SON DƏQİQƏ
XalqXeber.Az » Siyasət » Prezident İlham Əliyevin Qarabağ mesajı - TƏHLİL

Prezident İlham Əliyevin Qarabağ mesajı - TƏHLİL

Tarix:

20-04-2018, 09:33

/ 1 218 dəfə oxundu.
Prezident İlham Əliyevin Qarabağ mesajı - TƏHLİL

Dağlıq Qarabağ probleminin həlli hər zaman Azərbaycan dövlətinin yürütdüyü siyasətin prioritet istiqamətlərindən biri olub. Prezident İlham Əliyevin ölkəmizə rəhbərlik etdiyi ötən 15 il ərzində xeyli diplomatik uğurlar əldə edilib. 2016-cı ildəki qısa müddətli aprel savaşı nəticəsində isə Cəbrayıl, Füzuli və Ağdərə rayonlarının ərazilərinin bir hissəsi işğaldan azad olunub.
Aprelin 18-də parlamentdə baş tutan andiçmə mərasimində çıxış edən prezident İlham Əliyev bir daha Dağlıq Qarabağ və işğal olunmuş digər rayonların azad olunması məsələsini diqqət mərkəzində saxlayıb. O, qeyd edib ki, son 15 ildə bir sıra mötəbər təşkilatlar tərəfindən münaqişə ilə bağlı bizim təkliflərimiz qəbul edilərək, önəmli qətnamələr qəbul olunub. Münaqişənin həlli ilə bağlı hüquqi bazanın mövcud olduğunu xatırladan dövlət başçısı qeyd edib ki, Azərbaycan son 15 ildə Ermənistanın işğalçı siyasətini ifşa edib, ölkəmizin səyləri nəticəsində Ermənistan bır çox regional layihədən təcrid olunub: "Ordumuzun gücünü düşmən də gördü. Aprel döyüşləri bizim şanlı tariximizdir, bizim böyük qələbəmizdir. Bizim hərbi qələbəmiz Azərbaycan xalqının gücünü, yenilməz ruhunu göstərir. Bu onu göstərir ki, Azərbaycan xalqı heç vaxt bu işğalla barışmayacaq, öz torpaqlarımızı azad edəcəyik. Buna nail olmaq üçün daha da güclü olmalıyıq və olacağıq”.
Dövlət başçısının geniş çıxışında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fikirləri xüsusi diqqət çəkir. Bununla prezident İlham Əliyev hansı mesajları verdi?
Mövzu ilə bağlı "Kaspi” qəzetinə açıqlamasında Milli Məclisin deputatı, politoloq Aydın Mirzəzadə aprelin 18-də andiçmə mərasimində İlham Əliyevin Qarabağ münaqişəsi ilə bağlı səsləndirdiyi fikirləri şərh edərkən bildirdi ki, ilk növbədə güclü dövlətin rəhbəri belə prinsipial və sərt mesajlar verə bilərdi: "Dövlət başçısı 15 illik fəaliyyəti ilə ulu öndər Heydər Əliyev irsinə söykənərək güclü, müstəqil dövlət qura bilib. Ölkəmiz bu gün iqtisadiyyatını inkişaf etdirir, sahibkarlığa dəstək verir. Güclü ordumuz var və Azərbaycan diplomatiyası öz sözünü deyir. Eləcə də güclü dövlətimiz güclü beynəlxalq nüfuza malikdir. Bu baxımdan Azərbaycanın işğal edilmiş torpaqlarla bağlı mövqeyi günü-gündən güclənir. Prezident İlham Əliyev ilk növbədə Ermənistana torpaqlarımızın işğaldan azad edilməsi tələbini irəli sürdü. Eləcə də dövlət başçısı bu məsələdə Azərbaycanın heç vaxt güzəştə getməyəcəyini bildirdi”.
A.Mirzəzadə əlavə etdi ki, dövlət başçısı nitqində həm də beynəlxalq ictimaiyyətə Azərbaycanın özünün hüquqlarını qorumaq gücündə olduğunu çatdırdı: "Dünya ictimaiyyətindən beynəlxalq hüquqa və ədalətə söykənən siyasət yürüdülməsini tələb etdi. Prezident İlham Əliyev eyni zamanda hakimiyyətin xalqın dəstəyi ilə güclü olduğunu göstərdi. Hər bir vətəndaşa öz təşəkkürünü bildirdi və bu etimaddan çox qürur hissi duyduğunu elan etdi. Ümumən götürdükdə, aparılan siyasət milli maraqlara cavab verəndə qarşıya qoyulan istənilən ədalətli prinsipi həyata keçirmək olur”.
Siyasi İnnovasiya və Texnologiyalar Mərkəzinin direktoru, politoloq Mübariz Əhmədoğlu bildirdi ki, prezident İlham Əliyevin ötən 15 ildəki fəaliyyəti regionda yeni bir vəziyyət yaradıb: "İnauqurasiya mərasimində dövlət başçısının Qarabağla bağlı dediklərindən gəldiyim qənaət bundan ibarətdir. Hesab edin ki, 15 il əvvələ qədər Ermənistana çox böyük ümidlər var idi, iqtisadiyyatı o qədər bərbad vəziyyətdə deyildi, geosiyasi müttəfiqləri var idi, ermənilər öz dövlətinə inanırdı, miqrasiya sürətlə getmirdi və bu ölkənin həmin dövrdə xarici borcu bir neçə yüz milyon dollar idi. Amma bu gün Ermənistanın heç bir müttəfiqi yoxdur, hətta diasporla ölkə rəhbərliyi arasında ədavət mövcuddur. Əhali Ermənistanı tərk edir, yəni miqrasiya demoqrafik problemə çevrilib. Heç bir dövlət bu ölkəyə investisiya qoymur, göndərilən investisiyalar cüzi miqdardadır. Pulların bir miqdarı da yardım qrafasındadır. Humanitar yardımla milləti saxlamaq olmaz. Ermənistanın xarici borcu artıq 7 milyard ABŞ dollarına qədər artıb. Bu vəziyyəti nə ermənilər yaradıb, nə də təsadüfdən yaranmayıb. Elə bu, Azərbaycan prezidentinin apardığı siyasətin nəticəsidir. Dövlət başçısının fikrincə, Qarabağ problemini kökündən həll etməyin vaxtıdır. İlham Əliyev özünü məhz problemi birdəfəlik həll etmək gücündə olan bir lider hesab edir. Ona görə də təsiretmə dairəsini belə geniş götürüb. Yəni, başa düşür ki, Dağlıq Qarabağ separatizminin kökü bu qondarma rejimdə deyil və bu, sadəcə kiçik bir cücərti ola bilər. Erməni separatizminin kökü Ermənistandadır, bəlkə də beynəlxalq aləmdədir. Ona görə də ölkə prezidenti Ermənistanı bir dövlət kimi o hala gətirmək istəyir ki, onlar Dağlıq Qarabağdakı separatizmin cücərməsini ağıllarına belə gətirməsinlər. İlham Əliyev məhz bunun mesajını verdi”.
M.Əhmədoğlu əlavə etdi ki, beynəlxalq aləm Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini dəstəkləyir: "Dünya ictimaiyyəti bilir ki, nəinki Qarabağ, hətta Ermənistan özü tarixən Azərbaycanın ərazisidir. Təxminən mart ayında Rusiya Xarici İşlər Nazirliyi öz səfirliyi vasitəsilə Yerevanda Türkmənçay müqaviləsinin 190 illiyi ilə bağlı tədbir keçirdi. Orada rusiyalı ekspertlər sübut etdilər və hətta Ermənistanın tanınmış siyasi xadimlərinə də dedirtdilər ki, 190 il bundan əvvələ qədər burada Ermənistan adlı dövlət olmayıb. Hətta bunu dilə gətirənlərdən biri Ermənistan parlamentinin indiki vitse-spikeri Eduard Şarmazanov idi. Azərbaycan prezidentinin gördüyü işlərin nəticəsində artıq xarici ekspertlər başa düşürlər ki, bu regionda Ermənistan olmayıb, ermənilər gəlmədir və tarixən bu torpaqlar Azərbaycana məxsusdur. Ulu öndər Heydər Əliyevin siyasətini eyni ilə bu gün İlham Əliyev davam etdirir. Müxtəlif kitablar, xəritələr dərc edilir. Amma İlham Əliyevin Dağlıq Qarabağ məsələsində, Azərbaycanın haqq işinin dünyaya çatdırılmasında ən vacib işlərindən biri Bakını siyasi fikir mərkəzinə çevirməsidir. Paytaxtımız beynəlxalq tədbirlərin keçirildiyi bir məkana çevrilib və ölkəmizin haqq işini elə buradaca çatdırmağa imkan yaradılıb”.

Şərhlər

XƏBƏR LENTİ