SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Asif Əsgərovun "mer" olmaq arzusu puça çıxdı

Asif Əsgərovun "mer" olmaq arzusu puça çıxdı

Tarix:

25-05-2017, 09:46

/ 115 218 dəfə oxundu.
Asif Əsgərovun "mer" olmaq arzusu puça çıxdı

Ötən ilin payızında ölkədə keçirilən ümumxalq səsverməsindən sonra dövlətin siyasi idarəetmə sistemində köklü dəyişikliklərin başlanacağı gözlənilirdi. Ancaq bununla bərabər orta ranqlı məmur kontingenti ali siyasi idarəetmədə praktiki olaraq dəyişikliyin tezliklə baş verməyəcəyini düşünürdülər. Lakin bu məmur kontingentinin düşündüklərini Respublika Prezidenti İlham Əliyev cənabları bu ilin fevral ayının 21-də imzaladığı sərəncamla alt-üst etdi. Belə ki, fevral ayının 21-də dövlət başçısının sərəncamı ilə uzun illərdən bəri ölkənin ictimai-siyasi həyatında mühüm əhəmiyyəti olan, millət vəkili, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva Respublikanın birinci vitse-prezidenti təyin edildi. Prezident İlham Əliyev cənablarının dəqiq, çevik və uğurlu təyinatından sonra hakimiyyət daxilində olan bəzi qruplaşmalar ciddi narahatçılıq keçirməyə başladılar.
Məlumata görə, hakimiyyətin üst düzeyində baş tutan ciddi dəyişikliklərdən narahat olan məmurlardan biri də Nəsimi rayon icra hakimiyyətinin başçısı Asif Əsgərovdur. Saytımıza verilən məlumata görə, Asif Əsgərov gələcək karyerası ciddi sual altında olan məmurlardandır. Buna səbəb isə onun son illər ali hakimiyyətin xoşlamadığı bir sıra neqativ işlərdə adının hallanması və ya birbaşa iştirakıdır. Hakimiyyətin ali instansiyalarının stolunun üzərində olan Asif Əsgərovun “iş qovluğu”nda yer alan neqativ məlumatların əksəriyyəti zaman-zaman ölkə mediasında tirajlanıbdı.
Prezidentin məmurlara övladları ilə bağlı xəbərdarlığından nəticə çıxarmayanlardan biri də Asif Əsgərovdur
Asif Əsgərov mətbuatın diqqətini ilk olaraq oğlunun “avtoş”luğuna görə “cəlb” etməyə başlayıb. Qeyd edək ki, bir neçə il öncə Asif Əsgərov Səbayel RİH-nin başçısı vəzifəsində işləyərkən oğlu İlham Əsgərlinin idarə etdiyi 90 AR 819 dövlət nömrə nişanlı “Mersedes” markalı avtomobil 23 yaşlı Əhliman Qəhrəmanovun idarə etdiyi “Howo” markalı yük maşını ilə toqquşmuşdu. Hadisə nəticəsində “MCDonalds” restoranlarının Bakı üzrə rəhbəri Maqsud Mirzəyev 16 yaşlı Sənan Mirzəyev Asif Əsgərovun oğlunun avtomobilində dünyasını dəyişmişdi. 2014-cü ilin sonlarında baş vermiş qəzada günahkar olmaqda ittiham edilən icra başçısının oğlu ötən ilin noyabr ayının 12-də “cəzanın çəkilməsinə mane olan xəstəliyə düçar olmasına görə” məhkəmənin hökmü ilə cəzadan dərhal azad edildi. «Howo»nun sürücüsü Əhliman Süleymanov isə 6 il həbs cəzası aldı.
Nəsimidə “yaşıl soyqrım”
Asif Əsgərov 2015-ci ildə Nəsimi RİH-nə başçı təyin edildikdən sonra yeni başçının “gəlişini” ilk hiss edən rayonun florası oldu. Paytaxtın ən yaşıl rayonlarından olan Nəsimidə məhəllərlərdə olan ağaclar məhv edilərək yeri baha qiymətlərlə satışa çıxarıldı. Çox da uzağa getmədən deyək ki, Nəsimi rayonunda geniş miqyasda baş verən “yaşıl soyqrım”lardan biri bu ilin mart ayının 31-də həyata keçirildi. Ola bilsin bu tarix əziz oxucularımıza 100 il bundan əvvəli xatırladır. Ancaq bu dəfə həyatına son qoyulan Ulu Öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 70-80-ci illərində əkdiyi ağaclar idi. Rayonun 4-cü mikrarayon ərazisində beş mərtəbəli binaların həyətyanı sahələri sökülərək binaların arasında salınmış, sakinlərin istirahət yerləri və qaraj kimi istifadə olunan tikililər dağıdıldı. Nəsimi Rayon İcra Hakimiyyəti tərəfindən başladılan söküntü işləri ilə bərabər, binaların arasında qalan istirahət bağındakı ağaclar kəsilərək “Kamaz”larla daşındı. Qeyd edək ki, o vaxt Nəsimi RİH-i baş verənlərə həmin ərazidə abadlıq işləri aparıldığını deyərək haqq qazandırdı. Ancaq sakinlər iddia edirlər ki, ərazi iş adamlarına satılıb və yaxın günlərdə hündürmərtəbəli binaların tikintisinə başlanacaq.
Rayonda digər “agac qətliamı” ötən ilin dekabrında Hüseynbala Əliyev küçəsindəki 10 saylı binanın həyətində həyata keçirildi. Yenə də sakinlərin etirazına məhəl qoymayan İH-nin işçiləri günün günorta çağı ağacları dibindən kəsdirib kökünü torpaqladılar. Etiraz edən sakinlərə isə ərazidə uşaq bağçasının tikiləcəyini bildirdilər. Ancaq sakinlər İH-nin işçilərinin sözlərinə inanmayaraq ərazidə başça yox, başqa obyektin tikiləcəyini deyirlər.
İcra başçısının professorla “yüzminlik qovğası”
Asif Əsgərovun qol qoyduğu ən böyük skandallardan biri isə 2015-ci ilin payızında baş verdi. Belə ki, o zaman Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sabiq sədri, professor Rafiq Əliyevə məxsus (Nəsimi rayonu, Vaqif prospekti), yaşayış binasının tikintisinə hazırlıq üçün çəkilən hasar Nəsimi rayon İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküldü. Rafiq Əliyev isə baş verənlərlə bağlı mətbuata çıxaraq bildirdi ki, tikinti üçün tələb olunan bütün lazımi sənədlər hazır olduqdan sonra 21 sentyabr 2015-ci il tarixində Bakı şəhəri Nəsimi rayonu İcra Hakimiyyətinin başçısının ünvanına rəsmi məktub ünvanlayıblar: “Həmin məktubda tikintiyə hazırlıq məqsədilə ərazinin qəbul olunmuş normalara əsasən hasara alınacağı barədə məlumat verilib. Sözügedən qurum məsələ ilə bağlı heç bir irad və etiraz bildirməyib, müraciətə yazılı cavab verməyib. Lakin bir neçə gündən – daha dəqiq desək, oktyabrın 18-də hasarlanma başa çatdıqdan sonra Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları əraziyə gələrək hasarın çəkilməsinə etiraz edərək, 4 gün ərzində quraşdırılması başa çatmış hasarın söküləcəyini bildirib, Mənzil-Təsərrüfat İdarəsinin işçilərini və İcra Hakimiyyətinin strukturunda işləmələri haqda heç bir sənədi olmayan 20 nəfərədək “qoçu”nu həmin sahəyə göndərib. Onlardan heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanıb. Bir neçə günə hasarın Nəsimi rayonu İcra Hakimiyyətinin əməkdaşları tərəfindən söküləcəyi bildirilib. Bu gün isə əraziyə xüsusi briqada ilə gələn Nəsimi rayon İcra Hakimiyyətinin nümayəndələri hasarın dərhal sökülməsi üçün şifahi tapşırıq veriblər. Hadisə yerində olan əməkdaşımız göstərişləri verən şəxsə yaxınlaşaraq hasarın sökülməsi qərarının olduğu sənədi göstərməsini xahiş edib. Lakin həmin şəxs İcra Hakimiyyətinin əməkdaşı deyil, yoldan keçən vətəndaş olduğunu deyib. Hasarı sökmək üçün gələn briqadanın üzvləri üçün tapşırığı həmin şəxsdən aldıqlarını və Teyyub adlı həmin şəxsin rəisləri olduğunu deyiblər”.
Rafiq Əliyev Nəsimi rayon İcra Hakimiyyətinin bu hərəkətinin qanunsuz olduğunu, hasarı sökməklə bağlı əllərində heç bir yazılı sənədin olmadığını deyərək, baş verənləri məmur özbaşınalığı adlandırmışdı.
Ancaq sonradan virtualaz.org saytına müsahibə verən sabiq komitə sədri söhbətində Nəsimi Rayon İcra Hakimiyyəti (RİH) başçısı Asif Əsgərovun ondan 300 min manat rüşvət istədiyini qeyd etmişdi. R.Əliyevin sözlərinə görə, həmin məbləğ ondan şəxsən icra başçısının adından tələb olunub, əks halda tikintiyə icazə verilməyəcəyi bildirilib. Qeyd edək ki, söhbət Nəsimi rayonu, Vaqif prospekti, 103 ünvanında, 987-ci məhəllədə yerləşən “İrşad” otelin yanındakı 1 sota yaxın ərazidə tikinti işlərinin aparılmasından gedirdi.
Unutmayaq ki, 1 sotda tikinti aparılması üçün 300 min manat tələb olunan rayonun ərazisində minlərlə sot torpaq var…
Asif Əsgərovla professor Rafiq Əliyev arasında yaranan bu qalmaqalda ilginc bir detal var idi. Belə ki, Rafiq Əliyevə məxsus ərazinin hasarlarını sökməyə gələn 20-ə yaxın şəxsin heç birində rayon Təsərrüfat İdarəsinin işçisi olması haqda vəsiqələrinin olmadığı aşkarlanmışdı. O zaman sual olunur, bəs kim idi bu şəxslər? Darıxmayın, indi aşağıdakı yazıları oxuyanda Rafiq Əliyevin “qoçu” adlandırdığı bu şəxslərin kimliyi barədə mlumatınız olacaq.
Asif Əsgərovun cüdoçuları
Öncə onu xatırladaq ki, 1966-cı il təvəllüdlü Asif Əsgərov 2001-ci ildə isə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından məzun olmamışdan əvvəl, Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunu bitirib. 1994-cü ildən “ATTİLA” idman klubunun sədri, cüdo üzrə Azərbaycan yığma komandasının rəisi olmuş, Azərbaycan Cüdo Federasiyasının I vitse-prezidentidir.
Bu ilin fevral ayının 2-də Nəsimi Rayon İcra Hakimiyyəti başçısı yanında 2016-cı ildə rayonun sosial-iqtisadi inkişafına həsr olunmuş Şuranın geniş iclası keçirildi. Həmin iclasda Asif Əsgərov rayonda görülən işlərdən daha çox iclasda iştirak edən cüdoçulara görə mətbuatın diqqətinə gəldi. Keçirdiyi toplantıda Nəsimi rayonunun problemlərini müzakirə etmək, onlardan çıxış yolu axtarmaq əvəzinə Asif Əsgərov Olimpiadada mükafat qazanmış idmançıların hesabına özünü reklam etməyə çalışması haqlı narazılığa səbəb oldu. Mediada bu mövzuya geniş yer verilsə də, Nəsimi RİH-i məsələyə münasibət bildirmədi.
Son olaraq qeyd edək ki, Asif Əsgərov haqqında olan bu informasiyalardan hakimiyyətin ali instansiyalarının ən xırda detallara qədər xəbərləri var. Ona görə ehtimal olunur ki, Bakı Şəhər İcra hakimiyyətinin başçısı kimi ən böyük arzusunu əbədi olaraq qəlbinin dərinliklərində dəfn etmiş Asif Əsgərovun “siyasi epopeya”sının artıq qürub dövrüdür…

Qlobal.az

Şərhlər

XƏBƏR LENTİ