mübhəm hadisə Səlim Müslümovu “yandıra” bilər

Tarix:

7-06-2018, 09:30

/ 1 756 dəfə oxundu.
Sosial Müdafiə Fondundakı mübhəm hadisə Səlim Müslümovu “yandıra” bilər

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Aparatının binasında günlər öncə baş vermiş yanğın eks nazir Səlim Müslümovu özündən çıxarıb. Sabiq nazir keçmiş iş yerindəki yanğınla əlaqəsinin olmadığını sübut etmək üçün bütün gücünü səfərbər edib. Bu yolda özünə şəriklər axtarır, maliyyəçiləri şahid göstərir, eyni zamanda ölkə rəhbərliyini də şantaj etməklə məşğuldur. Korrupsiya iddiaları ilə bağlı qatmaqarışıq cümlələr qurub əvvəlinə də, sonuna da “məni bu vəzifəyə prezident təyin edib” deməklə hamıya “xox” gəlməyə başlayıb.

Səlim Müslümovdan soruşan gərək ki, məgər prezident hər hansı bir məmuru vəzifəyə təyin edəndə ona korrupsiyaya bulaşmaq izni də verir? Bu günə qədər kimə deyilib ki, filan vəzifəyə təyin olunursan, get çap tala?!

Bir də ki, yüksək vəzifədən qazamata gedən məmurlar az olub?

Səlim Müslümovun adını keçmiş iş yerindəki yanğından dolayı gündəmə gətirən də məhz korrupsiya iddialarıdır. Həmin yanğın hadisəsi isə günün günorta çağı, Dövlət Sosial Müdafiə Fondu Aparatının yerləşdiyi inzibati binanın 7-ci mərtəbəsində baş verib. Yanan isə sənədlərdir. Həmin sənədlərdə hansı məlumatların yer aldığı isə bu günə qədər açıqlanmayıb. Mümkündür ki, sənədləri yandırmaqla korrupsiya izlərinin ört-basdır olunmasına cəhd edilib. Səlim Müslümovun adı DSMF-də baş verən yanğına qədər böyük maxinasiyalarda hallanırdı. Onun DSMF və ardından ƏƏSMN-nə rəhbərlik etdiyi 16 il ərzində 2 milyard 500 milyon manatı “buxarlandırdığı” iddiası vardı.

Yanğın hadisəsi ilə bağlı ƏƏSMN-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Fazil Talıbov modern.az saytına danışıb: “1 iyun 2018-ci il tarixində nahar fasiləsi vaxtı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında Dövlət Sosial Müdafiə Fondu (DSMF) Aparatının yerləşdiyi inzibati binanın 7-ci mərtəbəsində ümumi sahəsi 13 kv.m olan iş otağında yanğın baş verib” - bildirən Fazil Talıbovun sözlərinə görə, yanğın zamanı inzibati binada olan bütün işçilər təxliyə olunub.

“Hadisə yerinə çağırılmış Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə briqadası tərəfindən yanğın qısa vaxt ərzində söndürülüb, onun digər otaqlara yayılmasının qarşısı alınıb. Hadisə zamanı iş otağında olan iş masası və kreslo, iş masasının üstündə olan sənədlərin (məktub və yazışmalar) bir hissəsi yanıb”.

Şöbə müdiri yanmış sənədlərin elektron variantının nazirliyin Mərkəzləşdirilmiş İnformasiya Sistemində (MİS) mövcud olduğunu vurğulayıb və bildirib ki, onlar bərpa ediləcək: “Hazırda yanğının başvermə səbəbləri aidiyyəti qurumlar tərəfindən araşdırılır”.

Sayt yazıb ki, mətbuatda DSMF-də baş verən yanğının sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun göstərişilə bəzi sənədlərin məhv edilməsi məqsədilə qəsdən törədildiyinə dair məlumatlar yer alıb.

FHN-dən isə yanğının qəsdən törədildiyi və ya digər səbəbdən baş verdiyi haqda hələlik hər hansı bir açıqlama verilməyib.

Bilinən odur ki, ofis otağı və oradakı sənədlər yanıb. Yanğının səbəbi isə ortada yoxdur. Sənədlərin özbaşına alışması yalnız sirkdə və fokusniklərin iti baxışları altında mümkündür. DSMF Aparatındakı ofis otağı Bakı sirki deyil. Yanğın meydana gəlibsə, ortada bir səbəb olmalıdır. FHN-in yanğınlarla bağlı açıqlamalarına diqqət etsək, görərik ki, hər dəfə ilkin səbəb göstərilir. DSMF Aparatındakı yanğında isə FHN rəsmiləri belə bir səbəb göstərməkdən çəkiniblər. Deməli, ortada şübhəli məqamlar var. Yanğında şübhəli məqamların olması ictimaiyyətin də diqqətindən qaçmayıb. Ona görə də DSMF-dəki yanğının korrupsiyadan qaynaqlandığı haqda iddialar da ortadadır. Səlim Müslümov da ötənlərdə müraciət etdiyi düsturlarla, prezidentin adını hallandırmaqla yaxasını kənara çəkməyə çalışır. Hər ötən gün onun adı ilə bağlı olan korrupsiya ittihamları da artır. Məsələn, sosial şəbəkələrdə Səlim Müslümova yönəlik belə bir sual dolaşır -2017-ci ilin iyul ayından sonra pensiyaya çıxan əlillərin pensiyalaları 300 manatdan yuxarıdır. Səlim Müslümov, bu niyə belədir? Niyə varlı-karlı adamlar böyük məbləğlərdə pensiyalar alır, kasıblara isə minimum pensiya kəsilir? Elə həmin sosial şəbəkələrdə səbəb də göstərilir.

Səbəb isə sadədir -qanunda edilən dəyişikliyə əsasən, əlillər eyni zamanda işləyərək pensiyasını tam məbləğdə ala bilər. Əlilliyə görə pensiyanın hesablanmasında Səlim Müslümov tərəfindən kəşf edilmiş hesablama düsturu isə yüksək əmək haqqı alan şəxsə hətta gənc yaşında belə yüksək pensiya almağa imkan yaradır. Ona görə də 2017-ci ilin iyul ayından yüksək maaşlı işlərdə işləyən şəxslər kütləvi surətdə, külli-miqdarda rüşvət verərək saxta əlillik dərəcəsi alıblar. Hətta 3 gün ərzində, ilkin müayinə zamanı saxta əlillik dərəcəsi alanlar da olub. Nəticədə ayrılmış kvota qısa müddətdə dolub. Əsl əmək qabiliyyətsizlər kənarda qalıb, büdcə isə ağır maliyyə yükü ilə yüklənib.

Səlim Müslümovun düsturundan yararlanmaq üçün əmək haqqı 2-3 min manat olan minlərlə şəxs özünə 1-ci dərəcəli əlil statusu alıb. Həmin adamlar işlərində qalıb əvvəlki kimi əmək haqlarını və Səlim Müslümovun düsturuna əsasən, dövlətdən əlilliyə görə əmək haqları bərabərində pensiya alırlar. Belə vurma-çıxma varlıları varlandırıb, kasıbları isə yaşlaşandan sonra cüzi pensiya alıb minimal qida, dərman ehtiyaclarını ödəmək kimi qayğılarla baş-başa qoyur. Üstəlik, kasıbın “ceyran belinə” çıxarılan pensiya yaşına çatmaq kimi ciddi bir problemi də var və bu, Səlim Müslümovun düsturundan irəli gəlir. Halbuki 1 varlıya verilən 2-3 min manatlıq pensiya ilə 10-20 kasıbı böyük maddi sıxıntı bataqlığından çıxarmaq olardı.

Yazmışdıq, bir də “mən hər zaman şərəflə, namusla işləmişəm” deyən Səlim Müslümovun yadına salaq. Nazir olduğunuz dövrdə Gədəbəyin sabiq icra başçısı Ramiz Yediyarovun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rəsmiləri ilə əlbir olması və atəşkəsdən 24 il sonra 900 rayon sakininə Qarabağ veteranı statusu verdirməsi xəbəri var. Bu şəxslərin əksəriyyəti isə Qarabağda müharibə getdiyi illərdə Azərbaycanda olmayıblar, o dövrdə Rusiya bazarlarında alver ediblər.

Və həmin adamlara Səlim Müslümov nazir olduğu dövrdə onun əlialtıları Qarabağ veteranı statusunu pulla satıb iddiası var.

Hazırda Hesablama Palatası müfəttişləri Dövlət Sosial Müdafiə Fondunda yoxlamalarını davam etdirirlər. Qalır bu yoxlamalara müvafiq orqanlar da qoşulub korrupsiya yanğınının izlərinin hara, kimə uzandığını sənəd-sübutla müəyyən etsinlər.
“Yeni Müsavat”

Şərhlər

XƏBƏR LENTİ