SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Hövsandakı 270 saylı məktəbdə nə baş verir?

Hövsandakı 270 saylı məktəbdə nə baş verir?

Tarix:

5-10-2017, 10:14

/ 62 818 dəfə oxundu.
Hövsandakı 270 saylı məktəbdə nə baş verir?

“Əlaçılar sinfi” yaratmaq istəyən direktor “oğlanlar sinfi” əldə edib

Mikayıl Cabbarov yarımçıq islahatlarının daha bir nümunəsinə bu günlərdə rast gəldik. Bəzi xəbər saytlarında yayılan yazı və videosüjetlərdə Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsində yerləşən Elçin Qaranzadə adına 270 saylı tam orta məktəbdə valideynlərlə direktor arasında qarşıdurmadan bəhs olunurdu. Hətta direktordan narazı olan 5ç sinif şagirdlərinin valideynlərinin birbaşa Təhsil Nazirliyinə şikayətə getdikləri də xəbər verilirdi.
Şikayət əslində sırf məişət xarakterli və sinif otağı davasından qaynaqlanmışdı. Yəni 5-ci sinfə keçən uşaqlardan əvvəlki sinifləri alnmış, onlara da yuxarı sinif şagirdlərinin siniflərinin yerləşdiyi digər dəhlizdə və ayaqyolunun qarşısında sinif otağı verilmişdi. Bunun səbəbi süjetdə bəzi valideynlər tərəfindən qeyd edilirdi. Amma yazılarda bu barədə dəqiq heç nə deyilmir, ümumi olaraq guya məktəbdə qanunsuz hallar, özbaşınalıqlar hökm sürdüyü, bunlar haqqında ciddi şəkildə jurnalist təhqiqatı aparıldığı vurğulanırdı.
Həmin hadisədən 10 gündən artıq vaxt keçsə də, nə bu jurnalist təhqiqatından, nə də narazı valideynlərdən xəbər çıxdı . Ola bilsin ki, narazı valideynlər “mənim axramda dayanan var”, – deyən direktorla ortaq məxrəcə gəliblər (Direktorun “arxa”sının kimliyi başqa araşdırmanın mövzusudur).Amma həmin süjetin daxilində yer alan məsələnin məğzi nə Bakı Şəhəri üzrə Təhsil İdarəsini, nə də Təhsil Nazirliyini maralandırdı. Bununla bağlı heç bir rəsmi aşqlama verilmədi. Bəs görəsən, qarşı tərəfin susduğu, həmin vaxt direktorun ünvanına səslənən fikirlərdə deyildiyi kimi “yazılmamış qanunları”nı tətbiq etməklə məşğul olan Əli İskəndərovu 5ç sinfi ilə “qanlı bıçaq” edən məsələ nədir?
Narazı valideynlərin bəzi məqamlarını açıqladığı kimi, Əli İskəndərov “əlaçılar sinfi” yaratmaq istəyib. Buna görə də 4-cü sinifdən 5-ci sinfə keçən siniflərə, daha doğrusu sinfin keçmiş rəhbərlərinə müraciət edərək “əlaçıları”nı verməyi tələb edib. Siniflərin əlaçılarının əksəriyyət valideynləri də bu tələblərlə razılaşıb. Amma 5ç sinfi “asi” çıxıb. Deyiblər ki, bizim sinifdə əlaçı çoxdu, elə bizim sinif əlaçılar sinfidir, bir də istəmirik ki, sinif parçalansın. Bununla da 5ç sinfi direktorun qəzəbinə tuş gəlib. Amma onların etirazı Əli İskəndərovun planlarını pozmayıb. Direktor gah imtahan keçirib, gah da necə gəldi uşaqları yığaraq 5ə sinfini yaradıb. Ondan sonra da 5ç-ni cəzalandırmaq üçün onlara ayaqyolu ilə üzbəüz otaq verib. Yəni məsələ direktorun “analoqu olmayan” təcrübəsini tətbiq etməyə çalışanda ortaya çıxıb.
Fikrimizcə, əslində 4 ildir nazir vəzifəsində çalışan M.Cabbarovun yeni direktorlarından belə “analoqu olmayan” cəhdlər çox görsək də, sonuncusu lap “görənək” olub. Bir vaxtlar Azərbaycan məktəblərinin qaymaqlarını yığaraq imtahan keçirən, daha sonra onları liseylərində pulla oxudan, təbii olaraq birincilərinin fənn olimpiadalarında və qəbul imtahanlarında göstərdiyi nəticələri eks-nazir Misir Mərdanovun gözünə soxaraq “təriflər” alan Fətullahçılar da seçim metodunda 270 saylı məktəbin rəhbərliyindən insaflı davranırdılar. Bəs Əli müəllim neyləyib?
Süjetdə aktiv valideynlərdən birinin söylədiyi, vaxtına 3–4 il qalmış ağsaqqal bütün yayı düşünüb-daşınıb, avqustun son günlərində bir xəbər buraxıb ki, “5-ci siniflər üçün imtahan keçirəcəm, yüksək nəticə göstərənlərdən iki sinif yaradacam, qalanlarını da başqa məktəbə göndərəcəm”. Hansı səlahiyyət və haqla? Yəni bunun adı dərəbəylik deyilmi? Yəqin kimsə başa salıb ki, belə olmaz, bütün siniflər narazı qalar. Daha sonra öz “kruqu”na xəbər göndərib ki, “siniflərdən əlaçıları yığıb sinif yaradacam”. Təbii ki, burada subyektiv səbəblərdən “əlaçı” olanlar da daxildir. Ən sonda guya ədalətli olduğunu göstərmək üçün öz “kruqu” üçün “imtahana oxşar” nəsə keçirib. Nəticə necə olub? Sonuc elə olub ki, “əlaçılar” sinfi üçün lazım olan şagirdlər düzəlməyib. Bu dəfə, sonradan xəbər tutanlar da daxil olmaqla, kim istəyir imtahansız-filansız bu sinfə daxil edilib. Siniflərdən birindən çox, digərindən az uşaq çıxıb.Yığılanların əksəriyyəti oğlanlar olub. Nəticədə proporsiya pozulub. Layihə “tutar qatıq, tutmaz ayran” məsəlinə çevrilib. Son görüntü belə olub: Əli müəllimin “əlaçılar sinfi” layihəsi əvəzinə “oğlanlar sinfi”.
Məsələnin ən ilginc tərəfi odur ki, Bakı şəhəri üzrə Təhsil İdarəsini, Təhsil Nazirliyi bu qədər həngamədən sonra bu direktorun 5ç-nin əlindən alıb otağını verdiyi siniflə maraqlanmayıb. Digər tərəfdən, yeni sinif yaradılırsa, bunun üçün ştat, müəllimlərə dərs saatı ayrılmalıdır. Bunu necə həll edib? 270 saylı tam orta məktəbin direktoru Əli İskəndərova başa salmayıblar ki, qardaş, islahat belə olmur!Bu uşaqların taleyi ilə niyə oynayırsınız? Yəqin bütün mütəxəssislər də razılaşarlar ki, məktəbdə nümunəvi sinif yaratmaq cəhdi hələ tam psixologiyası formalaşmış siniflərdə oxuyan uşaqlar üçün nə qədər zərərlidir. Digər tərəfdən, əgər Əli müəllim iki sinif təmayül yaratmaq istəyirdisə, bu 5-ci sinifdən alınan iş deyil. Əlbəttə yuxarı sinifdə təmayül sinifləri yaratmaq bir qədər başqa məsələdir.
Yox əgər direktor “əlaçılar sinfi” və ya “istetdlı uşaqlar sinfi” yaratmaq fikrində israrlı idisə, hələ məktəblər tətilə çıxmazdan əvvəl 5-ci sinifdə oxuyan bütün şagirdlərin valideynlərini yığmalıydı, təklifini səsləndirməliydi, dəstək aldığı təqdirdə avqustun axırı və ya sentyabrın əvvəli normal imtahan keçirəcəyini elan etməliydi. Bu metod Azərbaycanın təhsilinə, kasıb balalarının oxuduğu Hövsan məktəblərinə nümunə və töhfə olardı. Ona görə ki, həmin siniflərdə oxuyan 120-150 civarında şagirdin valideynləri bütün yayı uşaqlarını imtahana hazırlaşdırmaqla məşğul olacaqdılar. Nəticədə isə təkcə Əli müəllimin “əlaçı” anlayışına tabe olan uşaqlar deyil, orta və zəif oxuyanlar da həm imtahana, həm də yeni dərs ilinə hazır gələcəkdilər. Azad rəqabət şəraitində, əsl müsabiqə yaradacaq normal sualları olan imtahan təşkil edilərək seçim aparılmalıydı.
Yenə də deyirik, əgər bu layihə doğrudan da Təhsil Nazirliyinin bilgisi daxilində baş verirdisə, bu şəkildə olmalıydı. İnanmaq istəmirik ki, Təhsil Nazirliyi, hörmətli Mikayıl Cabbarov bu şəkildə ədalətsiz formada islahat aparılmasından xəbəri var. Vardısa, buna icazə verirsə, vay təhsilimizin gələcəyinin halına. Yoxdursa, lap pis. Deməli, məktəblər və gələcəyimiz olan uşaqlar 60-dan sonra təcrübə keçmək istəyənlərin əlində oyuncağa çevrilib.

Şəmsi Qurbanov

P.S.“İslahatçı” direktorun iradlara cavab arqumentlərini və məsələ ilə maraqlanan mütəxəssislərin münasibətlərini dinləməyə və yayınlamağa hazırıq.

Şərhlər

XƏBƏR LENTİ