SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » Məhəmməd İmanlı və qayınatasının aldatdığı həkim prezidentə müraciət etdi – TAM MƏTN

Məhəmməd İmanlı və qayınatasının aldatdığı həkim prezidentə müraciət etdi – TAM MƏTN

Tarix:

12-03-2019, 13:06

/ 1 296 dəfə oxundu.
Məhəmməd İmanlı və qayınatasının aldatdığı həkim prezidentə müraciət etdi – TAM MƏTN

2016-cı ildə həkim Feyzulla Qasımov tərəfindən dələduzluğa məruz qalmış, bu il isə məhkəmənin haqqında ədalətsiz qərar çıxardığını iddia edən Hüseyn Ələkbərov ölkə başçısı İlham Əliyevə müraciət ünvanlayıb.

Bakupost.az xəbər verir ki, H.Ələkbərov müraciətində üzləşdiyi dələduzluq faktı ilə bağlı ətraflı məlumat verib, işin məhkəmə baxışının ədalətsiz keçirildiyiniu və yekunda da ədalətsiz qərar verildiyini bildirib.

Müraciətdə deyilir:

"Hörmətli Cənab Prezident, Mən Hüseyn Behbud oğlu Ələkbərov və oğlum Cəmil Ələkbərov 2016-cı ildə Feyzulla Apo oğlu Qasımov və onun oğlu Rəfael Qasımov tərəfindən dələduzluqla üzləşmişik. Adı çəkilən şəxslər bizdən aldıqları 50 min dollar pulu mənimsəyiblər və qaytarmaqdan imtina ediblər.
Qeyd edim ki, F.Qasımov bizə qarşı dələduzluq etdiyi dövrdə Baku Medical Plaza klinikasında baş həkimin müavini vəzifəsində işləyirdi. O, həmin dövrdə müxtəlif vəzifəli şəxslərin, o cümlədən səhiyyə naziri cənab Oqtay Şirəliyevin, Naxçıvan MR Daxili İşlər Naziliyinin generalı Telman Əliyevin adından sui-istifadə edir, nazirlə yaxın münasibətləri olduğunu bildirir, naziri özünün dələduzluq əməllərinin parçasına çevirirdi. O, bu vasitə ilə də bizdə etibarlı adam imici formalaşdırmış və ümumilikdə 50 min dollar almışdı.

Hörmətli Cənab Prezident, üzləşdiyimiz bu dələduzluq faktına görə açılmış cinayət işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Cavid Hüseynovun sədrliyi ilə baxılıb. Lakin məhkəmə törədilmiş cinayət əməli barədə ədalətsiz qərar çıxarıb və bizə dəyən maddi ziyanın qaytarılmasına hökm verməyib. Eyni zamanda, dələduzluqda təqsirli bilinərək hökm almış F.Qasımov da məhkəmə zalından azadlığa buraxılıb.

Hörmətli Cənab Prezident, bütün bunların arxasında isə vaxtilə dələduzluğa görə təqsirləndirilərək həbs edilmiş, Bakı Dövlət Universitetinin hüquq fakültəsinin keçmiş dekanı Məhəmməd İmanlı var. M.İmanlı qayınatası F.Qasımovu cinayət məsuliyyətindən xilas etmək üçün proses boyu müxtəlif vasitələrlə mənə təzyiqlər göstərib. Mənə dəfələrlə şikayətimi geri götürməyim üçün fərqli formalarda təzyiq göstərməsinə baxmayaraq, mən vurulmuş maddi ziyanın geri qaytarılmasını tələb etmişəm. Lakin M.İmanlı daha sonra məhkəmə orqanlarındakı əlaqələrindən istifadə edərək, qohumu F.Qasımovun törətdiyi cinayət əməlinə görə ən aşağı cəza almasına nail olub. Hakim C.Hüseynov işi məqsədli şəkildə 7 ay uzadaraq, yekunda işlə bağlı ədalətsiz qərar çıxardı.

Belə ki, C.Hüseynov F.Qasımovu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə təqsirli bilib, barəsində 1 il 3 ay 13 gün həbs cəzası versə də, adıçəkilən şəxsin bu işdə mənə vurduğu maddi zərərin geri ödənməsi haqda heç bir qərar çıxarmayıb və əvvəldən danışılmış plan üzrə, F.Qasımov həbsdə olduğu müddət nəzərə alınmaqla, heç bir cəza çəkmədən məhkəmə zalından azadlığa buraxılıb.
Dəfələrlə Məhkəmə Hüquq Şurasına və digər aidiyyəti qurumlara məktub ünvanlasam da, heç bir nəticəsi olmayıb. Bakı Ağır Cinayətlər məhkəməsində baş vermiş bu özbaşınalığa göz yumulub. Hazırda bu cinayət işi Bakı Apellyasiya Məhkəməsinin baxışındadır. Hakim Qədim Babayevin sədrliyi ilə məhkəmə keçiriləcək.

Hörmətli, cənab Prezident, Siz 50 milyonluq bir xalqın prezidenti, ümid yerisiniz.
Mədəniyyət nümayəndələri ilə görüşünüzdə Azərbaycanda məhkəmə-hüquq sistemində də islahatlara ehtiyac olduğunu vurğulamağınız, artıq bu sahədə də islahatların başladığını bildirməyiniz, bir vətəndaş kimi məhkəmə sistemindəki problemlərdən sizin də xəbərdar olduğunuzu bilmək üzləşdiyim ədalətsizliyin aradan qaldırılacağına əminliyimi artırdı.

Düşünürəm ki, biz də bir vətəndaş kimi məhkəmə-hüquq sistemindəki problemləri sizin diqqətinizə çatdırmalıyıq ki, başlatdığınız bu işlərin uğurla yekunlaşdırılması üçün sizə az da olsa kömək edə bilək.

Hörmətli Cənab Prezident, Sizdən xahiş edirəm ki, Bakı Apellyasiya Məhkəməsinin bu işi ədalətli araşdırması və ədalətli hökm çıxarması barədə məhkəmə orqanlarına tövsiyə verəsiniz və işi şəxsi nəzarətinizdə saxlayasınız”.

Şərhlər

XƏBƏR LENTİ