SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Bakıda keçirilən “Shopping Festival” - Əhali niyə narazıdır?

Bakıda keçirilən “Shopping Festival” - Əhali niyə narazıdır?

Tarix:

11-04-2017, 17:01

/ 60 681 dəfə oxundu.
Bakıda keçirilən “Shopping Festival” - Əhali niyə narazıdır?

"Bu ildə ölkəmizdə keçirilən Shopping Festivalda yerli məhsullarımız az olacaq. Daha çox xaricdən gətirilən məhsullar satılacaq”.

Bu sözləri açıqlamasında iqtisadçı Natiq Cəfərli festivalla bağlı yaranmış narazılıqları şərh edərkən deyib.

Onun sözlərinə görə, bu festival əsasən ölkəmizə gələn turistlər üçün nəzərdə tutulub: "Ötən il endirim kampaniyası idi. Bu il isə Shoppinf Festivalı şəklində 1 ay ərzində ilk dəfə keçirilir. Təbii ki, yerli istehsalımız çox zəifdirsə, yerli istehsal olmayan bir ölkədə Shopping Festivallarının böyük təsiri olmur. Bu festivallar bizə gələn turistlər üçün nəzərdə tutulur. Məsələn, İstanbulda ildə yaz və payız aylarında 2 dəfə keçirilir. Bəzən yay aylarına da salırlar. Bunun bir əhəmiyyəti olur. Çünki mağazalarda satılan məhsulun təqribən 75-80 faizi yerli istehsaldır. Yerli şirkətlər bu festivalın olmasında çox maraqlıdırlar və turistlər üçün nəzərdə tutulur. Turistlərin həm alış-veriş etdiyini, həm də gəzdiklərini nəzərə alsaq İstanbulun həmişə böyük divident götürdüyünün şahidi olmuşuq. Tiflisdə isə bu festival 2011-ci ildən keçirilir. Onlarda turizmin inkişafı üçün, turist cəlbi üçün ciddi bir təşviq proqramı həyata keçirir. Gürcüstanda yerli istehsal o qədər çox deyil. Amma ən azından satılan məhsulların üçdə biri Gürcüstanda istehsal olunur”.
İqtisadçı bildirib ki, Azərbaycana gələn turistlər alış-verişdə o qədər də maraqlı olmur: "Son vaxtlar Azərbaycana gələn turistlərin əksəriyyəti ərəb ölkələrindəndir. Dubay kimi şəhərdə ucuz alış-veriş mərkəzlərini qoyub Azərbaycana məhz bunun üçün gələcəklərini düşünmək, məncə o qədər də doğru yanaşma deyil. Çünki Bakıdakı qiymətlər nə qədər ucuz olsa da, Dubaydan ucuz olmayacaq. Ən azından bu nöqteyi nəzərdən ərəb turistlərini Shopping Festivallara cəlb eləmək çətin məsələdir”.
N.Cəfərli hesab edir ki, bu festival yerli əhali üçün daha cəlbedicidir: "Amma hətta uğurlu olsa, alış-verişin artdığını düşünsək belə yerli istehsal həddindən artıq çox cüzi şəkildə təmsil olunduğu üçün əksinə olaraq bu, ölkədən valyuta axınına səbəb olacaq. Çünki əsas müştərilər yerli insanlar olsa aldıqların malın pulunu manatla ödəyəcəklər. Ancaq satılan məhsullar xarici istehsal olduğu üçün valyuta ilə gətirilir. Hətta alış-verişlər uğurlu olsa belə bir çox hallarda manat valyutaya dönüb ölkədən çıxacaq. Bu nöqteyi-nəzərdən, təbii ki, Azərbaycanda da bunun keçirilməsi niyyət olaraq anlaşılandır. Bu daha çox ticarət dövriyyəsi artması və turistlərdə maraq oyatmaq üçün təşkil olunub. Niyyət olaraq bəlkə də gələcək üçün uyğun qərardır. Amma yerli istehsalın az olması bunun iqtisadi effektivliyini və Azərbaycana daha çox valyuta gəlməsini təmin etməyəcək”.

Bakı Post

Şərhlər

XƏBƏR LENTİ