SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » “İcra başçısının və nazir müavininin uşaqları övladlarımı həbs etdirib”-Tovuz sakini

“İcra başçısının və nazir müavininin uşaqları övladlarımı həbs etdirib”-Tovuz sakini

Tarix:

18-01-2017, 22:35

/ 3 026 dəfə oxundu.
“İcra başçısının və nazir müavininin uşaqları övladlarımı həbs etdirib”-Tovuz sakini

Tovuz sakini övladlarının sifariş əsasında həbs olunduğunu iddia edir.

Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Tofiq Zeynalovun oğlu Qoşqar Zeynalovun şikayəti əsasında ötən ilin noyabrın 4-də həbs olunan Rahib Hüseynov və Emin Hüseynov qardaşlarının valideynləri şikayətçidirlər.

Qardaşların atası, Tovuz rayon Qovlar kənd sakini, sahibkar İsmayıl Hüseynov etdiyi müraciətdə övladlarının sifarişlə həbs olunduğunu iddia edib.

O, icra başçısının oğlu və nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu haqqında sensasion açıqlamalar söyləyib. Bu barədə İsmayıl Hüseynovun və həyat yoldaşı Lətifə Hüseynovanın prezidentə müraciətində bildirilib.

Şikayətçi deyir ki, Qoşqar Zeynalov əmisi Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarədə çalışır: “Q.Zeynalov nəqliyyat nazirinin müavini Arif Əsgərovun oğlu Elnar Əsgərovun bacanağıdır. Elnar Əsgərovla həbs olunan Hüseynov qardaşları isə xalaoğludurlar.
Qoşqar Zeynalov 7 milyon ABŞ dollarını 2011-2012-ci illərdə faizlə, o vaxtlar “Azərbaycan Dəmir Yolları” QSC-də marketinq şöbəsinin müdiri olan oğlum Rahib Hüseynov vasitəsilə Elnar Əsgərova verib. Borcun geçikdirilməsi səbəbi ilə 2013-cü ildə Qoşqar Zeynalovun şikayəti əsasında DİN Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində iş araşdırılıb. Həmin dövrdə Rahib Hüseynov 11 ay bu işlə bağlı həbsdə yatıb və real faktları istintaqa bildirəndən sonra E.Əsgərov tərəfindən borcun bir qismi qaytarılıb. Q.Zeynalov da yazmışdı ki, Rahib Hüseynovdan heç bir şikayəti yoxdur və onların arasında kommersiya fəaliyyəti olmayıb. Onun bu müraciətindən sonra işə xitam verildi. Borc tamamilə ödənilmədiyindən Q.Zeynalov 2016-cı ildə yenidən şikayətçi olduğunu bildirib və oğlanlarım dərhal həbs olunub”.

Şikayətçi iddia edir ki, oğluna qarşı açılan cinayət işi sifarişlidir: “Bu, mülki məsələdir. Yəni borc məsələsi dələduzluq deyil. Məhkəmə yolu ilə pul tələb etmək mümkün idi. Rahibin Qoşqara cəmi 728 min dollar borcu qalıb və bu, onun kitabçasında da qeyd olunub. Ancaq Qoşqar Zeynalov DİN-ə şikayətində bildirib ki, guya oğluma 7 milyon dollar borc verib və hazırda Rahib ona 3 milyon 900 min ABŞ dolları qaytarmalıdır.

Oğluma qarşı cinayət işi sifarişlidir. Baxın, Hüseynov qardaşlarının vəkili Sevil Hacıyeva tərəfindən qaldırılan vəsatəti isə müstəntiq Teymur Ağamirov təmin etməyib. Vəsatətlərdən biri Qoşqar Zeynalovun gəlir mənbəyi haqda idi”.

İsmayıl Hüseynovun sözlərinə görə, ona qarşı olan təzyiqlər nəticəsində onun təsərrüfatına zərər dəyib: “Mən uzun illərdir ki, heyvandarlıq və əkinçiliklə məşğulam. Taxıl, kartof, yonca və qarğıdalı əkmişəm. Ailəmə olan təzyiqlər və sifarişi həbsdən sonra müflis oldum, təsərrüfatım məhv olmaq üzrədir.

İsmayıl Hüseynov deyir ki, maldarlıqla və əkinçililə məşğul olan “Arsenal” firmasının, Tovuz rayon Sahibkarlıq Şurasının sədridir. Həbs olunan Rahib Hüseynov və Emin Hüseynov evlidir, övladları var.

İsmayıl Hüseynovun şikayəti əsasına müraciətində adı çəkilən tərəflərlə əlaqə saxlamağa cəhd edib, şikayətçinin iddiaları ilə bağlı açıqlama almağa çalışmışıq.

Tovuz rayon İcra Hakimiyyətinin elektron ünvanına ([email protected]) informasiya sorğusu göndərilib. İcra hakimiyyətinin telefon nömrəsinə ((+994 22) 315-30-56) edilən zəngə cavab verilsə də, sorğuya cavab verilməyib.

Tovuz rayon icra başçının köməkçisi Fuad Zeynalov bu barədə danışmaq istəmədiyini və bizi icra başçısı ilə əlaqələndirə bilməyəcəyini deyib. Cinayət işində adı zərərçəkmiş kimi keçən Qoşqar Zeynalov isə edilən zənglərə cavab verməyib.

bizimyol

Cinayət işini araşdıran müstəntiq Teymur Ağamirov və ittiham olun şəxslərdən biri Elnar Əsgərov İsmayıl Hüseynovun şikayəti barədə danışmaq istəmədiyini bildirib.

Şərhlər

XƏBƏR LENTİ