SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakı şəhəri üzrə Təhsil İdarəsində nüfuz savaşı

Bakı şəhəri üzrə Təhsil İdarəsində nüfuz savaşı

Tarix:

12-06-2017, 13:39

/ 65 623 dəfə oxundu.
Bakı şəhəri üzrə Təhsil İdarəsində nüfuz savaşı

Bakı şəhəri üzrə Təhsil İdarəsində müdir Məhəbbət Vəliyeva ilə müdir müavini Hüseyn Əsgərov arasında münasibətlər qaydasında olmadığı haqqında məlumatlar yayılıb. Bu barədə Editor.az-u bilgiləndirən mənbənin iddiasına görə, buna səbəb müdirə xanımın uzun illərin təhsil mütəxxəssisi, eyni zamanda Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərovun qardaşı Hüseyn Əsgərovu idarədə cərəyan edən proseslərdən uzaqlaşdırmaq cəhdidir.

Mənbəmiz iddia edir ki, 2003-2006-cı illərdə Binəqədi Rayon Təhsil Şöbəsinin müdiri, 2006-cı ildən bu yana isə Bakı şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini kimi fəaliyyət göstərən H.Əsgərov Məhəbbət Vəliyevanın idarəyə müdir təyin edilməsindən sonra faktiki olaraq səlahiyyətlərini itirib. Uzun illərin peşəkar təhsil işçisi olan, Prezident tərəfindən “Əməkdar müəllim” fəxri adı ilə mükafatlandırılan H. Əsgərova idarə ilə bağlı hər hansı həlledici qərarların verilməsində iştirak haqqı tanınmır və onun fəaliyyəti demək olarki, ara-sıra formal tədbir və qəbullarda iştirakla çərçivələnir. Səbəb isə sadədir: Xanım Vəliyeva Bakı təhsilinin real vəziyyəti, mövcud problemləri ilə bağlı peşəkar Hüseyn Əsgərovun təkliflərini diqqətə almaq istəmir və müdir müavinin ümumi işin faydasına olan tövsiyələri ona “mane” olur.

Əvəzində isə Məhəbbət Vəliyevanın idarəyə rəhbər təyin edildikdən sonra özünə yeni komanda toplamağa başlayıb. Məsələn o, İqtisadi İnkişaf Nazirliyində məsləhətçi, “Ata Konsaltinq” MMC-də İdarə heyətinin üzvü, “Konsaltinq-AZ” MMC-də Baş direktorun müavini kimi fəaliyyət göstərən, təhsil sahəsində indiyədək hər hansı təcrübəsi olmayan Rəşad Tağıyevi TƏHSİL İDARƏSİNƏ(?!) müdir müavini təyin etdirməyə nail olaraq, paytaxtın çoxminlik təhsil ictimaiyyətini hörmətli gənc iqtisadçı-hüquqşünasın tabeliyinə verib. Hazırda M.Vəliyevadan sonra Bakı təhsilinə “ağsaqqallıq” edən bu gənc müdir müavini boş qalmış direktor yerlərinə direktor əvəzi şəxslərin təyin edilməsi, sonradan isə müəyyən edilmiş kriteriyalara cavab verməyən bu şəxslərin müxtəlif yollarla direktor təyin olunmasına nail olunması kimi bir sıra digər önəmli və gəlirli sahələrə nəzarət edir.

Məsələn, 162 saylı tam orta məktəbə direktor təyin olunmuş Sevinc Abbasova bircə gün də olsun sinif rəhbəri olmayıb. Bu direktorun 11-ci sinifdə adı coğrafiya müəllimi kimi getsə də əvəzinə dərsləri başqaları deyir. Bu məktəbdə “Rus dili və Ədəbiyyatı”, “Azərbaycan ədəbiyyatı” müəllimi Şəhla Abbasova sentyabrdan bəri bir gün də olsun dərsə girməyib.

Daha bir fakt isə Rəşad Tağıyevin İdarədə Yaqut Məmmədova adlı kadrı ilə bağlıdır. R.Tağıyev Bakı məktəblərinin hansında direktor vəzifəsi boşalırsa, onu müvəqqəti olaraq ora direktor əvəzi göndərir. Yaqut xanım hazırda 20 saylı məktəbin direktoru vəzifəsini icra edir. Hörmətli Rəşad müəllim hətta onun qızı Nihal Hacıyevanı 247 saylı məktəbə direktor təyin etdirib.

Məhəbbət xanımın komandasına daxil olan daha bir şəxs isə paytaxtın təhsil həyatı ilə bağlı kadrların seçilib, yerləşdirilməsinə cavabdeh olan İnsan resursları sektorunun müdiri Raman Məmmədovdur. Ekologiya və Təbii Sərvətlər Nazirliyi, «Aqrolizinq» Açıq Səhmdar Cəmiyyəti, “Texno-Atinak” MMC, “Absheron Construction” MMC kimi şirkətlərdə çalışan Roman müəllim nə qədər qəribə səslənsə də, TƏHSİL İŞÇİLƏRİNİN(?!) işgüzar taleyi ilə bağlı qərar verəcək şəxsdir.

Görünür, yəqin elə bu səbəblərdəndir ki, M.Vəliyeva peşəkar təhsil işçisi, həyatını bu sahəyə həsr etmiş, eyni zamanda dövlətçiliyin keşiyində duran ailələrdən birinin nümayəndəsi Hüseyn Əsgərovla razılaşa və yola gedə bilmir…

Mövzu ilə bağlı adıkeçən şəxslərin də mövqeyini dərc edə bilərik.

Editor.az

Şərhlər

XƏBƏR LENTİ