SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » “Ziya Məmmədovu həbsə göndərmək istəyirlər” - Sabiq polis rəisi

“Ziya Məmmədovu həbsə göndərmək istəyirlər” - Sabiq polis rəisi

Tarix:

16-01-2018, 11:32

/ 1 570 dəfə oxundu.
“Ziya Məmmədovu həbsə göndərmək istəyirlər” - Sabiq polis rəisi

Hafiz Məmmədov sabiq naziri və Eldar Mahmudovu dövlət səviyyəsində reketlikdə ittiham edir: “Ziya Məmmədov xüsusi təyinatlılarla birgə...”
Ziya Məmmədovla bağlı məsələ ciddi bir mərhələyə gəlib çıxıb. Belə ki, onun ən yaxın adamı, ortağı, inandığı bir şəxs olan “Hafka” ləqəbli iş adamı Hafiz Məmmədov mətbuata yazılı açıqlama verib. Yazıb ki, 2014-cü ilin isti iyun günündə Azərbaycan paytaxtının mərkəzində Ziya Məmmədovun başçılığı ilə keçmiş Milli Təhlükəsizlik Nazirliyinin xüsusi təyinatlı bölməsinın böyük bir dəstəsi onun oğlu Kənan Məmmədovun olduğu maşının qabağını kəsib.
Maşından düşən Ziya Məmmədov xüsusi təyinatlıların əhatəsində oğluna yaxınlaşıb və atasını axtardığını deyib. Bakının ortasında Ziya Məmmədovun cinayətə bərbər qanunsuzluğu barədə “Hafka”ya oğlu məlumat verəndən sonra o, Ziya Məmmədovu arayıb. Ziya Məmmədov isə ona məsləhət görüb ki, Bakıdakı məşhur hotellərdən birinin konfrans zalına gedib “Bahar” yatağının işlənilməsi ilə bağlı səlahiyyətləri təhvil versin. “Hafka” deyilən ünvanda olub və özünün ən bahalı layihəsindən Ziya Məmmədovun məsləhəti ilə onun oğlu Anar Məmmədovun rəhbərlik etdiyi şəxslərin xeyrinə imtina etməli olub. “Hafka” yazır ki, sonradan aydınlaşdırıb ki, MTN xüsusi təyinatlılarını birbaşa Eldar Mahmudovun əmri ilə hazır vəziyyətə gətiriblər və Ziya Məmmədovun başçılığı altında yolkəsənliyə yollayıblar.
“Hafka”nın açıqlamasında Ziya Məmmədovla bağlı olduqca sensasion məqamlar var. Yazıda sadalanan faktların bir çoxu təsdiqini taparsa, sabiq naziri çox ciddi hüquqi problemlər gözləyir. Baş verən böyük qanunsuzluqlara görə Ziya Məmmədovu həbsə aparan bir prosesin əsası qoyula bilər. Yada salaq ki, Ziya Məmmədov 11 ay əvvəl vəzifədən azad olunub. O, nazir portfelini itirən ərəfədə deyirdilər ki, könlünü almaq üçün onu səfir, müşavir və ya digər başqa vəzifəyə alacaqlar. Amma bunların heç biri olmadı. 11 aydır bunlar baş vermir, əksinə, mal varlığını, biznesi ilə bağlı mövqelərini itirməkdədir. Məmmədovlarla bağlı vəziyyət o qədər kritikdir ki, hətta oğlu Anar Məmmədov belə ölkədən qaçmaq məcburiyyətində qalıb. Ziya Məmmədovla bağlı ortaya çıxan bu situasiya nədən xəbər verir? “Hafka”nın sabiq ortağı ilə bağlı getdikcə daha ilginc məqamları açıb ortaya qoyması nələri dəyişə bilər? Məsələ o dərəcədə ciddidir ki, Ziya Məmmədovu dəmir barmaqlıqlar arxasına belə apara bilər.
Sabiq polis rəisi Mahmud Hacıyev deyir ki, Hafiz Məmmədov özünü zərərçəkən hesab edirsə və ona qarşı baş verənləri cinayət tərkibli hadisə olduğunu düşünürsə, həmin vaxt hüquq-mühafizə orqanlarına müraciət etməli idi: “2014-cü ildə bu hadisə baş verəndə hüquq-mühafizə orqanlarına müraciət etməli idi. Cavab alsaydı ki, bu, mülki xarakterli məsələdir, bu halda məhkəmə qaydasında iddia qaldırmalı idi. Onun həmin vaxt müraciəti daha məntiqli olardı. Mümkündür ki, Hafiz Məmmədovun o dövrdə hüquq-mühafizə orqanlarına müraciət etməməsi üçün əlində hansısa məqamlar olub. Amma ”Hafka" o qədər də zəif adam olmayıb ki, kimsə ondan hədə-qorxu gəlməklə müəyyən əmlaklarını əlindən alsın. Hesab edək ki, həmin günlərdə zəif durumda olub və haradasa hesab edib ki, Eldar Mahmudovla Ziya Məmmədov yaxın dostdurlar, müraciətləri əbəs olar. Bu halda sual yaranır ki, bəs indi niyə bu müraciətlərini yazılı şəkildə mətbuata ötürür? Niyə hüquq-mühafizə orqanlaırna müraciət etmir?"
M.Hacıyev bildirir ki, Ziya Məmmədovun MTN xüsusi təyinatlılarından istifadə etməsi təsdiqlənərsə, barəsində Cinayət Məcəlləsinin bir neçə maddəsi ilə cinayət işi başlana bilər: “Xüsusi təyinatlılardan Eldar Mahmudovun, onun müavinlərinin belə öz şəxsi məqsədləri üçün istifadə etməsinə ixtiyarları çatmırdı. Əgər belə hal olubsa, xüsusi təyinatlı dəstədən, məxfi əməliyyat xidmətinin əməkdaşlarından şəxsi məqsədlər üçün istifadəsi təsdiqlənsə, barələrində cinayət işi başlanmalıdır. Bu, birbaşa cinayət tərkibli əməldir. Ziya Məmmədov həmçinin bu əmələ yol veribsə, istintaqa cəlb oluna bilər”.
Yada salaq ki, bu, Ziya Məmmədovla Eldar Mahmudovun adlarının qoşa çəkildiyi ilk cinayət xarakterli məlumat deyil. Eldar Mahmudov vəzifəsindən çıxarılandan sonra belə xəbərlər vardı ki, Ziya Məmmədov hər ay ona 1-2 milyon manat dollar xərac ödəyib. Bu məlumatlar da bu günə qədər təkzib olunmayıb. Belə nəticəyə gəlmək olar ki, xərac ödəyən bir nazir xərac alan nazirdən öz şəxsi problemlərinin həlli üçün dəstək istəyib. Dəstək isə dövlətin gücünü şəxsi problemlərin həlli istiqamətində istifadəsi şəklində verilib. Bu, olduqca böyük cinayətdir və dövlətin adına xələl gətirən məsələdir. Bu baxımdan Hafiz Məmmədovun söylədiklərinin araşdırılması zərurəti olduqca vacibdir.

musavat.com

Şərhlər

XƏBƏR LENTİ