yüklənir...
yüklənir...

SONDƏQİQƏ

XalqXəbər.Az
yüklənir...

''Kölə xalq'', yoxsa ''təşkilatlanmamış kütlə''?

''Kölə xalq'', yoxsa ''təşkilatlanmamış kütlə''?
19-01-2018, 15:05 377 dəfə baxılıb

Jim Jones-u tanıyırsınız? ABŞ-da din xadimi idi. O, elə bir qəribə hadisə törədib ki, yəqin, hələ çox araşdırılacaq. 60-70-lərin kütləvi seks, narkotik, roknrol (sex, drugs, rock-n-roll) hərəkatının təsiri altında xeyli adam dəli olmuşdu. Onları təsir altına salmaq, onlardan manyak düzəltmək Hitlerdən bəri heç vaxt o qədər asan olmamışdı. Bu Jim Jones da ətrafına adamları yığıb Bibliyadan danışıb, həm də onların könlünü oxşayan vədlər verirdi. Arvadı ilə özünün 1 uşaqları var idi, əlavə olaraq, 5 qaradərili uşağı övladlığa götürmüşdülər. Jones afro-amerikalıların hüquqlarını müdafiə edirdi. Buna görə Martin Luther King Jr. mükafatı da almışdı.
Bir gün federal hökumətdən xəbərdarlıq gəldi ki, Jones icmasından gələn pulların xərclənməsində şəffaflıq yoxdur, korrupsiya ehtimalı var. Jones buna görə elan etdi ki, gedirik Qayanaya. Bu Qayana da Cənubi Amerikanın şimal-şərqində yerləşən bir səllim ölkədir. Hazırda 215 min kv. km sahəsi, cəmi 773 min nəfər əhalisi var. Britaniyanın müstəmləkəsi olub əvvəllər. Dəniz sahilində bir az yaşayış var. Qalan hissə əsasən cəngəllik, boş torpaqlardır. Jones orada bir yer tapıb Jonestown adlı yaşayış məntəqəsi salır.
Jonestown-da kommunizm qaydaları tətbiq olunur, qaydaları pozanlar cismani cəzalara məruz qalırdılar. Jones-a tabe olan avtomatlı mühafizəçilər insanlara oranı tərk etməyə də icazə vermirdilər. ABŞ konqresmeni Leo Ryan bu məsələyə diqqət cəlb edir və öz komandası ilə Qayanaya yola düşür. Ona bir qrup jurnalist də qoşulur. Jones qonaqlarını əvvəlcə xoş qarşılayır. Onların gözünün qabağında “kim istəsə, gedə bilər”,- deyə bildirir. Hətta 15 nəfər düşərgədən gedir. Amma nümayəndə heyəti oranı tərk edəndə Jones-un əmri ilə onlara atəş açılır. 5 nəfər, o cümlədən konqresmen Ryan və jurnalistlərin bir qismi öldürülür.
Bu xəbər yayılan kimi Qayana ordusu Jonestown-a yola düşür. Bu zaman Jones dəhşətli göstəriş verir: hamı intihar etsin. Sianid qatılmış içkilər əvvəlcə uşaqlara içirdilir: 304 uşaq qətlə yetirilir. Ardınca insanlar intihar edirlər. Jones özü daxil olmaqla 918 nəfərin 909-u ölür. Bu, 2001-ci il, 11 sentyabr hücumuna qədər ABŞ-ın bir dəfəyə baş verən ən böyük mülki əhali itkisi sayılır.
Bu qədər kuryoz olmasa da, insanların təsirə düşdüyü çoxlu hadisə var (əlbəttə, bunun bəşər tarixindəki zirvəsi Hitlerdir). Həqiqəti bildiyini iddia edən adam yüzlərlə, bəzən milyonlarla insanı ardınca çəkib ölümə qədər apara bilir. Bu, Qədim Romada da belə idi, xaç yürüşlərində də, dünya müharibələrində də, Jonestown-da da, Ərdoğan Türkiyəsində də. Bəs bunun sirri nədədir? Mən indi bu qısa yazıda insan beynində gedən proseslərdən danışmayacam, sahəm də deyil. Sadəcə 1 nəfərin bu qədər böyük gücə necə nail olmasının sirri olmalıdır, deyə düşünürəm. Prussiya kralı hərbi yürüşlərindən birində düşərgə salan ordusu barədə yaxınına deyir ki, əslində bizim düşmənimiz bu əsgərlərdir. Biz onları ölümə göndəririk, istəsələr, bizi bu an öldürə bilərlər, heç nə edə bimərik, çünki biz bir neçə nəfərik, onlar isə 40 min nəfərdir. Bəs necə olur ki, 40 min nəfər 1 nəfərə tabe olu, onun əmri ilə gedib ölürlər?
Harari deyir ki, bu məsələdə açar nöqtə təşkilatçılıqdır. Kim insanları təşkilatlandıra bilirsə, qalibdir. Məsələn, ovçuluq və yığıcılıqla məşğul olan qədim insan müasir insandan ağıllı, bacarıqlı olub. O, qabağına çıxan bitkinin xüsusiyyətlərini, yeməli, yoxsa zəhərli olduğunu, nə vaxt dərilsə, dadlı olduğunu, yırtıcı heyvanlardan necə qorunmağın yollarını, mamont boyda heyvanı necə ovlamağın üsulunu və sairi bilirdi. Çətin vəziyyət qarşısında daha cəld çıxış yolu tapırdı (yoxsa yaşaya bilməzdi), ağlı iti idi, sürətlə işləyirdi. İndiki orta-statistik insan fərdi xüsusiyyətlərinə görə ondan çox geri qalır. Amma bizim sosial təminat sistemimiz, nəhəng ticarət şəbəkəmiz və s. müasir dövrə aid olan nəsnələrimiz var. Bu ziddiyyətin səbəbi ondadır ki, qədim insanlar bizim kimi təşkilatlana bilmirdilər. Onların beyni bizimkindən cəld, iti işləsə də, bizdən xeyli geri olublar, çünki təşkilatlana bilməyiblər.
Türkiyənin yarısı Ərdoğanın əleyhinədir, amma öhdəsindən gələ bilmirlər. Niyə? Çünki Ərdoğan daha yaxşı təşkilatlanıb. Çauşeskunun edam səhnəsi yadınızdadır? Nə qədər zəif, gücsüz görünürdü. Bir neçə gün qabaq əzələli idmançı deyildi o qoca. Yenə həmin zəif adam idi, amma on milyonlarla rumın ona tabe idi. 1 nəfər orta ölçülü rumın onu öldürə bilərdi, amma 20 milyon belə rumın ola-ola bunu bacarmırdılar. Çünki təşkilatlanmamışdılar.

Yəni “kölə xalq” yoxdur, “təşkilatlanmamış kütlə” var.

Yazı müəllifin fikirlərini əks etdirir və Meydan TV-nin mövqeyi ilə üst-üstə düşməyə bilər.


www.xalqxeber.az

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: yoxsa, Kole, xalq, teshkilatlanmamish, kutle
ŞƏRH YAZ
yüklənir...
yüklənir
OXŞAR XƏBƏRLƏR
VİDEO ÇARX
XƏBƏR LENTİ

16-10-2018


15-10-2018

BÜTÜN XƏBƏRLƏR
GÜNDƏM
yüklənir...
FACEBOOK SƏHİFƏMİZ
SONDƏQİQƏ