SON DƏQİQƏ
XalqXeber.Az » Dünya » Nazim İbrahimovu Bodrumda qonaq edən keçmiş MİT-çi həbs olundu...

Nazim İbrahimovu Bodrumda qonaq edən keçmiş MİT-çi həbs olundu...

Tarix:

22-08-2017, 11:47

/ 83 027 dəfə oxundu.
Nazim İbrahimovu Bodrumda qonaq edən keçmiş MİT-çi həbs olundu...

Türkiyədə Milli İstihbarat Təşkilatının keçmiş zabiti, nüfuzlu sovetoloq Enver Altaylı ötən gün “FETÖ təhqiqatı” çərçivəsində Antalyada həbs olunub. Türkiyə mənbələrinə istinadən xəbər veririk ki, Enver Altaylı dindirilmək üçün Ankaraya aparılıb, onun yüksək rütbəli FETÖ mənsubları ilə əlaqələrinin olduğu iddia edilir.

Enver Altaylının adı Azərbaycanla da bağlıdır. Onun ötən əsrin 90-cı illərinin ortalarında Azərbaycanda Türkiyə xüsusi xidmət orqanlarının da dəstək verdiyi çevriliş cəhdində rolunun olduğu bildirilir. Habelə Enver Altaylının yüksək rütbəli Azərbaycan məmuru-Diasporla iş üzrə Dövlət Komitəsinin rəhbəri Nazim İbrahimovla şəxsi dostluq münasibətləri var.

Enver Altaylı 1944-cü ildə Ceyhanda anadan olub, Almaniya və Avstriyada Şərqi Avropa hüququ və sovetologiya üzrə təhsil alıb. 1968-ci ildə MİT-də sovetoloq kimi işə başlayıb. Daha sonra MİT-dəki işindən ayrılıb MHP-də fəaliyyət göstərsə və yazarlıqla məşğul olsa da Enver Altaylı kəşfiyyat mənsubu kimi tanınıb. Ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan və Özbəkistanda millətçi hərəkatların formalaşmasına dəstək verib və Türkiyə mediasında yer alan iddialara görə Tansu Çillərin baş nazirliyi dövründə Azərbaycanda baş tutmayan hakimiyyət çevrilişində rolu olub.

Lakin Enver Altaylının bu hadisələrdəki roluna dair konkret dəlillər ortaya qoyulmur. Onun özü isə həmin iddiaları rədd edib.

Bununla belə Enver Altaylının Azərbaycanın Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimovla yaxın münasibətlərini təkzib etmirlər.

2012-ci ilin iyul ayında “Hürriyyet” qəzetinin yazdığına görə Nazim İbrahimov və ailə üzvləri-həyat yoldaşı və qızları sovetoloq Enver Altaylının və iş adamı Serhat Ilıçakın qonağı olaraq Bodrumda 15 günlük tətil keçirib. Nazim İbrahimov və ailə üzvləri Bodrumun Gündoğan qəsəbəsində özəl villada qalıblar, tətil müddətində Bodrumu gəziblər, jurnalistlər onları restoranlarda yemək yeyərkən və görməli yerləri dolaşarkən görüblər, fotolarını çəkiblər.

Şərhlər

XƏBƏR LENTİ