SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məhkəmələr Bakı sakinini canına yığıb - ŞİKAYƏT

Məhkəmələr Bakı sakinini canına yığıb - ŞİKAYƏT

Tarix:

7-07-2017, 10:20

/ 113 464 dəfə oxundu.
Məhkəmələr Bakı sakinini canına yığıb - ŞİKAYƏT

Yasamal rayon sakini Vaqif Hüseynovun Xəzər rayonunda ona məxsus bağın bacısı tərəfindən qanunsuz ələ keçirilməsi ilə bağlı xəbər vermişdik.Vaqif Hüseynov yenidən “Cümhuriyət” qəzetinə müraciət edərək xeyli müddətdir ki, məhkəmələrdə süründürülməsindən gileylənib. Onun sözlərinə görə üz tutduğu instansiyalarda qanunsuz qərar və hökmlərdən təngə gəlib. Hakimlər müvafiq qərar və qanunlara məhəl qoymur.Bağın qanunsuz ələ keçirilməsində rolu olan qaynı indi də məhkəmələrə müdaxilələrdən çəkinmir. Bu səbəbdən işin həllinə nail olmaqda çətinlik çəkir. Qeyd edək ki, Xəzər rayonunun Xuna qəsəbəsində yerləşən 0, 25 ha 345 saylı bağ, torpaq sahəsi 31.12.1964-cü il tarixdə “Bağ sahəsinin və tikililərin uzun müddət icarəyə verilməsi üçün 4220 saylı müqavilə”yə əsasən atası Rüstəm Hüseynov və onun ailə üzvlərinə istifadə üçün icarəyə verilib. 1969-cu ildə atası dünyasını dəyişdikdən sonra bağın idarə və istifadə edilməsi, onun bütün təsərrüfat işləri Vaqif Hüseynovun üzərinə düşüb. Lakin formal olaraq icarə müqaviləsi 1970-ci ildə “Bağ sahəsinin və tikililərin uzun müddət icarəyə verilməsi üçün 4220 saylı müqavilə”yə əsasən mərhum anası Əminə Hüseynovanın adına rəsmiləşdirilib. Amma bağın icarə müqaviləsində ailə üzvü kimi bacısı Mehriban Hüseynovanın adı qeyd edilib.Valıdeynlərinin rəsmi nikahından Sabir Hüseynov, Adil Hüseynov, Arif Hüseynov, Vaqif Hüseynov və Mehriban Hüseynova doğulub.Şikayətçinin dediyinə görə qardaşları Sabir, Arif və Adil müvafiq illərdə ailə həyatı quraraq ayrı yaşayıblar.Özü və bacısı Mehriban isə valideynlərilə yaşayıb.1972-ci ildə isə Vaqif Hüseynov ailə həyatı quraraq həyat yoldaşı ilə birgə valideynlərilə yaşamağa davam edib. Vaqif Hüseynov iddia edir ki, 1970-ci il tarixli 4220 saylı İcarə Müqaviləsində bağlar təsərrüfatı trestinin müdirinin səhlənkarlığı və kobud səhvi nəticəsində qanunsuz sənəd çıxarılıb: ““İcarə haqqında” Azərbaycan Respublikasının Qanunun 13.6 maddəsini (İcarəçi vətəndaş ilə müqaviləyə xitam verilərkən onunla birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun) və icarə müqaviləsinin 9-cu bəndi (“İcarədarla” birlikdə bağdan istifadə edən, sərbəst əmək haqqı alan ailə üzvlərinin hamısı, bu müqavilə ilə əlaqədar icarədarın bütün öhdəlikləri ilə bağlı birlik arasında həmrəylik məsuliyyəti daşıyır) kobudcasına pozularaq hüquqlarım tapdanıb və mən anamın ailə üzvü kimi göstərilməmişəm. Halbuki mən anamın I dərəcəli ailə üzvü kimi bağdan faktiki istifadə və idarə edən bir şəxs kimi qeyd edilməli idim.Bağdan istifadə edən, müstəqil qazancı olan və bağın bütün təsərrüfat işlərini aparan ailə üzvü mən olduğum halda, icarə müqaviləsində bacımın adı göstərilib. Vaqif Hüseynov sözügedən müqavilədə bacısı Mehriban Hüseynovanın adının qeyd edilməsi barədə iddia ərizəsi ilə Nərimanov rayon məhkəməsinə müraciət edib.Həmin müqavilədə düzəliş etmək və adının bacısı ilə birlikdə qeyd edilməyini xahiş edib. Nərimanov Rayon Məhkəməsi isə şikayətçinin iddiasını geri qaytarıb və ona izah edib ki, məhkəməyə müraciət etməzdən əvvəl icarə müqaviləsinə düzəliş edilməsi üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə, ərizəsi təmin olunmadığı təqdirdə isə məhkəməyə müraciət edə bilər: “Mən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinə ərizə təqdim etmişdim ki, sözügedən müqavilədə düzəliş etmək, bacımla birlikdə adımı sənəddə qeyd etmək, bizdən fərqli olaraq bacıma hansı əlavə hüquqların verilməsi və nə kimi üstünlüyə malik olub-olmaması haqda məlumat versinlər. Təəssüf ki, bu ərizəmə də qənaətbəxş cavab ala bilmədim. Məlum olduğu kimi 1997-ci il 10 yanvar tarixli “Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərini, həyətyani sahələrini, fərdi, kollektiv və koperativ bağların, Dövlət Bağçılıq Təsərrüfatının idarəçiliyində bağların) torpaqların, onların mülkiyyətinə verilməsi” adlı fərman təsdiqlənib. Fərmana görə icarə müqaviləsi anam Əminə Hüseynovanın adına olub. Deməli, mən sözügedən fərmandan bəhrələnməliyəm.Hüquqlarım kobud şəkildə pozulmaqla yanaşı, prezidentin göstərişlərinə də əməl olunmur.Bağlar Təsərrüfatı İdarəsinin səhvinin qurbanı olmuşam və anamdan miras qalmış əmlakdan uzaqlaşdırılmışam.Halbuki anam sağ ikən ona qulluq edən, müalicəsi üçün lazım olan bütün xərcləri çəkən, bir sözlə, ona bütünlükdə dəstək çıxan mən olmuşam.“İcarə haqqında” Qanunun 13.6-cı maddəsinə əsasən “İcarəçi vətəndaşla müqaviləyə xitam verilərkən onunla birgə yaşamış və işləmiş ailə üzvüləri icarə müqaviləsi bağlamaqda üstün hüquqa malikdirlər.İcarəçi vəfat etdikdə icarə müqaviləsi üzrə onun hüquqları birlikdə yaşamış və işləmiş ailə üzvlərindən birinə keçir, bu şərtlə ki, həmin ailə üzvü icarəçi olmağa razı olsun.Doğum haqqında şəhadətnaməmə əsasən mən ailə üzvü sayılmalıyam”. Nərimanov Rayon Məhkəməsinin hakimi Abbas Əliyevin işə obyektiv baxılmamasından şikayətlənən Vaqif Hüseynov məhkəmə iclaslarının ötəri keçirildiyini deyib.Bildirib ki, hakim onun tələb və təqdim eydiyi bütün sənədləri araşdırmadan addım atıb: “Hakim 73 yaşımın olmasını nəzərə almadan tez-tez sözümü kəsir. Fikrimi və izahatlarımı sona çatdırmağa imkan vermir.Məhkəmə zalını tez tərk etməyim üçün məni tələsdirirdi. Hakim vacib qanunlara, ən başlıcası isə prezidentin 10 yanvar 1997-ci il tarixli fərmanına sayğısızlıq nümayiş etdirərək, məsələnin əsl mahiyyətini qulaqardına vurdu. Onun qəbul etdiyi qərarlar qanuna ziddir və bu ləğv olunmalıdr”. Şikayətçi əlavə edib ki, mübahisəli məsələnin həllinə heç cür nail ola bilməməsinin başlıca səbəbkarı məhz yeznəsi Asif Zeynallının məhkəmə və digər instansiyalara müdaxiləsidir: “45 ildir ki, bağda yaşayıram. Məndən başqa heç kim o bağa gəlməyib və heç nə etməyib. Həmişə deyilib ki, bağ sənindir.Bacım və qardaşlarım hər zaman ora qonaq kimi gəliblər.Bağla bağlı sənədlər bacımda olub. 2001-ci ildə isə ərinin vasitəsilə o sənədləri adına keçirib. Müqavilədə isə ailə üzvü kimi həyat yoldaşı Asif Zeynallı göstərilib.Bu qanunazidd hərəkətdir. Anamın adından bacımın adına keçirmək üçün bütün ailə üzvlərinin icazə ərizələri yazılmalı idi. Amma bu edilməyib.Həyat yoldaşının adı o sənədə qanunsuz yolla düşüb.Anlamadığım məsələ isə qanunazidd əməllərə yol verilməsidir. Anamın adına olan müqavilədə bacımla birgə mənim adımın da qeyd olunması məqsəduyğundur və düzəliş edilərsə, ədalətli qərar olar”. Məsələ ilə bağlı Yasamal rayon sakini məhkəmələrin ədalətli qərar çıxarılması və işin obyektiv araşdırılması üçün ölkə başçısına və ədliyyə nazirinə rəsmi məktubla müraciət etdiyini vurğulayıb.

Şərhlər

XƏBƏR LENTİ