SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Ağalar Vəliyev Kəlbəcər qaçqınını “həsir-yesir” edib - İTTİHAM VAR

Ağalar Vəliyev Kəlbəcər qaçqınını “həsir-yesir” edib - İTTİHAM VAR

Tarix:

6-07-2017, 09:35

/ 57 782 dəfə oxundu.
Ağalar Vəliyev Kəlbəcər qaçqınını “həsir-yesir” edib - İTTİHAM VAR

Bir-iki gün bundan öncə redaksiyaya ərizə ilə müraciət edən və Kəlbəcər rayonu işğal olunduqdan sonra, adı çəkilən rayonun Qılınclı kəndindən məcburi köçkün düşən, uzun illərdən bəri isə Abşeron rayonu, Xırdalan şəhəri Quşçuluq Massivi adı ilə tanınan ərazidə məskunlaşan Balayev Osman Müzəffər oğlu, xeyli müddət bundan öncə üz-üzə qaldıqları problemlərin varlığından bəhs edir. Belə ki, o, yazmış olduğu ərizəsində qeyd edir ki, “bizim ailə altı nəfərdən və iki təsərrüfatdan ibarətdir. Mən və həyat yoldaşım Balayeva Ceyran Araz qızı, oğul övladımız Balayev Amil Osman oğlu bir təsərrüfat, digər oğlum Müzəffərov Ramil Osman oğlu və onun həyat yoldaşı Müzəffərova Vəsilə Ələsgər qızı, həmçinin onların birgə nigahdan olan övladları Müzəffərli Kənan Ramil oğlu isə ayrı təsərrüfatdırlar. Onu da vurğulayım ki, bizim uzun illərdən bəri məskunlaşdığımız ərazi əvvəllər anbar yeri adı ilə tanınıb və qeyri-yaşayış sahəsi də hesab olunub. Yaşadığımız ərazi “Aqrar Tikinti” ASC-nin balansında olub və həmin cəmiyyətin millət vəkili Ağalar Vəliyevə məxsus olduğu da bildirilir. Onu da qeyd edim ki, xeyli müddət bundan əvvəl həmin ərazini Ağalar müəllim biznes məqsədilə “Kristal Abşeron” MMC-nin rəhbəri Məhayət Nəbiyevə həvalə etdi. Millət vəkili hələ 15 aprel 2016-cı il tarixdən bu ərazidə yaşayan məcburi köçkünləri, həmçinin bizi mənzillə, yaxud da kompensasiya ilə təmin etməyi öhdəsinə götürdü və bu işləri yerinə yetirməyi “Kristal Abşeron” MMC-nin rəhbəri, hansı ki, əslən Tovuz rayonundan olan Məhayət Nəbiyevə tapşırdı.
Onu da vurğulayım ki, oğul övladlarım Ramil Müzəffərov və Amil Balayev 09 noyabr 2011-ci il tarixə kimi Ağalar müəllimə məxsus şirkətdə mühafizəçi işləyiblər. “Kristal Abşeron”un mühafizəçiləri hər ay 450 AZN maaş alsalar da, Məhayət müəllimin işçisi İlqar adlı şəxs isə, onların məcburi köçkün olmalarından istifadə edərək, hər ikisinə aylıq 200 manat maaş verəcəyini bildirir və az sonra da, hər iki qardaşı təhqir edərək işdən də çıxarır.
Bundan əlavə, ərazidə yaşayan məcburi köçkün ailələrinin hər biri mənzillə, yaxud da 60000-65000 manat məbləğində kompensasiya ilə təmin olunsalar da, hətta kənarda şəxsi mənzili olanlara mənzil verilsə də, bizi nə mənzillə, nə də ki, kompensasiya ilə təmin etmədilər. Belə olan halda bu məsələ ilə bağlı 04 iyun 2016-cı il tarixdə, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Baş Nazirin birinci müavini, Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsinin sədri cənab Əli Həsənova ərizə ilə müraciət etdim.
Onu da bildirim ki, 08 iyun 2016-cı il tarixdə NQ-897 və 16 iyun 2016-cı il tarixdə NS-922 saylı ərizələrimə bu gün də cavab verilməyib. Yazmış olduğum ərizəmdə bizim də mənzil və yaxud kompensasiya təmin olunmağımızı xahiş etmişdim. Ərizəmdə onu da vurğulamışdım ki, bu gün “Kristal Abşeron”a rəhbərlik edən M.Nəbiyev, bizi evlə təmin etmək istəmir və bizə “gedin kimə istəyirsiniz şikayətinizi edin” deyir. Cənab Əli Həsənovdan 12 dekabr 2016-cı il tarixdə “Kristal Abşeron”a təkrar məktub göndərilərək bizim mənzil, yaxud da kompensasiya ilə təmin olunmağımız qeyd olunsa da, “Kristal Abşeron”un rəhbərliyi, bu gün də bizə rədd cavabı verməkdədir. Məsələ ilə bağlı Qaçqın və Məcburi Köçkünlərin İşi Üzrə Dövlət Komitəsi, Xırdalan şəhər şöbəsinin müdiri Vidadi müəllimə, Kəlbəcər rayon İcra Hakimiyyəti başçısının müavini Eldəniz müəllimə, Əli Həsənovun müavini Gəray müəllimə, Əhliman müəllimə, hətta millət vəkili Ağalar Vəliyevə belə dəfələrlə müraciət etsəm də, çox təəssüflər olsun ki, hələ də heç bir nəticə yoxdur. Adlarını çəkdiyim vəzifə sahiblərindən üz-üzə qaldığımız problemin həlli ilə bağlı kömək istədim, amma bir kimsə bizə köməklik etmədi. Artıq bir ildən çoxdur ki, bizim belə bir problemimizlə bir kimsə maraqlanmır. Bu gün ailə üzvlərimiz olduqca acınacaqlı vəziyyətdə yaşayırlar. Hətta, vəziyyət o həddə gəlib çatıb ki, öz avtomobilimizi həyətimizə salmağa icazə vermirlər. Baş alıb gedən səs-küydən heç cür dayanmaq olmur. Evdəki körpə uşaqlar səs-küydən sakitlik tapa bilmirlər. Ümumilikdə götürdükdə, burada yaşamaq olduqca çox çətindir”.
Sözsüz ki, bütün bunlar dədə-baba torpaqlarından qaçqın düşən və bəzi şəxslərin günahı ucbatından çıxılmaz duruma salınan Osman Balayevin haqlı mübarizəsidir, haqqına qovuşmaq istəyidir. Bu gün çoxsaylı ailə üzvləri ilə birlikdə küçələrə və olmazın oyuna salınan bu şəxs, bir ildən çoxdur ki, haqqına qovuşmaq istəyi ilə mübarizə aparır, amma məqsədinə nail ola bilmir. Belə bir səbəb üzündən də o, mətbuat vasitəsilə qaçqın və məcburi köçkünlərin, digər imkansız şəxslərin problemlərinin həllinə çalışan, daha çox sadə sakinlərin yanında olan hörmətli Mehriban xanım Əliyevadan köməklik istəyir. Osman Balayev ümid edir ki, Mehriban xanımın problemin həlli ilə bağlı vermiş olduğu tapşırıq, problemin ədalətli həllinə də səbəb olacaq.
Mövzu diqqətimizdədir.

“Gündəm Xəbər”

Şərhlər

XƏBƏR LENTİ