SON DƏQİQƏ
XalqXeber.Az » Gündəm » Rusiyada terror xəbərdarlıqları - Azərbaycana da təhlükə...

Rusiyada terror xəbərdarlıqları - Azərbaycana da təhlükə...

Tarix:

15-09-2017, 08:59

/ 87 612 dəfə oxundu.
Rusiyada terror xəbərdarlıqları - Azərbaycana da təhlükə...

Ekspert: “Son günlərin terror xəbərdarlıqları İŞİD-in dəsti-xətti deyil”

Son 4 gün ərzində Rusiyanın paytaxtı Moskvada ticarət mərkəzləri, qatar stansiyaları və universitetlər olmaqla, 20 məkanda bomba qoyulması barədə həyəcan siqnalı verilib. Eləcə də Moskvanın hüquq-mühafizə orqanlarına Qırmızı Meydanda da bomba olmağı ilə bağlı məlumat daxil olub. Həyəcan siqnalı nəticəsində ümumilikdə 190 obyekt boşaldılıb, 45 minə yaxın insan evakuasiya edilib.
Bundan əvvəl isə Rusiyanın regionlarında terror xəbərdarlığı haqda məlumatların daxil olması kütləvi evakuasiyalarla nəticələnmişdi. Bir sıra ekspertlər bu kimi halları Rusiyanın Suriyadakı fəaliyyəti ilə əlaqələndirir. Eyni zamanda ekspertlər hesab edirlər ki, ABŞ və İsrail proyekti olan “Kürdüstan dövləti”nin yaradılması Rusiyanı narahat edir. Qarşıdan gələn 25 sentyabr müstəqillik referendumundan Rusiya da narazıdır. Bu isə regionda gərginlik yaradır və terror təşvişini aktivləşdirir.
Onu da xatırladaq ki, sentyabrın 12-də Bişkekdə MDB ölkələri Silahlı Qüvvələrinin Baş qərargah rəisləri komitəsinin iclasında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Sergey İstrakov bildirmişdi ki, MDB-nin cənub sərhədlərində terror təhlükəsi güclənir.
Bəs Azərbaycan üçün təhlükənin miqyası nə dərəcədədir?
Danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl məsələyə fərqli yöndən yanaşdı. O bildirdi ki, kürd məsələsində Rusiyaya təzyiq söhbəti yoxdur: “Çünki Rusiyanın kürdlərlə, PKK və digər təşkilatlarla çox sıx əlaqələri var. Ona görə də kürdlər heç zaman Rusiyada terror hadisəsi həyata keçirməyəcəklər. Rusiya da xüsusi olaraq vurğulamır ki, ”Kürdürstan dövləti" yaranmasın. İŞİD-lə bağlı məsələyə gəlincə isə bu terror qruplaşması artıq məğlub olduqca geri çəkilir. Geri çəkildikcə çalışırlar ki, ölkələrinə qayıtsınlar. Rusiyanın isə İŞİD-də Şimali Qafqazdan olan xeyli vətəndaşı var. Ancaq son günlərin terror xəbərdarlıqları İŞİD-in dəsti-xətti deyil. Bu, sadəcə olaraq, hansısa radikalların təsiridir. Eyni zamanda elə bilməyin ki, Rusiyada hakimiyyət uğrunda mübarizə getmir. Seçki ərəfəsidir və beş aydan sonra orada seçkilər başlayacaq. Ona görə də hər şey ola bilər. Ehtimal ki, daxili qüvvələrin özləri də terror hadisələri ilə hakimiyyəti gözdən salsınlar. Bir məsələ də var ki, Rusiyada bu təxliyə işləri daha çox xüsusi xidmət orqanlarının özünü ayıq göstərməsidir. Belə olan zaman xüsusi xidmət orqanları hadisəni qabarıq şəkildə göstərməyə çalışır ki, bu cür təhlükənin qarşısını alıblar. Yəni Rusiyada hazırda ciddi terror hadisələri gözlənilmir. Bu, o zaman baş verəcək ki, Rakka tam ələ keçiriləcək və İŞİD-in üzvləri Şimali Qafqaza dönəcək".
Ekspert Azərbaycanda terrorçuların zərərsizləşdirilməsi və real təhlükə barəsində də danışdı: “İlk olaraq terrorçuların öldürülərək zərərsizləşdirilməsi məsələsinə toxunaq. Məndə olan məlumata görə, həmin anda əldə olunan əməliyyat məlumatı ilə keçirilən əməliyyat arasında zaman çox qısa olub. Ona görə də terrorçuların öldürülməsindən başqa, digər yol qalmamışdı. Əvvəllər mən də tənqid edirdim ki, terrorçuları nə üçün diri tutmurlar. Ancaq situasiya kifayət qədər gərgin idi. Bu çıxılmaz vəziyyətdə isə terrorçu məhv edilməli idi. Son günlər isə sonu terrorla nəticələnə biləcək yolların qarşısı alınıb. Məsələn, xüsusi xidmət orqanları Qəbələdə qadağan olunmuş ədəbiyyatlardan tutmuş, soyuq silahlara qədər əldə ediblər. Bu istiqamətə Azərbaycanda nəzarət var. Ümumiyyətlə, SSRİ dağılandan bəri Azərbaycanda terror təhlükəsi hər zaman açıqdır. Əvvəllər bunu ermənilər törədirdilər, sonra radikal islamçılar başladılar. İndi də İŞİD-lə bağlı olanlar müxtəlif cür əl-qol atmağa başladılar. Ona görə də Azərbaycanda hazırda da terror gözləmək mümkündür. Çünki çox radikal dindarlar var ki, onlar hər zaman tətikdədirlər və nə isə həyata keçirə bilərlər. Hələ ki əməliyyat şəraitinə nəzarət olunduğundan Azərbaycanda ciddi terror hadisəsi baş verməyib. Lakin elə vəziyyətə gəlib çıxıb ki, hər zaman gözləmək mümkündür”.
İ.İsmayıl MDB məkanında terror təhlükəsi ilə bağlı rusiyalıların səsləndirdiyi fikrə də münasibət bildirdi: “Maksimum çalışırlar ki, Rusiyanın təhlükəsizlik xidməti ilə MDB ölkələrinin xüsusi xidmət orqanlarının əməkdaşlığını daha sıx eləsinlər. Onları özlərindən bir qədər asılı vəziyyətə salmağı düşünürlər. Rusiyanın hər zaman bu kimi gedişləri olub. Özlərini elə göstərmək istəyirlər ki, guya SSRİ məkanına onlar hələ də nəzarət edirlər, işləri bunların köməyi ilə aradan qaldırırlar. Xüsusi xidmət orqanlarının yeri gələndə şişirdilmiş bəyanatları ola bilər. Xüsusilə də Rusiya üçün bu, daha aktualdır”.

"YM"

Şərhlər

XƏBƏR LENTİ