yüklənir...
yüklənir...

SON DƏQİQƏ

XalqXəbər.Az
yüklənir...
yüklənir...

"Mehriban xanıma salamlarımızı çatdırmağı xahiş edirik" - Prezident kimyaçılarla səmimi söhbəti+ÇIXIŞ

15-12-2017, 16:11 141 dəfə baxılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 15-də Sumqayıt Kimya Sənaye Parkında görülən işlərlə tanış olub, yeni müəssisələrin təməlqoyma və açılış mərasimlərində iştirak edib.

İqtisadiyyat naziri Şahin Mustafayev dövlətimizin başçısına burada görülən işlərlə bağlı məlumat verdi.

Bu layihə Prezident İlham Əliyevin 2011-ci ildə imzaladığı Fərmana uyğun olaraq həyata keçirilib. Sumqayıt Kimya Sənaye Parkının ümumi ərazisi 505,64 hektardır. Ərazidəki köhnə binalar və qurğular sökülüb, parkın müasir tələblərə cavab verən infrastrukturunun birinci mərhələsi üzrə tikinti-quraşdırma işləri başa çatdırılıb. Sumqayıt Kimya Sənaye Parkında, həmçinin inzibati binanın, laboratoriyaların, texniki peşə məktəbinin, işçilər və tələbələr üçün yataqxana binasının, sərgi-konfrans və logistika mərkəzlərinin, gömrük, tibb, dəmir yolu və yanğınsöndürmə məntəqələrinin, anbarların, yükləmə-boşaltma mərkəzlərinin və digər obyektlərin yaradılması işləri davam etdirilir.
Diqqətə çatdırıldı ki, parkın rezidenti olan "STP” Məhdud Məsuliyyətli Cəmiyyəti müxtəlif istehsalat sahələri üzrə ixtisaslaşmış zavodlar kompleksidir. "SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətinin illik istehsal gücü 180 min ton polipropilen və 120 min ton yüksək sıxlıqlı polietilen təşkil edəcək. Bu, son 40 ildə öz növünə və miqyasına görə Azərbaycanın neft-kimya sənayesində həyata keçirilən ən böyük layihələrdən biridir.
Sumqayıt Kimya Sənaye Parkının rezidentləri arasında "Alco Lubricant Company” Məhdud Məsuliyyətli Cəmiyyəti də var. Burada il ərzində avtomobil, hava və dəniz nəqliyyatında, kənd təsərrüfatı, sənaye və energetikada istifadə olunan müxtəlif növ yüksək keyfiyyətli 30 min ton sürtkü yağlarının istehsalı nəzərdə tutulub. Almaniya texnologiyası əsasında yaradılan müəssisədə 100 nəfər daimi iş yeri ilə təmin olunacaq.
"MST Engineering Services” Məhdud Məsuliyyətli Cəmiyyətində ABŞ-ın Parker texnologiyası əsasında ildə 30 min ədəd yüksək təzyiqə davamlı xortum və fitinq istehsalı nəzərdə tutulur. Bu məhsullara neft-kimya, maşınqayırma və digər sənaye sahələrində böyük tələbat var.
"Bakı Əlvan Metallar və Ferroərintilər Zavodu” Məhdud Məsuliyyətli Cəmiyyəti İtaliya texnologiyası əsasında yaradılacaq. Burada istehsal olunacaq məhsullar daxili bazarın tələbatını tam ödəməklə yanaşı, xarici bazarlara da ixrac ediləcək.
Silisium və Kalsium İstehsalat Müəssisəsində ildə 5 min ton tikinti qatqıları istehsal olunacaq. "Azerbaijan Fibro Cement” Məhdud Məsuliyyətli Cəmiyyətində ildə 6 milyon kvadratmetr fibro-sement lövhələr istehsal ediləcək. "Tabaterra” Qapalı Səhmdar Cəmiyyətində isə ildə 7 milyard ədəd siqaret istehsalı nəzərdə tutulub. Bildirilib ki, Sumqayıt Kimya Sənaye Parkında 67 MVt gücündə 110/35/6.3 kV-luq yarımstansiyanın inşası da başa çatdırılıb.
Sonra Prezident İlham Əliyev parkın ərazisində "AzerFloat” Qapalı Səhmdar Cəmiyyətinin termoformasiya metodu ilə şüşə istehsalı zavodunun təməlini qoydu.
Məlumat verildi ki, "AzerFloat” Qapalı Səhmdar Cəmiyyəti Almaniyanın bu sahədə böyük təcrübəsi olan "HORN Glass İndustries AG” şirkətinin texnologiyası əsasında yaradılacaq. Müəssisədə il ərzində termoformasiya metodu ilə 8 milyon kvadratmetr şüşə istehsal olunacaq. Zavodda istehsal ediləcək məhsulların yüksək keyfiyyəti ilə yanaşı, rəqabətqabiliyyətli olmasına da xüsusi diqqət yetiriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək. Zavodun məhsullarının Rusiya, Gürcüstan və Orta Asiya ölkələrinə ixrac edilməsi planlaşdırılır. Burada 180 nəfər işlə təmin olunacaq.
Dövlətimizin başçısı Sumqayıt Kimya Sənaye Parkının ərazisində "Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin yunəyrici-boyaq fabrikinin də təməlini qoydu. Müəssisədə yun ipliklər və təmiz yun istehsal ediləcək. Fabrik İtaliya, Fransa və Türkiyə texnologiyası ilə fəaliyyət göstərəcək. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yun istehsalı nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə, həmçinin boya prosesi də həyata keçiriləcək. İdxaldan asılılığı azaldacaq bu fabrikdə 100 nəfər işlə təmin ediləcək.
Daha sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkında "Gilan Sənaye Qrupu”na daxil olan "Aqrokimya Azərbaycan” Məhdud Məsuliyyətli Cəmiyyətinin pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak etdi.
Məlumat verildi ki, ümumi ərazisi 18,3 hektar olan zavodun istehsal sahəsi 21,4 min kvadratmetrdir. Kompleks 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammalsaxlama bölmələrindən ibarətdir. Müəssisənin birinci mərhələsinin illik istehsal gücü 20 min tondur. Burada 145 çeşiddə pestisid istehsal ediləcək və məhsulun keyfiyyəti zavodun daxilində beynəlxalq standartlara uyğun qurulmuş laboratoriyada müəyyən ediləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Zavod İtaliya və Türkiyənin aparıcı şirkətlərinin ən son texnologiyalarından istifadə olunmaqla qurulub. İstehsalda gələcəkdə yerli xammaldan daha çox istifadə edilməsi nəzərdə tutulur. İdxal olunan məhsullarla müqayisədə yerli istehsalın üstünlüyü 35-40 faiz təşkil edir. Perspektivdə isə bir sıra məhsul növlərinin xammal təminatı yerli istehsal hesabına təmin olunacaq və ixrac potensialı yaranacaq.
Bunlardan əlavə, zavodun ərazisində inzibati bina, yeməkxana, laboratoriya, qazanxana və su anbarları var. Zavodda 100 yeni iş yeri yaradılıb. Layihənin ikinci mərhələsində bəzi məhsulların xammalının və yarpaq gübrəsi istehsalının təşkil olunması nəzərdə tutulur. Hazırda ölkənin pestisidlərə olan tələbatı 9,1 min ton təşkil edir. Bununla yanaşı, 182 min hektar ərazidə yaradılmaqda olan aqroparkların, 463 hektar sahədə istixana təsərrüfatlarının və əlavə 36 min hektarda əkilməsi nəzərdə tutulan şəkər çuğunduru sahələrinin pestisidlərə olan tələbatı 681 ton proqnozlaşdırılır. Beləliklə, ölkənin pestisidlərə olan ümumi tələbatı 9,8 min ton təşkil edəcək. Zavodun fəaliyyətə başlaması bu məhsullara olan daxili tələbatın tam ödənilməsinə imkan verəcək.

Dövlətimizin başçısı müəssisəni işə saldı.

Sonra Prezident İlham Əliyev parkın ərazisində "STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin Məlumatların Emalı, Qeydə Alınması və Ötürülməsi Mərkəzinin açılışında iştirak etdi.
Bildirildi ki, burada ABŞ texnologiyasından istifadə olunacaq. Bu layihə yeni iş yerlərinin yaradılması baxımından da əhəmiyyətlidir. Belə ki, müəssisədə ilkin mərhələdə 100 nəfərin işlə təmin olunması nəzərdə tutulur. Data Mərkəz işə düşdükdən sonra Azərbaycanda "blockchain”in tətbiqi artacaq.

Sonra Prezident İlham Əliyev müəssisənin kollektivi ilə görüşdü.

Dövlətimizin başçısı görüşdə çıxış etdi.

Prezident İlham Əliyevin çıxışı

- Bu gün Sumqayıt Kimya Sənaye Parkında bir neçə müəssisə fəaliyyətə başlayır, bir neçə müəssisənin isə təməli qoyulub. Bu, çox gözəl, əlamətdar hadisədir. Bu, bir daha onu göstərir ki, Sumqayıt Kimya Sənaye Parkının yaradılması çox düzgün və vaxtında verilmiş qərardır. Bu gün dörd müəssisənin açılışı qeyd olunur, üç müəssisənin isə təməli qoyulub.
Sumqayıt Kimya Sənaye Parkının yaradılması Azərbaycanda sənaye sahəsində aparılan siyasətin təzahürüdür. Bu ərazidə dövlət tərəfindən bütün lazımi tədbirlər görülmüşdür. Beş yüz hektar sahədə bütün kommunikasiya, rabitə, nəqliyyat, bir sözlə, bütün infrastruktur layihələri dövlət tərəfindən icra edilmişdir. Özəl sektor isə öz növbəsində ölkəmiz üçün vacib olan sahələrə investisiya qoyuluşunu təmin edib. Sumqayıt Kimya Sənaye Parkının timsalında biz dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticələrini görürük. Bu müəssisələrdə minlərlə insan işlə təmin olunur. Hazırda parkın 15 rezidenti var. Qoyulan və qoyulacaq sərmayələrin məbləği milyardlarla dollar həcmindədir. Əgər biz hələ ki, inşası davam edən bütün layihələri də nəzərə alsaq, 2,7 milyard dollar sərmayə qoyuluşu nəzərdə tutulur.
Bu gün ölkə iqtisadiyyatı, sənaye potensialı üçün vacib olan müəssisələr fəaliyyətə başlayır. O müəssisələr ki, idxaldan asılılığı aradan götürəcək. Bu, məni çox sevindirir. Çünki bizim əsas məqsədlərimizdən biri də odur ki, yerli istehsal artsın, iş yerləri yaradılsın və idxaldan asılılıq azalsın. Bu gün böyük şüşə zavodunun təməli qoyuldu. Bu zavod fəaliyyətə başlayandan sonra artıq Azərbaycanda şüşə idxalı dayandırılacaq. Əksinə, Azərbaycan özü şüşələri ixrac edəcək. Nəzərə alsaq ki, bu gün Bakıda və digər şəhərlərdə yüzlərlə yaşayış binası, müasir göydələnlər tikilir, şüşəyə tələbat çox böyük olacaq.
Siz bilirsiniz ki, biz son vaxtlar xalçaçılığın inkişafına çox böyük diqqət göstəririk və artıq qısa müddət ərzində on xalça fabriki açılıbdır. Gələn il də on fabrik açılacaq və bütövlükdə otuz xalça fabrikinin yaradılması nəzərdə tutulur. Əlbəttə ki, bu fabriklərin uğurlu fəaliyyəti üçün yerli xammal lazımdır və əyirici-boyaq fabrikinin təməli də bu gün qoyulub. Bu, dövlət investisiyası hesabına yaradılacaq müəssisədir. Beləliklə, biz bütün xalçaçıları, həm bu fabriklərdə çalışan, eyni zamanda, fərdi qaydada işləyən xalça ustalarımızı öz xammalımızla təmin edəcəyik.
Bu gün, eyni zamanda, siqaret fabrikinin təməli qoyulubdur. Bu fabrikin də çox böyük əhəmiyyəti var. Biz indi siqaret idxalından asılıyıq. Əlbəttə, biz hamımız istəyirik ki, Azərbaycanda siqaret istehlakı azalsın, insanlar bu pis vərdişdən əl çəksinlər. Ancaq hələ ki, bu, belə deyil. Əlbəttə, daxili istehsal xarici istehsalı əvəzləməlidir. Bu fabrikdə istehsal olunacaq məhsul daxili tələbatın əlli faizini bağlayacaq. Əminəm ki, gələcəkdə biz daxili tələbatımızı 100 faiz ödəyəcəyik və eyni zamanda, xarici bazarlara ixrac edəcəyik. Bu gün Azərbaycanda tütünçülük çox sürətlə inkişaf edir. Əlbəttə ki, tütünçülüyün son məhsulu olan siqaret istehsalı da Azərbaycanda yaradılır.
Pestisid zavodunun tikintisi artıq öz həllini tapıb. Bu da çox vacib sahədir. Mənim göstərişimlə bu sahəyə böyük diqqət ayrılır. Çünki bu günə qədər biz yenə də idxaldan asılıyıq. İndi daxili tələbatı bu parkda yaradılan zavod tam ödəyəcək. Gələcəkdə - növbəti mərhələdə isə ixrac imkanı da yaradılacaq. Bu, kənd təsərrüfatının inkişafına çox böyük təkan verəcək. Çünki kənd təsərrüfatı sənaye istehsalı ilə bərabər, bizim əsas, prioritet istiqamətimizdir. Düzgün aqrotexniki tədbirlərin görülməsi nəticəsində biz məhsuldarlığı böyük dərəcədə artıra bilərik.
Bu müasir və çox böyük imkanlara malik olan Data Mərkəzinin açılması da çox əlamətdar hadisədir. Bu, dünyanın ən son texnologiyalarına əsaslanan mərkəzdir. Azərbaycan bu sahədə də dünya miqyasında liderlik nümayiş etdirir. Bildiyiniz kimi, blokçeyn texnologiyası bu gün dünyada çox böyük diqqətə malik olan bir sahədir. Bir çox ölkələr, şirkətlər bu texnologiyanı öz ölkələrinə gətirmək üçün çalışırlar, fəaliyyət göstərirlər. Burada da Azərbaycan ön sıralardadır. Belə böyük və müasir, bütün dünya standartlarına cavab verən Data Mərkəzinin yaradılması onu göstərir ki, biz gələcəyə baxırıq, biz ölkəmizi dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdiririk. Bu, həm elm mərkəzidir, həm sənaye müəssisəsidir və həm də böyük biznes sahəsidir.
Bir sözlə, bir gündə Sumqayıtda, görün, yeddi müəssisəyə təkan verilir, onların fəaliyyəti təmin edilir. Əgər biz Sumqayıt Kimya Parkının digər rezidentlərini də əlavə etsək, görərik ki, bu, doğrudan da dünya miqyasında böyük bir sənaye mərkəzidir. Çünki hazırda "SOCAR Polymer” və karbamid zavodlarının tikintisi davam edir. Bu iki layihənin ümumi sərmayə həcmi 1 milyard 700 milyon dollardır. Bu, bizə imkan verəcək ki, həm yerli istehsalı, yerli xammalı təmin edək, həm də ki, böyük ixrac imkanları yaradılacaq.
Qeyd etdiyim kimi, bu sənaye parkında bütövlükdə 15 rezident var. Həm xarici, həm də daxili investorlar burada fəaliyyət göstərirlər. Əgər biz vaxtında bu qərarı qəbul etməsəydik və dövlət öz tərəfindən bütün lazımi tədbirləri görməsəydi, o cümlədən maliyyə dəstəyini göstərməsəydi, əlbəttə ki, bu gün bu park da olmayacaqdı və biz bu gözəl imkanlardan məhrum ola bilərdik. Əminəm ki, Sumqayıt Kimya Sənaye Parkının fəaliyyəti gələcəkdə daha da genişləndiriləcəkdir. Burada böyük ərazilər var, yeni layihələr təqdim olunur, yeni layihələr nəzərdən keçirilir. Ona görə bu parkın çox böyük gələcəyi var.
Sumqayıt bu gün Cənubi Qafqazda Bakıdan sonra ikinci böyük sənaye şəhəridir. Burada yaradılan sənaye müəssisələri ən yüksək standartlara cavab verir. Bu, yeni iş yerlərinin yaradılması deməkdir. Mənə verilən məlumata görə, hazırda Kimya Sənaye Parkında 8 mindən çox insan işləyir - həm tikintidə, həm də müəssisələrin idarə olunmasında. Gələcəkdə bu rəqəm daha da artacaq. Deməli, Sumqayıtda işsizliklə bağlı bütün məsələlər öz həllini tapacaq. Biz gələcəkdə də Sumqayıtın hərtərəfli inkişafı üçün öz dəstəyimizi verəcəyik.
O ki qaldı, sənaye zonalarının yaradılmasına, bu proses ölkəmizdə geniş vüsət alıb. Neftçala Sənaye Məhəlləsi fəaliyyətə başlayıb, Hacıqabul, Masallı, Sabirabad rayonlarında oxşar zonalar yaradılır. Mingəçevir Yüngül Sənaye Parkında birinci böyük fabrikin açılışı gələn ilin əvvəlində nəzərdə tutulur. Yəni, Azərbaycanda sənayeləşmə prosesi sürətlə gedir. Bunun təməlində bizim siyasətimiz, xarici və yerli investorların inamı dayanır. Çünki ancaq sabit olan ölkələrə investisiya cəlb olunur. Azərbaycan o ölkələrdəndir ki, çox gözəl beynəlxalq nüfuza malikdir, iqtisadi cəhətdən uğurla inkişaf edir. Davos Forumunun hesablamalarına görə, ölkə iqtisadiyyatlarının rəqabətqabiliyyətliliyinə görə biz 35-ci yerdəyik. Bu gün Sumqayıtda bu 7 müəssisənin, bundan əlavə, bu müəssisələri qidalandıran yarımstansiyaların fəaliyyətə başlaması bizim düzgün siyasətimizi bir daha göstərir və biz 2017-ci ili uğurla başa vururuq.
Sumqayıtın ümumi inkişafı məni çox sevindirir. Mən on səkkizinci dəfədir ki, Sumqayıtda səfərdəyəm. Bu il ikinci dəfədir ki, gəlmişəm. Şəhərdə bütün infrastruktur layihələri demək olar ki, başa çatmaq üzrədir. Fasiləsiz içməli su ilə təminat 94 faizə çatıbdır, qazlaşma 100 faizdir, elektrik enerjisi ilə heç bir problem yoxdur, yeni yollar salınır. Biz bu il Bilgəh-Sumqayıt sahilboyu yeni yolun salınmasını təmin etdik. Sosial obyektlər, məktəblər, xəstəxanalar, Olimpiya kompleksi, Paralimpiya mərkəzi, "ASAN xidmət” mərkəzi yaradılıb. Bu gün biz "Kimyaçı” Mədəniyyət Sarayının əsaslı təmirdən sonra açılışını qeyd edəcəyik. Yəni, həm sosial, həm iqtisadi sahədə, sənaye sahəsində çox böyük inkişaf var. Sumqayıt bulvarı isə, - mən bunu bulvarın açılışında da demişəm”, - bir möcüzədir. Çünki qısa müddət ərzində belə bulvarın salınması doğrudan da çox böyük hadisədir. İnsanların rahat yaşaması, işlə təmin olunması üçün bütün işlər görülür. Bir daha demək istəyirəm ki, Sumqayıt dünya miqyasında böyük müasir sənaye mərkəzinə çevrilir. Bir məsələni də qeyd etməliyəm ki, bütün müəssisələr ən yüksək ekoloji standartlara malikdir. Bunu mən xüsusi tapşırmışdım. Çünki bilirsiniz ki, vaxtilə Sumqayıtın ekoloji vəziyyəti çox ağır idi. Hətta bütün beynəlxalq reytinqlərdə dünyanın ekoloji cəhətdən ən problemli şəhərlərindən biri idi. Bu gün isə Sumqayıt ekoloji cəhətdən bəlkə də ən gözəl və təmiz şəhərlərdən biridir. Bax, biz buna nail ola bilmişik. Buna görə Sumqayıtın ekoloji vəziyyətinin daim yaxşılaşdırılması diqqət mərkəzindədir və bu gün buranın təmiz havası, gözəl iqlimi əminəm ki, sumqayıtlılar üçün də çox önəmlidir.
Biz ili uğurla başa vururuq. On bir ayda sənaye istehsalı qeyri-neft sahəsində 3,5 faiz, qeyri-neft iqtisadiyyatımız 2,4 faiz, kənd təsərrüfatı 4 faizdən çox artıbdır. Budur, əsas iqtisadi göstəricilərimiz. Valyuta ehtiyatlarımız da artır, maliyyə vəziyyətimiz də çox sabitdir. Bu gün Azərbaycan belə gözəl əsərlər yaradır və xalqımıza bəxş edir.
Burada, bu görüşdə iştirak edən bütün vətəndaşlar bu gün açılışında və təməlinin qoyuluşunda iştirak etdiyim müəssisələrin nümayəndələridir. Mən sizi təbrik edirəm, sizə uğurlar arzulayıram. Sizi qarşıdan gələn Yeni il və Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə təbrik edirəm. Sağ olun.

X X X

"Azərikimya” İstehsalat Birliyinin əməkdaşı Şəhla ABDULLAYEVA çıxış edərək dedi:

-Möhtərəm cənab Prezident, Sizi əməksevər sumqayıtlılar adından salamlayıram. Bizim gündən-günə gözəlləşən Sumqayıt şəhərimizə gəldiyiniz üçün Sizə minnətdarlığımı bildirirəm. Siz hamıdan yaxşı bilirsiniz ki, Sumqayıt böyük kimya sənayesi şəhəri kimi yenilənib. Sumqayıtın kimya sənayesi mərkəzi kimi formalaşmasında ulu öndərimiz Heydər Əliyevin misilsiz rolu olub. Ulu öndər Heydər Əliyevin hakimiyyətdə olduğu dövrlərdə Sumqayıtda neft-kimya sənayesi yenilənib və müasir texnologiyalara uyğun olaraq yeni müəssisələr yaradılıb. Buna görə də Sumqayıtın adı Ulu Öndərimizin daim diqqət və qayğı göstərdiyi şəhər kimi ölkəmizin şanlı tarixinə yazılıb.
Cənab Prezidentimiz, biz çox sevinirik ki, Siz Ulu Öndərimizin layiqli davamçısı kimi bizim doğma Sumqayıt şəhərimizə daim diqqət və qayğı göstərirsiniz. Buna görə Sizə minnətdarıq. Son zamanlar Sumqayıt Kimya Sənaye Parkının yaradılması bunun bariz nümunələrindən biridir. Burada müxtəlif zavodlar, fabriklər tikilib. Biz dəqiq bilirik ki, insanlar işsiz qalmayacaq. Son zamanlar Cənubi Qafqazın ən iri sənaye şəhərlərindən birinə çevrilən Sumqayıtımız üçün Sizə minnətdarıq. Çox sağ olun, cənab Prezidentimiz.
Hamı yaxşı bilir ki, gənclər şəhəri Sumqayıt gündən-günə gözəlləşir, abadlaşır. Bu, insanlarımızı sevindirir. Biz bunu insanların simasından, çöhrəsindən hiss edirik. Sumqayıta gələn qonaqlar şəhərimizin gözəlliyinə, gözoxşayan bulvara, yeni tikilmiş binalara heyran qalırlar. Biz bilirik ki, onlar şəhərimizə həsəd aparırlar. Bunun üçün biz, cənab Prezidentimiz, Sizə və Sizinlə çiyin-çiyinə böyük əzmlə xalqımıza xidmət göstərən Mehriban xanıma minnətdarıq. Sizdən biz sumqayıtlıların salamlarını Mehriban xanıma çatdırmağı xahiş edirik. Biz sumqayıtlılar həmişə Sizinləyik. Allah Sizi və ailənizi qorusun.

Prezident İlham ƏLİYEV: Çox sağ ol, təşəkkür edirəm.

X X X

"Gilan Sənaye Qrupu”nun baş direktorunun müavini Zaur QASIMOV çıxış edərək dedi:

-Cənab Prezident, bu mürəkkəb zamanda Sizin yürütdüyünüz çevik siyasət nəticəsində iqtisadiyyatın bütün sahələri üzrə məqsədyönlü tədbirlər həyata keçirilir. Respublikamızın şəhərlərində iri sənaye müəssisələri, texnoparklar, regionlarda isə sənaye zonaları yaradılır. Aqrar sahədə intensiv metodlara keçidin və müasir texnologiyaların tətbiqinin təmin olunması üçün "Gilan Sənaye Qrupu” Sizin tapşırığınıza uyğun olaraq "Aqrokimya Azərbaycan” müəssisəsinin yaradılması qərarına gəlib. Sizin tapşırığınıza əsasən bu müəssisə məhz Sumqayıt Kimya Sənaye Parkında yerləşdirilərək rezident statusunu alıb və rezidentlərə verilən dövlət dəstəyi mexanizmlərindən tam faydalanıb. Müəssisəmiz aqrar sahəyə dəstək verməklə yanaşı, bazarın tələbatına uyğun olaraq 10 min ton bitki mühafizə vasitəsi istehsalı gücünə malikdir və bununla da dünya standartlarına uyğun 145 çeşiddə pestisid istehsalı ilə məşğul olacaqdır.
Möhtərəm cənab Prezident, yerli istehsalçılara verdiyiniz dəstəyə görə Sizə dərin təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, bizim müəssisə də Sizin rəhbərliyinizlə aqrar sahədə həyata keçirilən siyasətə öz töhfəsini verəcək.

Sonda xatirə şəkli çəkdirildi.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: Prezident, xahish, edirik, semimi, sohbetiChXSh, kimyachilarla, , Mehriban, salamlarimizi, chatdirmagi, xanima
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

19-01-2018

BÜTÜN XƏBƏRLƏR

Sunayla Hüquqdan Danış

[email protected]


/sunayla_huquq_danish/

GÜNDƏM
KÖŞE YAZARLARI
yüklənir...
İDMAN
ŞOU-BİZNES
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ
SON DƏQİQƏ