SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR

Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR

Tarix:

28-03-2017, 09:24

/ 1 745 dəfə oxundu.
Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR

Dünən Bakı-Sumqayıt sürət qatarının gecikməsi ilə bağlı yayılan məlumat hamının təəccübünə səbəb oldu. Avtomatik olaraq, ağıla bu sual gəldi: məgər, dövlət xərc çəkib sürət qatarını geçikmək üçün alıb?
Az keçmədi ki, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti adından yayılan açıqlamada gecikməyə səbəb kimi qatar yolundakı elektrik xəttində yaranan problem göstərildi: “Keşlə stansiyası ərazisində elektrik xəttində qəfil problem yaranıb. Nəticədə Bakı-Sumqayıt istiqamətində hərəkət edən qatar 40 dəqiqə gecikmə ilə hərəkət edib. Xətdəki nasazlıq aradan qaldırılıb və qatar mənzil başına çatıb. Hazırda qatarların hərəkətində heç bir problem yoxdur, normal qrafiklə hərəkət davam etdirilir”.
Baş verən bu hadisə iki il əvvəl xarici ölkələrin birindən bahalı qiymətə alınan və Bakı-Sumqayıt istiqamətində işləyən qatarlarla bağlı müəyyən araşdırma aparmağa vadar etdi.
Elə bu istiqamətdə apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, sözügedən qatarlara göstərilən texniki xidmət heç də ürəkaçan səviyyədə deyil.
Məlumat üçün bildirək ki, İsveçrə istehsalı olan ikimərtəbəli sürət qatarları “Stadler” firmasına məxsus “KİSS” markası kimi tanınır və onlara bütün cavabdehliyi “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin Sərnişin Daşımaları Departamentinin rəhbəri Elyar Muradov daşıyır.
Sumqayıt-Bakı və əks istiqamətdə işləyən sürət qatarı həm də “EŞ-2” adı ilə tanınır. Bu qatarlar Azərbaycanda 2015-ci ilin sentyabr ayının 15-dən istismar olunmağa başlayıb. Hazırda Elyar Muradovun tabeçiliyində 5 belə qatar var. Onlardan əvvəl 3-ü, sonrakı etapda isə 2-si istismar olunmağa başlayıb. Dəyəri 10 milyon avro civarında ölçülən belə komplektasiyada olan qatarlar dünyanın çox az sayda ölkəsində xəttə buraxılıb. Belə ölkələr sırasında Azərbaycan, Gürcüstan və Rusiyanın adlarını çəkə bilərik. Şimal qonşumuz olan Rusiya hələ ki, bu qatarları tam istismara buraxmayıb, onları “obkatka” edir. Aydındır ki, bu cür bahalı qatarlara yaxşı texniki xidmət göstərilməlidir. Elə bu məqsədlə də qatarlar Azərbaycana gətiriləndən sonra, onlara texniki xidmət göstərmək üçün xüsusi bir qrup yaradılıb. Əvvəllər bu qurumda sırf professionallar təmsil olunsa da, hazırda vəziyyət bir qədər başqadır. Bu da onunla bağlıdır ki, deyilən yerdə əmək haqqı 1000 manat civarında olduğu səbəbindən, bəzi vəzifəli şəxslər hətta dəmir yol və elektik qatarları barədə elementar anlayışları olmayan doğmalarını həmin heyətin içinə zorla qatmaq istəyir. Məsələn, sırf bu sahəni kurasiya edən Elyar Muradovun müavini Hikmət Məmmədov belə bir arzusunu reallaşdıra bilib. Belə ki, o, Orxan Məmmədov adlı kürəkənini texniki servis mərkəzindəki tərkibə sala bilib. Bildirilir ki, Orxan Məmmədovun işi boş-boşuna vaxt keçirməkdən ibarətdi, hətta iş vaxtı əyninə lazım olan uniformanı belə geyinmir.
Hazırda qatarlara texniki xidmət göstərən servis mərkəzində 7 nəfər çalışır. Görün, vəziyyət nə həddə çatıb ki, texniki servis mərkəzinin instruktoru Kərimov Fikrətə edilən təzyiqlər nəticəsində o, işçilərə lazım olan təlimatları keçə bilmir. Səbəb də bundan ibarətdir ki, işinin professionalı olan Fikrət Kərimov rəhbərliyin verdiyi heç bir qeyri-rəsmi göstərişlərə əməl etmir. Nə qədər təəccüblü olsa da, hazırda işçilərə təlimat keçmək səlahiyyəti dəmir yol işindən tamamilə uzaq adam olan, həndbol idmanı üzrə “idman ustası” fəxri adını daşıyan Axundova Fidana tapşırılıb.
Qeyd edilir ki, dövlətin vəsaiti hesabına alınan bu bahalı qatarlara çox bərbad səviyyədə texniki xidmət göstərilir. Misal üçün bildirək ki, hər qatarda sıxılmış havanı hasil etmək üçün 4 ədəd kompressor quraşdırılıb. Həmin qurğunun normal işləməsi üçün yağı 2200 saatdan bir və ya ildə bir dəfə dəyişdirilməlidir. “EŞ-2 003” qatarının kompressorunun yağları xeyli geçikdirilib. Bunun da nəticəsində həmin qatarın hava sistemi yağ ilə dolub. Bu da ehtiyat hissələrinin tez bir zamanda sıradan çıxmasına səbəb olur. Belə olan təqdirdə Elyar Muradovun işçiləri həmin nasazlıqları zavod xətası kimi sənədləşdirir. Sözügedən qatarlar eyni zamanda bahalı kondisioner qurğuları ilə təchiz edilib. Bakının küləkli şəhər olduğunu nəzərə alsaq, onda bilməliyik ki, həmin kondisionerlərin filtirləri ayda bir dəfə dəyişdirilməlidir. Ancaq birinin dəyəri 12 avro olan filtirlər yalnız bir dəfə 2015-ci ildə dəyişdirilib.
Digər bir faktda göstərilir ki, “EŞ-2 003” qatarının ön şüşəsinin çatını təmir etmək üçün kənardan gətirilən ustaya cəmi 100 manat verilib, ancaq muhasibatlığı hesabatında bu 1100 manat kimi göstərilib. Fəhlələrin vaqonların üstündə işləməsi üçün nəzərdə tutulan təhlükəsizlik kəmərlərinin də qiyməti bazarda 25-30 manat olduğu halda, 150 manat kimi göstərilir.
Qatarlar Azərbaycana yeni gələndə kontakt şəbəkəsində olan nasazlığa görə 6 ədəd cərayan qəbuledicisi sıradan çıxıb. Bunun da səbəbi cərayan qəbuledicilərdəki qoruyucu boruların Məmmədov Hikmətin göstərişinə əsasən lazımi miqdardan çox sıxılması olub.
Dövətimizin vəsaiti hesabına alınan qatarlara bəslənən laqeyd və səhlənkar münasibət yalnız bu faktlarla bitmir. Müəyyən araşdırmalardan sonra bu mövzu ilə bağlı daha ətraflı məlumat verməyə çalışacayıq.
İnsafən bir faktı da qeyd edək ki, Cavid Qurbanov bu sahəyə rəhbər təyin edildikdən sonra, Bakı Dəmir Yol Vağzalı əsaslı şəkildə təmir edilərək ən müasir dünya standartlarına cavab verəcək vəziyyətə salınıb. Çox güman ki, Cavid Qurbanovun sürət qatarları ilə bağlı yaşanan acınacaqlı vəziyyət barədə məlumatı yoxdur. Ümidvarıq ki, bizim bu faktları ictimailəşdirməyimizdən sonra deyilən istiqamətdə əməli tədbirlər görüləcək və qatarlara texniki xidmət kimi məsuliyyətli iş kimlərinsə qohumları, dostlarına deyil, əsl peşəkarlara həvalə ediləcək. Xatırladaq ki, Elyar Muradov uzun müddətdir ki, bu sistemdə çalışır, sabiq nəqliyyat naziri Ziya Məmmədovun ən etibarlı adamlarından sayılır. Cavid Qurbanov baş dəmiryolçu təyin ediləndən sonra, KİV-lərdə Elyar Muradovun vəzifəsilə vidalaşacağı ilə bağlı çoxsaylı informasiyalar buraxılsa da, hələ ki, o postunu qoruyub saxlamağı bacarıb.
Yazıda adları çəkilən hər bir şəxsin mövqeyini dinləməyə hazırıq.

Azinforum
Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR
Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR
Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR
Milyonluq sürət qatarları kimə həvalə olunub? - İTTİHAM VAR

Şərhlər

XƏBƏR LENTİ