SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Nəsimi rayonunu sərpa soyarlar, ağrımaz… – Asif Əsgərov nədən arxayındır?

Nəsimi rayonunu sərpa soyarlar, ağrımaz… – Asif Əsgərov nədən arxayındır?

Tarix:

12-06-2017, 10:56

/ 60 243 dəfə oxundu.
Nəsimi rayonunu sərpa soyarlar, ağrımaz… – Asif Əsgərov nədən arxayındır?

RİH başçısı sabiq komitə sədri Rafiq Əliyevdən 300 min manatı ala bildimi?
Bu günlərdə Bakı şəhəri Asif Məhərrəmov küçəsi 46, 50 saylı binanın sakinlərinin Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayəti mətbuatda geniş səs-küyə səbəb oldu.
“Sputnik Azərbaycan”-ın əməkdaşı Bakı şəhəri Nəsimi rayonu, 5-ci mikrorayon, Asif Məhərrəmov küçəsi 46, 50 saylı binaların sakinləri ilə görüşərək, onların narazılıqlarını dinləyib. Sakinlər isə Nəsimi Rayon İcra Hakimiyyətindən və tanımadıqları tikinti şirkətindən şikayətçidirlər.
Asif Məhərrəmov küçəsi 50-ci binada yaşayan Mahirə Kərimova bildirir ki, may ayının 5-dən etibarən 46 və 50 saylı binaların arasında yeni binanın tikintisinə başlanılıb: “Prezident qərar verib ki, bütün “xruşşovka” binalar sökülsün və yerində müasir standartlara uyğun binalar tikilib əhaliyə təhvil verilsin. Bununla razılaşdıq. İşbazlar da hər şeydən istifadə edirlər. Binaların arasında olan torpaq sahəsini çəpərləyib, həyətimizdə tikinti işlərinə başlayıblar. Həyətimiz hər tərəfdən mühasirəyə alınıb. Uşaqlarımız, qocalarımız, xəstələrimiz həyətə düşə bilmir, toz-torpaqdan pəncərəni açıb nəfəs ala bilmirik”.
Bina sakininin sözlərinə görə, artıq elə vəziyyət yaranıb ki, həyətə heç bir tərəfdən yanğınsöndürən, təcili yardım və digər nəqliyyat vasitələrinin daxil olması mümkün deyil. Həyət maili olduğuna görə, tikintiyə başlanılan zaman 50-ci binanın özülünü də bir metrə yaxın qazıblar. Yəni, bina da qəzalı vəziyyətə düşüb”.
46 saylı binanın sakini Ənvər Rüstəmov isə deyir: “O gün vəziyyətim pisləşmişdi, “təcili yardım” çağırdım. İnanın, qoymadılar “təcili yardım” gəlsin. Deyirlər ki, siz bizi şantaj etmək istəyirsiniz. Sonra tanışlıqla həkim gəlib mənə baxıb. Belə insafsızlıq olmaz”.
Onların fikrincə, ərazidə aparılan tikinti işləri qanunsuzdur: “Əllərində heç bir sərəncam, qərardad yoxdur ki, deyək, dövlət layihəsidir. Dövlətin layihəsi olandan sonra biz kimik ki? Sadəcə düşünürük ki, ərazidə tikinti Nəsimi Rayon İcra Hakimiyyətinin başçısının sifarişi ilə tikilir və qanunsuzdur”.
Qeyd edək ki, sakinlər ərazidə tikinti aparılmasına razı olmadıqları haqda ölkə prezidentinə məktub göndərib və Nəsimi Rayon İcra Hakimiyyətində məsələyə aydınlıq gətirilməsi üçün müraciət ediblər.
Əraziyə cavabdeh olan 31 saylı Mənzil İstismar Sahəsinin rəisi Vidadi Həsənovun verdiyi açıqlamaya görə, ərazidə şahmat məktəbi tikiləcək: “Layihə dövlət əhəmiyyətlidir. Ərazidə 4 mərtəbəli şahmat məktəbi tikiləcək”.
Sakinlər onu da iddia edirlər ki, şirkət işçiləri həyətdə olan ağacları kəsib, dibinə beton töküblər (sputnik.az).
Maraqlıdır ki, Nəsimi RİH nümayəndələri sözügedən “şahmat məktəbi”nin layihə eskizinin fotoşəkillərini tikinti ərazisində yerləşdirməyib və sakinlərdə çaşqınlıq yaranmasına səbəb olub.
Bəs görəsən, məmur səhlənkarlığı bu cür davam etməklə, cəmiyyətdə hökumət strukturlarına qarşı inamsızlığa, narazılığın artmasına səbəb olmurmu?
Ölkə mətbuatından başqa maraqlı məlumatları da oxucuların diqqətinə çatdırırıq: “Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun “iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıbdır.
Prezidentin məmurlara övladları ilə bağlı xəbərdarlığından nəticə çıxarmayanlardan biri də Asif Əsgərovdur
Asif Əsgərov mətbuatın diqqətini ilk olaraq oğlunun “avtoş”luğuna görə “cəlb” etməyə başlayıb.
Qeyd edək ki, bir neçə il öncə Asif Əsgərov Səbail RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Süleymanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev, 16 yaşlı Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.

Nəsimidə “yaşıl soyqrım”

Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının “gəlişini” ilk hiss edən rayonun florası oldu.
Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllələrdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Çox da uzağa getmədən deyək ki, Nəsimi rayonunda geniş miqyasda baş verən “yaşıl soyqrım”lardan biri bu ilin mart ayının 31-də həyata keçirildi.
Ola bilsin bu tarix əziz oxucularımıza 100 il bundan əvvəli xatırladır.
Ancaq bu dəfə həyatına son qoyulan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərində əkdiyi ağaclar idi. Rayonun 4-cü mikrorayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülərək binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdıldı. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başladılan söküntü işləri ilə bərabər, binaların arasında qalan istirahət bağındakı ağaclar kəsilərək “Kamaz”larla daşındı.
Qeyd edək ki, o vaxt Nəsimi RİH-i baş verənlərə həmin ərazidə abadlıq işləri aparıldığını deyərək haqq qazandırdı. Ancaq sakinlər iddia edirlər ki, ərazi iş adamlarına satılıb və yaxın günlərdə hündürmərtəbəli binaların tikintisinə başlanacaq.
Rayonda digər “ağac qətliamı” ötən ilin dekabrında Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirildi. Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqladılar. Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildirdilər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə bağça yox, başqa obyektin tikiləcəyini deyirlər” (xalqxeber.az).
Göründüyü kimi, əziz 365info.az oxucuları, nədənsə, bu tikinti çaşqınlıqları əsasən Nəsimi rayonunda yaşanır.
Sakinlərə qarşı RİH nümayəndələrinin kobud davranışları mətbuata çıxır, daha sonra Nəsimi RİH-dən açıqlama gəlir ki, burda bağça tikilir, orda şahmat məktəbi…
Bəs görəsən, o ərazilərdə gedən tikinti dövlət səviyyəsində aparılırsa, niyə müvafiq sənədlər sakinlərə təqdim olunmur və ərazidə müvafiq plakatlar asılmır?
Olmaya, bağça restorana, şahmat məktəbi isə otelə çevrilə bilər?
Bundan başqa, iki il əvvəl virtualaz.org saytında dərc olunmuş “Keçmiş komitə sədri icra başçısının tələb etdiyi rüşvəti açıqladı – 300 min manat” başlıqlı yazı diqqəti cəlb edir: “ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri Rafiq Əliyevlə Nəsimi Rayon İcra Hakimiyyəti arasındakı qalmaqal getdikcə böyüyür.
Sabiq komitə sədri virtualaz.org saytının müxbiri ilə söhbətində Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan istədiyi rüşvətin miqdarını açıqlayıb – 300 min manat. R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib.
Qeyd edək ki, Nəsimi RİH Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) keçmiş sədri Rafiq Əliyevin sahibi olduğu və Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasına mane olur.
Virtualaz.org saytı bu problem barədə oktyabrın 22-də də yazmışdı. Həmin yazıda bildirilirdi ki, Rafiq Əliyevin 2004-cü ildə Bakı Şəhər İcra Hakimiyyəti (BŞİH) başçısının sərəncamı ilə aldığı torpaq sahəsi orada tikinti işləri aparmaq məqsədilə mülkiyyətçi tərəfindən hasarlanıb. Bundan sonra Nəsimi RİH-dən bildirilib ki, o hasarlar söküləcək, tikinti işlərinə isə icazə verilməyəcək.
Rafiq Əliyev isə virtualaz.org saytına açıqlamasında bildirmişdi ki, onlar sentyabrın 21-də Nəsimi RİH-ə bildiriş göndəriblər: “Biz 2004-cü ildə torpağı burada qonaq evi tikmək məqsədilə BŞİH başçısının sərəncamı ilə almışdıq. Mən o zaman tikintini aparmağı məsləhət bilmədim. Daha sonra burada 12 mərtəbəli yaşayış binası tikmək barədə qərara gəldik və bunun üçün də ayrıca sənədləşmə işləri apardıq. Eskiz layihəsini Dövlət Layihə İnstitutu hazırlayıb. Bunun üçün ayrıca akt alınandan sonra nazirliyə təqdim olunub və hazırda işçi layihəsi hazırlanır. O, hazır olandan sonra tikintiyə başlayacağıq.
Amma hasarlama üçün sentyabrın 21-də yerli icra hakimiyyətinə müraciət etmişik. Artıq bir ay keçsə də həmin bildirişə heç bir cavab verilməyib. Halbuki prezidentin fərmanına görə, bu bildirişə 15 gün ərzində ya müsbət, ya da mənfi cavab verilməlidir. Cavab vermədiklərinə görə də qanunla ixtiyarımız çatır ki, hasarlama işini reallaşdıraq. Yəni Nəsimi RİH-in bizə maneə törətməsi qanunsuzdur.
Bu, onların ilk gəlişi deyil. Bundan əvvəl də Nəsimi RİH təsərrüfat şöbəsindən Qurban İsmayılov adlı əməkdaş gəlmişdi. Onunla söhbətimiz isə baş tutmamışdı. Onun tikintini dayandırmağa heç bir əsası və müvafiq sənəd-sübutu yoxdur. Yalnız bunu deyirlər ki, icra başçısının “bığının altından keçmək” lazımdır. Bizə məsləhət gördü ki, onlarla razılığa gələk”.
R.Əliyev həmin açıqlamasında RİH başçısının ondan konkret nə qədər rüşvət tələb etdiyini söyləməmişdi. İndi isə R.Əliyev Q.İsmayılovun ondan məhz icra başçısı Asif Əsgərovun adından heç nə çəkinmədən tələb etdiyi rüşvətin məbləğini açıqlayıb. DQİDK-in keçmiş sədrinin sözlərinə görə, bu məbləğ 300 min manatdır.
“Qurban İsmayılov dedi ki, həmin pul verilməsə, biz sizin hasarları sökəcək, tikintiyə isə imkan verməyəcəyik” – deyə R.Əliyev əlavə edir.
Sabiq komitə sədri deyir ki, rüşvət tələbinə aydınlıq gətirmək üçün icra başçısı A.Əsgərovun özü ilə danışmaq istəyib: “Lakin Asif Əsgərovun köməkçisi məndən əlaqə nömrəmi istədi. Bildirdi ki, Asif Əsgərov sonra özü mənimlə əlaqə saxlayacaq. Mən də telefon nömrələrimi verdim. Amma mənimlə bu günə qədər də heç kim əlaqə saxlamayıb. Bundan əlavə, elə həmin gün axşam RİH-dən göndərilən briqada hasarları sökməyə başladı. Onlar “İrşad” otelinin bu söküntüyə mane olmağa çalışan əməkdaşlarına qarşı da kobudluq ediblər, onlara fiziki təzyiq göstəriblər. Əməkdaşımızın döyülməsini təsdiqləyən məhkəmə-tibb ekspertizasının arayışı da var”.
Qarşı tərəfin mövqeyini öyrənmək üçün Asif Əsgərovla əlaqə yaratmaq cəhdləri nəticəsiz qaldı.
Qurban İsmayılov isə saytın suallarını cavablandırıb. RİH əməkdaşı professor R.Əliyevin yalan danışdığını deyib (virtualaz.org).
Rafiq Əliyevin biznesi və tikinti işləri nə yerdə qalıb, deyə bilmərik… Böhtana görə, Asif Əsgərov sabiq komitə sədrini məhkəməyə veribmi, o barədə də bir məlumat yoxdur. Amma görünür, Nəsimi rayonunda istər sakinlər, istərsə də sahibkarlar üçün problemlər bitmək-səngimək bilmir.

“Zahidin bir barmağın kəssən, dönər, həqqdən qaçar…

Gör bu gerçək aşiqi sərpa soyarlar, ağrımaz”.

Yəqin, hörmətli RİH rəhbərliyi də düşünür ki, İmadəddin Nəsiminin adını daşıyan rayonu nə qədər sərpa soysa, səsini çıxarmayacaq.
Amma 21-ci əsr informasiya əsridir, vətəndaşların narazılığını boğmaq Əsgərovun komandası üçün elə də asan olmayacaq.

(ardı var…).


365info.az

Şərhlər

XƏBƏR LENTİ