SON DƏQİQƏ
XalqXeber.Az » Sosial » Gömrük əlildən arabasının rüsumunu istəyir - Nazir getdi, 4500 manat "yada düşdü"

Gömrük əlildən arabasının rüsumunu istəyir - Nazir getdi, 4500 manat "yada düşdü"

Tarix:

2-10-2018, 15:33

/ 1 389 dəfə oxundu.
Gömrük əlildən arabasının rüsumunu istəyir - Nazir getdi, 4500 manat "yada düşdü"

Bakı Baş Gömrük idarəsi 3 il əvvəl sabiq nazir Səlim Müslümovun xahişi ilə həll edilən əlil arabası üçün yenidən rüsumun ödənilməsini tələb edir.

Yenicag.az xəbər verir ki, 2016-cı ildə birinci qrup əlil Əliyev Turalın dostu ABŞ-da “Gofondme.com” saytında təkərli əlil arabasının alınması ilə bağlı hesab açıb və qısa müddət sonra bu pul yığılıb.

Lazım olan məbləğ yığılandan sonra həmin araba sifariş edilib və Azərbaycana gətirilib. Hava limanında Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları bildirib ki, araba üçün 4 min manat gömrük rüsumu ödənilməlidir. Həmin vaxt Tural Əliyev və ailə üzvləri arabanın birinci qrup əlil üçün gətirildiyini bildirsə də, gömrük işçiləri güzəştlərin ləğv edildiyini deyib.

“KİV və sosial şəbəkələr vasitəsi ilə hadisələri qabartdıq və keçmiş əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov şəxsən özü mənə telefonla zəng elədi və bildirdi ki, “Gömrüyün rəisi ilə danışmışam, məsələni həll etmişəm, gedin arabanızı götürün”. Deyildiyi kimi də oraya getdik, 6-7 saat gözlətsələr də, arabanı bizə təhvil verdilər”, -deyə Tural Əliyev bildirib.

Tural Əliyevin sözlərinə görə, hadisənin üstündən 3 ilə yaxın vaxt keçdikdən sonra, dünən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı ona zəng edərək bildirib ki, o vaxt deklorasiya yazmısınız və 2 il ərzində bu pulu ödəyəcəksiniz deyə öhdəlik götürmüsünüz:

“Arabanı götürən zaman nə mən, nə də ailə üzvlərindən kimsə heç nəyə imza atmamışıq. Gömrüyün əməkdaşına bildiririk ki, məsələ nazir səviyyəsində həll olunub. Cavab olaraq gömrüyün əməkdaşı bildirib ki, sənədlər məhkəməyə göndərilir”.

Tural Əliev bildirir ki, gömrüyün əməkdaşı ona 4 min manatdan əlavə 500 manat da cərimə olunacağını deyib:

“4 min manat rüsum, üstəgəl 500 manat da cərimə. Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşı bildirdi ki, əgər cərimə və rüsumu ödəməsəm, malın dəyərini ödəməli olacağıq. Arabanın dəyəri 14 min dollardır”.

Baş verən problemlə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etdiyini deyən Tural Əliyev bildirib ki, nazirlikdən onlara tutarlı cavab verməyiblər:

“Nazirlikdən bildirdilər ki, dediyiniz məsələ həftəsonu daxili nəzarət şöbəsinə göndəriləcək. Onlar baxacaqlar, məqbuldursa, qabardacaqlar. Ona görə də, qərara gəldik ki, məsələni işıqlandıraq”.

Məsələni aydınlaşdırmaq üçün Dövlət Gömrük Komitəsi ilə əlaqə saxlamağa çalışsaq da, telefonlara cavab verilmədi.

Şərhlər

XƏBƏR LENTİ