SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Əflatun Amaşov: 60 yaşın bir addımlığında - Sülh adamı

Əflatun Amaşov: 60 yaşın bir addımlığında - Sülh adamı

Tarix:

25-04-2017, 11:47

/ 61 400 dəfə oxundu.
Əflatun Amaşov: 60 yaşın bir addımlığında - Sülh adamı

Mətbuat Şurasının sədri, millət vəkili Əflatun Amaşovun 60 illik yubileyi ərəfəsində, onun haqqında təbrik yazısına hazırlaşdıqca onlarla məqalə, müsahibə, informasiya oxudum, üstəlik, ən müxtəlif vaxtlarda çəkilmiş video materialları da izlədim.

Bir sözlə, çağdaş internet axtarış sistemləri bu nadir soyadla bağlı ən fərqli, ən təzadlı məlumatlar çıxardı qarşıma. Oxuduqca insanın bütün bunlarla yaşaması, hər gününün xəbər, hər anının yeni informasiya olması haqda düşündüm. Yəni bütün bu söz, informasiya, xəbər, yazı, məqalə, mövqe bolluğunda özünü, özünəməxsusluğunu qorumaq asan deyil yəqin ki. Hər halda adi, sıradan adam da çağdaş dinamik zamanın sürətli xəbər yeniliklərinə çətin tab gətirir. Bugünkü cəmiyyətdə hər şey xəbərdi, ən adi adamın evinin içində həyat yoldaşı ilə mübahisə etməsindən tutmuş ən böyük qlobal problemlərə qədər. Və nə qədər təəssüf doğursa da, mətbuatdan əsasən neqativ yağır. Özü də bu, sadəcə, bizim problemimiz, bizim mətbuatın qüsuru deyil, dünya o yerə gəlib çatıb və sosial şəbəkə, sayt bolluğunda bunu idarə etmək mümkünsüzdü. Elə isə özünü bu neqativdən, kiminsə ailə qayğılarından, dünyanın o başında törədilmiş terrorun gətirdiyi pessimistlikdən, yaxud hansısa harın bir müğənninin bayağı, şit söhbətindən, kiminsə həmkarı ilə mübahisəsi barədə uzun müzakirələrindən necə qoruyasan? Çox sadə... Mətbuata baxma, saytları izləmə, sosial akkauntunu bağla, vəssalam. Heç olmasa bir müddət, bir neçə gün edə bilərsən bunu. Beynin dincələr, düşüncələrin qaydasına düşər, optimist ruha kökləyərsən özünü.

Və ölkədə yeganə adam, bəlkə də, Əflatun Amaşovdu ki, bütün bu məsələlərdən uzaq durmaq, dincəlmək, beynini təzə xəbərdən, gününü neqativdən azad etmək imkanı yoxdur. Bütün bunları izləmək, nəticə çıxarmaq, lazım gələndə münasibət bildirmək, hər hansı gərginliyi azaltmaq üçün tədbirlər görmək onun təkcə vəzifə borcuna yox, həyat tərzinə, vətəndaş mövqeyinə çevrilib.

Hələ Mətbuat Şurası yeni-yeni yarananda bu qurumun mövqeyi ilə, cəmiyyətdəki yeri ilə bağlı müxtəlif səpkili müzakirələr də gedirdi. Bəziləri Mətbuat Şurasının jurnalistlərin şəxsi problemlərinin həlli üçün çalışmalı olduğunu deyib məsələni bu qədər cılızlaşdırırdı. Kiminsə düşüncəsində isə bu qurum məsələləri, hadisələri bir az da gərginləşdirməli, yanan ocağa yağ tökməli idi ara-sıra... Bu mənada Mətbuat Şurası cəmiyyətdə ən çox tənqid, müzakirə olunan qurumlardan biri olub. Ancaq bütün tənqidlərə hər zaman təmkinli, sakit yanaşmağı, lazım gələndə bəzilərinə yerində, tutarlı cavab verməyi də yaxşı bacarır qurum rəhbəri, Mətbuat Şurasının da əsas funksiyasını, işini qısaca ifadə edir: Bizim fəaliyyətimiz mətbuatla cəmiyyət arasında münasibətlərin tənzimlənməsinə qulluq etməlidir - deyir.

Və məncə, bu təkcə Mətbuat Şurasının yox, ümumiyyətlə, Əflatun Amaşovun özünün həyat prinsipi, missiyasıdır: münasibətlərin tənzimlənməsi. Onun bu xüsusiyyətini, problemləri həll etmək, gərginliyi aradan qaldırmaq, sülh yaratmaq qabiliyyətini ətrafında olan, onunla dostluq edən hər kəs bilir, görür. Amma elə sadəcə gündəlik məsələlərə münasibətindən də hər şey bəllidir.

Bir neçə ay öncə “İrəli” Gənclər Təşkilatının Qubada keçirdiyi “Gənc əkinçi” layihəsi çərçivəsində görüşlərdə iştirak etdim. Bu layihəyə görə tanınmış jurnalistlər, söz adamları ilə gənc qələm əhli, daha çox da jurnalistika fakültəsinin tələbələri görüşür, söhbətlər, müzakirələr edirdilər. Elə o tədbirlərdə də Əflatun müəllimin dediyim cəhətini, münasibətləri tənzimləməsini, suallara necə səbrlə yanaşmasını müşahidə etdim. Bəzən iddiası savadından, bacarığından qat-qat üstün olan gənclərin yersiz suallarına Əflatun müəllim çox təmkinli, həm də yumorla yanaşırdı. Görünür, bu da təkcə uzun illərin təcrübəsindən yox, şəxsi keyfiyyətlərindən gələn məsələdir.

Çağdaş mətbuatın ciddi problemlərindən biri də bəzi qələm adamlarının “Söz azadlığı” anlayışını səhv qəbul etməsi, qavramasıdır. Bəzən insan sözünə o qədər azadlıq verir ki, o “söz” tərbiyəsiz uşağa, yolunu azan birinə çevrilir, sonra bu adam nə qədər çalışsa da, yığıb-yığışdıra bilmir sözünü. Mətbuat Şurası bu məsələlərlə bağlı dəfələrlə mövqe bildirir, jurnalistləri bir az daha dərin düşünməyə çağırır. Əflatun müəllim yazılarından birində bu haqda fikirlərini dəqiq ifadə edir:

“Azərbaycanda söz azadlığı var və bu azadlıq hamı üçündür. Mən dediklərimə cavabdehəm. Yenə də o fikirdəyəm ki, jurnalist həssas olmalıdır. Müharibə şəraitində yaşayan ölkənin jurnalisti daha həssas olmalıdır. Həssas olmaq heç də o demək deyil ki, nəyisə demək, diqqətə çatdırmaq olmaz”.

Nə deməkdi həssas olmaq? Başqasının problemini öz problemin kimi qəbul etmək, qavramaq? Yəqin Əflatun müəllimdən soruşsaq, dərdinə acıdığı, kömək etməyə çalışdığı yüzlərlə adamdan danışa bilər. Bəlkə də danışmaz... Axı o, insanlara həmişə pozitiv ötürməyə çalışır, onları nikbinliyə çağırır?!

2013-cü ildə Azərbaycandan bir qrup media əhli Şimali Kipr Türk Cümhuriyyətinə səfər etmişdi. Bu səfərin bir çox təfərrüatlarını mətbuatdan oxudum. Yaxın Doğu Universitetindəki görüşlər bizim media rəhbərlərini xeyli təsirləndirmişdi. Bu görüş haqda “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid “Qorxunun yaratdığı güc” adlı esse yazmışdı. Və o essedə bir cümlə ilə Əflatun müəllimin səfər yoldaşlığını dəyərləndirmişdi: “Əflatun Amaşovla hərdən sakit bir guşəyə çəkilib insan xarakterinin qatlarını çözələməyin yerini nə verə bilər ki?”

İnsanı səfərdə tanıyarlar, deyirlər. Doğrusu, bu deyimin hardan qaynaqlandığını demək çətindi, amma hər halda min illərin sınağından çıxmış xalq hikmətinin də həqiqət olmasına şübhə yoxdur. Əflatun müəllimlə iki dəfə səfərdə olmuşam. Onun səfər yoldaşlarına qarşı diqqətini, həmişə hər yerdə pozitiv, həssas olmasını görmüşəm, hər kəslə onun yaşına uyğun davranışını müşahidə etmişəm. Üstəlik, incə yumoru ilə məclislərə rəng qatması, zarafatının duzu da bu səfərləri mənalandırıb. Bu iki səfərdən ən çox yadımda qalan 2013-cü ildə Əskişəhərdə Universitet tələbələriylə görüşümüzdür. Əflatun müəllim gənclərin suallarına cavab verməzdən öncə mikrafonu alıb çox coşqun bir çıxış etmişdi və əskişəhərlilərin yerlisi Yunis İmrədən şeir demişdi:

Biz dünyadan gedər olduq,
qalanlara salam olsun.
Bizim üçün xeyir-dua
qılanlara salam olsun.

Əcəl bükə belimizi,
söylətməyə dilimizi,
Xəstə ikən halımızı
soranlara salam olsun.

Məncə onun gənclərin qarşısında məhz bu şeiri deməsi təsadüf deyildi. Bir növ özündən sonrakı nəsilə ümidli, “qalanlara” inamlı münasibətinin ifadəsi idi. Gənclərə bu cür münasibətini müxtəlif hadisələrə yanaşmasında görmək olar. Mənimsə bunu şəxsən müşahidə etmək imkanım olub. Bir vaxt qəzetimizdə “Pərvinin həmsöhbəti” layihəsini aparırdım. Mənə maraqlı olan müxtəlif adamlarla söhbətlər edir, suallarıma cavab alırdım. Mətbuat Şurasının sədri ilə görüşə də gənc jurnalist kimi bərk həvəsli idim, xeyli hazırlaşıb, az qala, bir bloknot sual yazmışdım. Amma hər şey gözlədiyimdən fərqli oldu... Söhbətə başlayan kimi Əflatun müəllim son vaxtlarda oxuduğu kitablardan danışdı, təəssüratlarını mənimlə bölüşdü və bununla müsahibəmiz tamam ayrı istiqamət aldı... O zaman məni bu qədər məşğul adamın kitablara sevgisi, hər gün mütaliə etməsi təsirləndirmişdi. Bir də intellektinin çoxqatlı olması. Bir söhbətdə həm Cənubi Afrika Respublikasının prezidenti olmuş Nelson Mandela, həm Şahzadə Diana, həm idmançı Maykl Cordan, həm də Ay səthinə ilk dəfə enmiş Nil Armstronqdan danışmışdıq. Amma mənim üçün bütün bu adamlar haqqında danışdıqlarında daha maraqlı olan həyat yoldaşı Nərgiz xanım barəsində dedikləri idi. Əflatun müəllim ailəsinə son dərəcə bağlı olan, onunla nəfəs alan azsaylı ziyalılardandır. Elə o söhbətimizdə Nərgiz xanıma yazdığı şeirini də ilk dəfə oxudu, tarixçəsini də danışdı:

“Həyat yoldaşım xəstəxanada yatırdı. Oğlum da qohumlarımgildə idi. Öyrənmişdim ki, işdən qayıdanda üzümə qapı açılar, çay-çörək gətirələr, bir az da olub-keçəndən söhbətləşək. İndi az qala ev üstümə gəlirdi. Atılmış paltarlar, qab-qacaq zavallı və miskin bir mənzərəyə şahidlik edirdi...”

Dörd bəndlik şeirdə Əflatun müəllim kövrək hisslərini bir az da yumorla pərdələməyə çalışıb. Amma hər halda son bənddən onun ailəsinə, xanımına böyük sevgisini duymaq olur:

Tez göndər, ay həkim, Nərgizi bizə,
Kədər qəlbimizə izin salmamış.
Tez göndər, hər şeyi yerbəyer etsin,
Bu evdə Nərgizsiz evlik qalmamış.

Əflatun Amaşovun ailəsindən söz açmışkən bir məqamı xüsusi vurğulamaq istərdim. Məncə, onun övladına münasibəti, oğlu Orxanın Londonda oxuması, orda yalnız öz biliyi və zəhməti ilə uğur qazanması xarakterindən xəbər verən məsələdir. Axı, kiçik bir ölkədə Mətbuat Şurası sədrinin övladına “gün ağlaması” elə çətin olmazdı, qəbul edilmiş yazılmayan qaydalara görə belə də olmalı idi. Ancaq görünür, atasının dünyanı daha böyük görməsi, həyata daha geniş, açıq gözlə baxması Orxanı Londona aparıb çıxarıb. Orxan Amaşov London Universitetində hüquq fəlsəfəsi ixtisası üzrə təhsil alıb. Bununla yanaşı o, Böyük Britaniyanın daha bir nüfuzlu təhsil ocağı olan London iqtisadiyyat və siyasət məktəbində də təhsil alıb. Hazırda bu şəhərdə Avropa Azərbaycan Cəmiyyətinin Diaspora departamentinin rəhbəridir.

Bütün üstün keyfiyyətləri Əflatun Amaşovu Azərbaycan parlamentinə gətirib çıxardı. Bəlkə, əslində, onun uzun illər gördüyü iş özünə ad qazandı - millət vəkili. İnsanlara həmişə həssas yanaşan adamın millət vəkili olması təbiidir. Qısa müddətdə seçildiyi Saatlı dairəsinin adamları ilə xeyli doğmalaşdı da. Hətta o qədər doğmalaşdı ki, son vaxtlarda saatlıların özlərini Amaşovun qohumu kimi aparmalarının da şahidi olmuşam. Həmçinin o, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri kimi də xeyli səmərəli işlər görür, həm xalqlarımızın, həm də mədəniyyətlərimizin yaxınlaşması üçün çalışır. Elə mart bayramları günlərində keçirdiyi faydalı görüşlər, səfərlər haqqında mətbuatdan məlumatlar aldıq.

Görünür, bu zəngin qrafik, gündəlik gərgin işlər, səfərlər, görüşlər ən çox Əflatun müəllimin qələminə ziyan edir. Onu öz yaradıcılığından alır. Elə buna görə də o az yazır. Ancaq yazılarındakı orijinal yanaşma, fərqli düşüncə və son dərəcə maraqlı ifadə tərzi də danılmazdır. Millət vəkili Elmira xanım Axundovanın “Dostlarımın gözəl cizgiləri” kitabına yazdığı ön sözü heç unutmuram. Bu kitab haqqında məqalə yazanda həmin ön sözü bir neçə dəfə diqqətlə oxumuşdum və ön söz müəllifinin kitabın məziyyətlərini, Elmira xanımın prinsiplərini, priyomlarını necə ustalıqla hiss edib qabartmasına heyrətlənmişdim...

60 yaşının tamamına sayılı günlər qalan Əflatun Amaşov haqqında bir yazıda hər şeyi yazmaq mümkün deyil. Essemin əvvəlində vurğuladığım kimi, internet axtarış sistemlərinə yerləşməyən yazılar belə onu tam ifadə etməz yəqin ki... Ancaq indi düşünürəm, görəsən, o özü bu 60 illik ömrü haqqında öz-özünə hesabat vermək istəsə, hansı mənzərə yaranar?! Məncə, çox nikbin bir mənzərə!

60 yaşınız mübarək, Əflatun müəllim!

modern.az

Şərhlər

XƏBƏR LENTİ