SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Şirvan sakini: Oğlumu polisə düzəltmək üçün 10 min aldılar...

Şirvan sakini: Oğlumu polisə düzəltmək üçün 10 min aldılar...

Tarix:

24-01-2017, 16:59

/ 4 254 dəfə oxundu.
Şirvan sakini: Oğlumu polisə düzəltmək üçün 10 min aldılar...

Şirvan şəhər sakini Azər Arif oğlu Mehdiyev daxili işlər naziri Ramil Usubova üzləşdiyi dələduzluq əməli ilə bağlı müraciət ünvanlayıb. Onun müraciətindən belə aydın olur ki, oğlunu daxili işlər orqanlarına işə düzəltmək istəyib, lakin dələduzluqla üzləşib.

A.Mehdiyev müraciətində yazır:

“Cənab nazir. Sizə müraciət edərək başıma gələn dələduzluq hadisəsi barədə dərdimi diqqətinizə çatdırmaq istəyirəm. Oğlum Nicat Mehdiyev 2014-cü ilin aprel ayında hərbi xidmətini başa vurub qayıtdıqdan sonra uşağın özünün və mənim ata kimi arzum polis sıralarına qəbul olunması idi. Bilirdim ki, polis sıralarına gəncləri şəxsən özünüz seçib və qəbul edirsiniz. Fevral ayında şəhərimizə gələcəkdiniz. 2015-ci ilin noyabr ayında tanışım İsgəndər Əkbərov fevral ayına kimi gözləməməyi və qardaşının qaynı Əlizadənin keçmiş hərbi kamissarlıq işçisi olduğundan əlinin hər yerə çatdığını bildirərək uşağı polisə düzəlməsini təklif etdi. 2015-ci ilin noyabırında İsgəndərin vasitəsi ilə Əlizadə Rəşidov ilə ilk öncə telefonla danışdıq. Mənə 2 min manat ilkin olaraq pul gətirib verməyi və oğlumun sənədlərinin gətirməyi bildirdi. Həmin 2 min manatı guya oğlumun adını qeydiyyata salmaq üçün istədiyini bildirdi. 2 min manatı Bakıda Yasamal royununda yerləşən “İnşaatçılar” metrosunun yaxınlığında olan kafedə verdim. Fevral ayında yenidən “İnşaatçılar” metrosunun yanında görşümüz oldu. Bu dəfə Əlizadənin yanında Naib adlı şəxs vardı. Əlizadə Naibi mənə təqdim edərək dedi ki, bizim yaxın adamdır, polis işçisidir və 7-ci şöbədə polisə nəzarətdə işləyir. Naib mənə bildirdi ki, narahat olma, oğlunuzu polisə mən düzəldəcəm, iş mənlikdir. 4 min manat yenidən Əlizadəyə və Naibə pul verdim. Naib oğlumu Nəsimi Rayon Polis İdarəsinin Kadrlar Şöbəsinə də aparmışdı ki, sənədləri burada yığırlar. Oğlum Naibə deyib ki, mən Şirvanda işləyəcəkdim axı. Nə üçün Nəsimi Rayon Polis İdarəsinə gəlmişəm? Naib deyib narahat olma əmrin veriləndən sonra özüm həll edəcəyəm, Şirvanda işləyəcəksən. 2016-cı il fevralın sonunda Siz Şirvana gəlib vətəndaşları qəbul edəcəkdiniz və polisə işə götürülmək üçün seçim edəcəkdiniz. Mən Əlizadəylə telefonla danışdım və nazirin Şirvana gələcəyini dedim. Mənə dedi ki, pulunu vermisən, gözlə, oğlun polisə qəbul olunacaq. 2016-cı ilin mart ayında İsgəndərin iştirakı ilə Bakıda, Biləcəridə kafedə çörək yeyəndə Əlizadə və Naibə əlavə 4 min manat da verdim. Həmin pulu alanda dedi ki, oğlun həkimdən, idmandan imtahan verəcək. Mənə dedi ki, Novruz bayramına kimi polisə qəbul olunmağı ilə bağlı əmri verilir və aprel ayının 1-də forma alıb kursa gedir. Bu minvalla bu gün - sabah oğlunun əmri veriləcək, narahat olma, deyərək məni 2016-cı ilin avqust ayına kimi aldatdılar.

Cənab nazir. Naib və Əlizadə kimi dələduzlar özlərini polis işçisi kimi təqdim edib adınıza xələl gətirir, mənim kimi insanları aldadırlar. Sizdən artıq dərəcədə xahiş edirəm şikayətimi diqqətdə saxlayın və ciddi araşdırılması üçün göstəriş verəsiniz. Əlimlə verdiyim 10 min manat pulum geri qaytarılması və mənə dəyən ziyan ödənilməsinə köməklik edəsiniz”.

Şərhlər

XƏBƏR LENTİ