SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Abas Əzimov vəfat etdi

Abas Əzimov vəfat etdi

Tarix:

31-08-2018, 13:55

/ 1 596 dəfə oxundu.
Abas Əzimov vəfat etdi

Neftçi-70”, “Futbolumuzun futzal salnaməsi”, “Xatirələrdə yaşayanlar” və “Azərbaycan Milli Komandası” kitablarının müəllifi Abas Əzimov rəhmətə gedib. 1962-ci ildən jurnalistikada çalışan, 21 ildir ki, AFFA-da işləyən Əzimov 82 yaşında vəfat edib.

Əzimov Abas Əzim oğlu 19 dekabr 1936-cı ildə Bakı şəhərində anadan olub. Bakı Neft Texnikumunda oxuduğu illərdə (1956-1959) "Dinamo” cəmiyyətində əməkdar məşqçi Əfqan Səfərovun rəhbərliyi altında yüngül atletika ilə məşğul olmağa başlayıb. Həmin illərdə orta ixtisas məktəbləri arasında keçirilən spartakiadalarda iştirak edib, 5000 və 10000 metr məsafələrə qaçanlar arasında mükafata layiq yerlər tutub.

1967-ci ildə Azərbaycan Dövlət Universitetini bitirib. Ali məktəb tələbələri arasında keçirilən yarışlarda da uğurla çıxış edib, fəxri fərmanlara təltif edilib. A.Əzimov Azərbaycan və Bakı çempionatlarında "Dinamo”nun şərəfini qoruyub. Universitetdə oxuduğu illərdə yüngül atletika üzrə hakimliyə başlayıb. 1962-ci ildə respublika, 1969-cu ildə isə Ümumittifaq dərəcəli hakim adını qazanıb. 1980-ci ildə Moskvada keçirilən XXII Yay Olimpiya Oyunlarında hakimlik edib. Yaxşı hakimliyinə görə Olimpiadanın xatirə medalına layiq görülüb. Bundan əlavə, Avropa çempionatı, Avropa Kuboku, "Dostluq -84” və bir çox beynəlxalq turnirlərdə hakimlik edib. A.Əzimov 1964-cü ildən SSRİ Jurnalistlər İttifaqının üzvü olub. 1962-ci ildən 1997-ci ilədək Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətində idman proqramları redaksiyasında müxtəlif vəzifələrdə çalışıb. 1995-ci ilin idman yekunlarına görə Abas Əzimov ilin ən yaxşı idman jurnalisti seçilib. 1997-ci ildən Beynəlxalq İdman Jurnalistləri Assosiasiyasının (AİBS) üzvü olub. A.Əzimov 2008-ci ildə Azərbaycan Respublikasının əməkdar jurnalisti adına layiq görülüb. "Neftçi - 70”, "Futbolumuzun futzal salnaməsi”, "Xatirələrdə yaşayanlar” və "Azərbaycan Milli Komandası” kitablarının müəllifidir. 1997-ci ilin aprelindən Azərbaycan Futbol Federasiyaları Assossiasiyasında çalışırdı.

Şərhlər

XƏBƏR LENTİ