SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Deputat haqqında yeni şok iddialar

Deputat haqqında yeni şok iddialar

Tarix:

16-05-2017, 09:29

/ 62 353 dəfə oxundu.
Deputat haqqında yeni şok iddialar

Öncə onu bildirək ki, Azərbaycan Tibb Universitetinin sabiq rektoru, hazırda millət vəkili olan Əhliman Əmiraslanovun oğlu, “Azər Türk Med” klinikasının “xozeyni” Azər Əmiraslanov barəsində mətbuatda kifayət qədər xoşagəlməz, ən azı bir ailəyə başucalığı gətirməyən yazılar dərc olunur. Oğul Əmiraslanovla bağlı redaksiyamıza daxil olan mürcaiətdən öncə tarixə qısa bir ekskurs edək. Əlbəttə, biz ataya görə oğulu, yaxud əksinə oğula görə atanı ittiham edənlərdən deyilik. Amma övladın əməllərinə görə atanın ( həm də söhbət ölkə başçısının təyin etdiyi (!) rektor atadan, millət vəkili atadan gedir ) ən azı mənəvi məsuliyyəti var.
Həm də nəzərə almalıyıq ki, Əhliman Əmiraslanov müstəqillik dönəmində bütün prezidentlərin sevimlisi olub. İlk öncə ozamankı Azərbaycan prezidenti Ayaz Mütəllibovun sevimlisinə çevrilən Əhliman müəllim Azərbaycan SSR Ali Sovetinə deputat təyin olundu. Nəzərə almalıyıq ki, ozamankı Azərbaycan reallığında Ayaz Mütəllibovun razılığı olmadan deputat seçilmək mümkün olan məsələ deyildi.
Bəs, Əhliman Əmiraslanov necə oldu ki, preizdentin sevimlisinə çevrildi? Bəzi etik məsələləri nəzərə alıb bunun üzərinə getmirik… Sonra Əhliman Əmiraslanov ozamankı prezident Əbülfəz Elçibəyin sevimlisinə çevrilərək Azərbaycanın “ən bahalı” universitetinə rektor təyin olundu.
Beləcə Əhliman müəllim 30 ildir vəzifə karuselinə minib hələ də fırlanır. Və hazırda da millət vəkili kimi fəaliyyət göstərir. Bəziləri guya Əmiraslanovun xərçəng xəstəliyi ilə bağlı dünyada tanınmış mütəxəssislərdən biri olması barədə nağıllar danışır. Təkcə türk mütəxəssisinin Əhliman müəllimin onkoloji əməlləri ilə bağlı yazdıqlarını deputatın bir də oxumasını istərdik. Yəni Əmiraslanovun dünyada tanınmış mütəxəssis olması həqiqətən də sabun köpüyüdür.
Amma bu sabun Cəbiş müəllimin sabunundan deyil, keçmiş səhiyyə naziri Əli İnsanovun (Allah qapısın açsın) “maz”ındandır. Yəni bu gün bəziləri bilməyərəkdən, bəziləri də bilərəkdən Əli İnsanovun yüz milyonlarla ölçülən əmlakını guya onun ixtira etdiyi “İnsanovun mazı” ilə izah edir.
Amma əslində o milyonlar xalqdan oğurlanmış pullardır. Kimdir, XXI əsrdə İnsanovun “maz”ını alan..? Amma Əhliman müəlimin icad elədiyi “sabun” hələ də işə yarayır. Əlbəttə, biz kimdənsə dünya səviyyəli mütəxəssis olmağı tələb edə bilmərik. Amma hər kəs öz övladına görə mənəvi məsuliyyət daşımalıdır.
Ölkə başçısı İlham Əliyev cənabları əbəs yerə məmurlara dönə-dönə bildirmir ki: “ Məmurlar xalqla yaşamalı, özü və ailə üzvləri təvazökar olmalıdır”. Bəli, təkcə məmurun özü deyil, həm də ailə üzvləri, övladları xalqa hörmətlə yanaşmalı, özlərini sadə, təvazökar aparmalıdır. İndi isə cənab deputatın oğlu ilə bağlı LEGİON-a daxil olan müraciətini olduğu kimi dərc edirik.
Bakı sakini Vüqar Yusif oğlu Bağırov Azərbaycan Prezidenti İlham Əliyevə müraciət edərək, Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu Azər Əmiraslanovun ona 1 milyon 534 min ABŞ dolları həcmində ziyan vurduğunu bildirib. LEGİON oxucularına həmin müraciətin mətnini təqdim edirik:
“Cənab Prezident! Siz hər zaman öz çıxışlarınızda yerli sahibkarlığın inkişafına dəstək verməyin vacibliyini vurğulamısınız. Sizin bu dəstəyiniz Azərbaycanla məhdudlaşmamışdır. Siz digər ölkələrdə də fəaliyyət göstərən azərbaycanlı iş adamlarına daim qayğı və diqqət göstərmisiniz. Siz həmçinin dəfələrlə məmur və məmur övladlarının özbaşınalığına qarşı çıxmış, bu halların qəbuledilməz olduğunu təsdiq etmisiniz. Mən Vüqar Yusif oğlu Bağırov Azərbaycan Tibb Universitetinin sabiq rektoru və millət vəkili Əhliman Əmiraslanovun oğlu, eyni zamanda qohumum olan Azər Əmiraslanov tərəfindən aldadılmışam. 2011-ci ildə mən Emin Hüseynov adlı iş adamıyla iş birliyinə başlamışdım. Onun təklif etdiyi bir sıra layihələrdə iştirak edirdim. Bu layihələr Türkiyə və MDB ölkələrin əhatə edirdi. Son layihənin həyata keçirilməsi üçün, mənim tərəfimdən Emin Hüseynova 3 milyon 500 min ABŞ dolları ayrılmışdı.
Lakin layihə ləngidiyi üçün, öz pullarımı geri istədim. Cavabında Emin Hüseynov bildirdi ki bu pullar onun qohumlarındadır. Problemimi Azər Əmiraslanova danışdıqda, o, mənə pulumun Eminin qohumlarından alınmasına aramızda əldə olunan anlaşmaya əsasən vəd verdi. Azər Əmiraslanov həqiqətən də 2014-cü ildə Emin Hüseynovun qohumlarından mənə verilməli olan 3 milyon 500 min dolları ala bildi. Lakin mənə yalnız 2 milyon dollara yaxın pul verdi. Azər Əmiraslanov mənə çatacaq pulun qalan hissəsini – 1 milyon 534 min ABŞ dollarını isə mənimsədi.
Mən ona qohumluğumuzu xatırladıb irad tutanda Azər Əmiraslanov dedi ki, qohumluq keçmişdə qalan anlayışdır, indiki zamanda hər kəs özü üçündür. Bu məsələyə mənim ailəm öz etirazını bildirdi. O belə cavab verdi: “Hambalınız vardı? Bacarırdınız, gedib özünüz alardınız, bu mənim haqqımdır, başqası işi daha da baha edərdi”.
Son görüşümüzdə Azər Əmiraslanov ondan pul istədiyim təqdirdə, məni tutduracağı ilə hədələdi. Mənim bibim oğlu olan Azər Əmiraslanov əvvəlcə mənə hər hansı faizdən, paydan söz açmamışdı. Hörmətli dövlət başçısı! Sizdən xahiş edirəm, bu problemin tez bir zamanda həll olunmasında, mənim pullarımın özümə qaytarılmasında və mənim həmçinin ailə üzvlərimin təhlükəsizliyini təmin etməkdə köməklik edəsiniz.

Hörmətlə, Vüqar Yusif oğlu Bağırov”
LEGİON

Şərhlər

XƏBƏR LENTİ