SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Lazer et, ərə get: Bayağı reklamlara senzura qoyulmalıdırmı?

Lazer et, ərə get: Bayağı reklamlara senzura qoyulmalıdırmı?

Tarix:

15-05-2017, 10:48

/ 58 394 dəfə oxundu.
Lazer et, ərə get: Bayağı reklamlara senzura qoyulmalıdırmı?

Elm və texnologiya necə inkişaf edirsə, kapitalizimin əsas təməli prinsipi sayılan reklam da o sürətlə yüksəlməkdədir. Məhsulun keyfiyyətindən daha önəmli onun necə təqdim olunmasıdır.

Bunun nəticəsidir ki, dünya səviyyəli reklam agentlikləri bəzən reklam çarxlarının çəklişinə bir filmin büdcəsindən daha çox pul ayırır. Çünki reklam rolikləri hər xırda detalına qədər incələnir və insan psixologiyasına təsir gücü nəzərə alınır.

Son illərdə Azərbaycanda da reklam sahəsində inkişaf hiss olunur. Özəl sektor və gənc sahibkarlar anlayır ki, məhsulun təqdim olunması onun keyfiyyətindən daha əhəmiyyətlidir. Bəs bizim reklam agentlikləri müştəriyə peşəkar səviyyədə xidmət göstərə bilirmi?

Əslində bu mövzuya toxunmağı mənə bu gün sosial şəbəkələrdə tənqidi başlıqlar altında paylaşılan "Lazer et, ərə get" şüarı ilə məşhurlaşan reklam çarxı məcbur etdi. Necə deyərlər, anti-reklam da reklam sayılır. Lakin videonu izləyib susmaq olmur. Maraqlandığım ilk sual bu oldu ki, sosial şəbəkələrdə yayılan video-çarxlar üçün senzura nəzərdə tutulubmu? Elə bu sualla hüquqşünas Ələsgər Məmmədliyə müraciət etdim.

Hüquqşünas senzuranın əleyhinə olduğunu bildirdi: "Sosial şəbəkələrdə paylaşım etmək hər kəsin azad seçimidir. Və eləcə də o paylaşımları görmək. Sosial şəbəkələr elə bir strukturda qurulub ki, istəmədiyimiz və bizi narahat edən hər şeyi bloklaya bilirik. Ümumiyyətlə, "senzura olmalıdırmı?" şəklində yanaşma doğru deyil. Çünki, biz demokratik ölkədə yaşayırıq. Lakin sosial şəbəkələrin öz qaydaları var, hansı ki, qanunla yol verilməyən, məsələn, intihar, cinayət və bu kimi hallarda şikayət edərək o videonu sildirə bilərsiniz. Lakin kommersiya məqsədli videolarda heç bir senzura yoxdu".

Bəs bu tipli reklamların çəkilməsi nə ilə əlaqədardı? Elə bu sualla reklam "Conceptroom" reklam agentliyində account-menecer kimi fəaliyyət və elə yeni çəkilmiş reklam çarxının müəllifi (ssenarist, rejissor) olan Hacıağa Əliyevə müraciət etdik.

"Bu tip reklamların sayı hazırda çoxdur. Azərbaycanda reklam bazarı hələ ki, digital marketinq üzrə tam olaraq formalaşmayıb. Bunun da səbəbi bəlli bazarın olmamasıdır. Lakin 2017-2018-ci illər bəlli bir sınaq müddəti sayılır. Çünki digital reklamlar Azərbaycanda hələ ki, yenidir. Bəlkə, sayı heç 1000-ə də çatmır. Bu da təbii ki, iqtisadiyyatımızın böyük ölkələrə nisbətən kiçik olması ilə əlaqədardır. Çəkilən reklamlar bir növ test xarakterlidi. Mənim çəkdiyim reklam tamam fərqli bir işdir. Orda bir "imaj" var. Azərbaycanda hazırda reklam işlərində daha çox "vine"lar çəkən və izləyicisi çox olan şəxslər məşğul olur. Çünki bizdə keyfiyyətə yox, izləyici sayına daha çox önəm verirlər. Mən "viner" deyiləm. Lakin çəkdiyim reklamın ideyası, ssenarisi və rejissorluğu mənə məxsusdur. Tam əla sayılmasa da, normal sayıla bilər. Azərbaycan vətəndaşı nə istəyir, reklama tələbatı varmı? İstənilən sosial şəbəkə istifadəçisinin profilinə baxsanız, onun reklam paylaşdığını görmə ehtimalınız çox azdır. Lakin Türkiyə və Ukranya kimi ölkələrdə reklamın yayılmasında vətəndaşların rolu daha böyükdür. Bəli, bizdə o cür reklamların çəkilməsi çətin məsələdir. Səbəb isə reklama ayrılan büdcənin azlığıdır. Bir də ki, reklam çəkilməmişdən əvvəl məhsuldan asılı olaraq sorğu keçirilmir. Bunları bilmədən reklam çəkmək də uğursuz alınır. Bəzən isə reklamı götürən şəxs çox yaradıcı ola bilər, lakin müştərinin istəyinə görə istiqamətini dəyişə bilər".

Şərhlər

XƏBƏR LENTİ