XalqXəbər.Az

Vasif Talıbovun varis planı işə düşdü: Oğlunun dostuna yüksək vəzifə verdi

yüklənir...
Vasif Talıbovun varis planı işə düşdü: Oğlunun dostuna yüksək vəzifə verdi
6-03-2019, 09:19
yüklənir...

Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinə sədr təyinatı olub.

“Report”un məlumatına görə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov martın 5-də bununla bağlı fərman imzalayıb.

Fərmanla Səhət İsa oğlu Həbibbəyli Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədri təyin edilib.

Səhət Həbibbəyli bundan əvvəl Naxçıvan Muxtar Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini vəzifəsində çalışırdı. O, AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin oğludur.

Qeyd edək ki, Səhət Həbibbəylinin MR-nın Gömrük Komitəsinə sədr təyin olunacağı çoxdan idi gözlənilirdi. Belə ki, Asəf Məmmədovun Gömrük Komitəsinin sədri olduğu zaman belə Vasif Talıbov Səhət Həbibbəylini ora nəzarət etmək üçün göndəribmiş. Məhz, Səhət Həbibbəylinin ötürdüyü “donos”lar nəticəsində Asəf Məmmədovun “torba”sı tikilmiş, Gömrük Komitəsinin sədr müavini Mirməhəmməd Seyidov intihar edilməyə məcbur qalmışdı.

AzToday.az-a olaraq əvvəlki yazılarımızda bu barədə geniş məlumat verərək bildirmişdik ki, muxtar respublikanın Daxili İşlər Nazirliyində işgəncələr və təhqirlər sonunda intihar etməyə məcbur qalan Mirməhəmməd Seyidovdan Naxçıvan Gömrük Komitəsinin sabiq sədri Asəf Məmmədovun “qara kassa”dan böyük həcmdə vəsait mənimsənilməsi ilə bağlı informasiyaları dəqiqləşdirmək istəyiblər:

“Naxçıvan Gömrük Komitəsinin sədr müavini, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, Milli Məclis üzvü İsa Həbibbəylinin oğlu Səhət Həbibbəyli muxtar respublika rəhbərliyinə Asəf Məmmədovun xaricdən ölkəyə daxil olan maşınlardan və yüklərdən 400-500 milyon manat qazanması ilə bağlı xəbər çatdırıb. Səhət Həbibbəylinin bu məlumatı ötürməkdə məqsədi Asəf Məmmədovu zərərsizləşdirib, onun yerinə keçmək istəməsi olub. Bu məlumatdan sonra Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov işi araşdırmaq üçün qudası olan daxili işlər naziri Fazil Ələkbərova tapşırıq verib.

Mənbənin məlumatına görə, Fazil Ələkbərovun araşdırmaları sonunda Asəf Məmmədov 24 noyabr 2018-ci il tarixində vəzifəsindən çıxarılır və onun barəsində cəzalandırma tədbirləri başlayir. Bakı başda olmaqla müxtəlif rayonlardakı obyekt və biznes sahələri Vasif Talıbovun oğlanları Rza və Seymur Talıbovun adına keçirilir. Amma Fazil Ələkbərov gömrükdən mənimsənilən 400-500 milyon manat vəsaitin izini tapa bilmədiyindən Asəf Məmmədovun ən yaxın adamı Mirməhəmməd Seyidova və onun yaxın qohumlarına psixoloji təzyiqlərlə yanaşı işgəncələr verdirir. Mirməhəmməd Seyidov bütün işgəncələrə baxmayaraq israrla Səhət Həbibbəylinin Vasif Talıbova ötürdüyü informasiyanın yalan olduğunu bildirir. Fazil Ələkbərov isə Mirməhəmməd Seyidova qarşı “Beriya sayağı” işgəncələri davam etdirir. Nəticədə isə işgəncə və təhqirlərə dözməyən Mirməhəmməd Seyidov intihara əl atmalı olur.

Mənbə bildirir ki, Mirməhəmməd Seyidovun intiharı Fazil Ələkbərovu çıxılmaz vəziyyətə saldığından baş verən cinayət hadisəsini Asəf Məmmədovun boynuna qoymaq üçün ona ağlasığmaz şəkildə işgəncələr verdirib.

AzToday.az-a daxil olan məlumatlarda həmçinin iddia olunurdu ki, əslində Naxçıvanın Gömrük Komitəsindəki rəsmi və ya qeyri-rəsmi maliyyə axınları ilə bağlı Vasif Talıbovun detallı şəkildə məlumatı varmış. Belə ki, 2017-ci ildə Asəf Məmmədovun rəhbərlik etdiyi komitədə 300 milyon manat dəyərində kəsr müəyyən edilir. Bu məbləğin 60 milyonunu həmin vaxt Gömrük Komitəsində birinci müavin olan hazırda isə Komitəyə rəhbərlik edən Səfər Mehdiyev ödəyir. Qalan məbləğ isə Asəf Məmmədov tərəfindən muxtar respublika rəhbərliyinə çatdırılır. Bu hadisədən sonra Vasif Talıbov tələbə yoldaşı olan Asəf Məmmədovu ciddi nəzarət altında saxlayır və maliyyə axınlarına nəzarət etmək üçün etibar edəcəyi adamları komitəyə yerləşdirir.

Mənbənin sözlərinə görə, Asəf Məmmədovun hədəfə gəlməsinin əsas səbəbi Fazil Ələkbərovla yola getməməsi olub. Bu səbəbdən də kurəkəni Seymur Talıbovun vasitəsi ilə Asəf Məmmədovun zərərsizləşdirilməsi üçün tədbirlər görülməyə başlanılır. Bu prosesdə də əsas aparıcı fiqur kimi Səhət Həbibbəylidən istifadə edilib”.

AzToday.az-ın yaydığı başqa bir məlumatda isə bildirilir ki, Səhət Həbibbəylinin “donos”ları sayəsində Asəf Məmmədovun Bakıda tikilən otel istifadəyə hazır olan zaman ondan alınaraq Vasif Talıbovun oğlu Rza Talıbovun adına keçirilib. Bununla yanaşı Asəf Məmmədovun otel tikmək üçün nəzərdə tutduğu Səngəçalda dənizkənarı ərazidə yerləşən 72 hektarlıq torpaq sahəsi, “Varovski”dəki malikanəsi, “Neptun” Marketlər Şəbəkəsindəki payı və başqa əmlakları da Vasif Talıbovun oğlanları Seymur və Rza Talıbovların adına keçirilib. Həmçinin, Asəf Məmmədovun İstanbulda Vasif Talıbov üçün 14 milyon dollar dəyərində otel aldığı da yayılan məlumatlar sırasındadır”.

Göründüyü kimi, Səhət Həbibbəyli Asəf Məmmədov və Mirməhəmməd Seyidovun “taxt”dan salınmasında göstərdiyi “xidmət”lərə görə mükafatlandırılıb.

Qeyd edək ki, Səhət Həbibbəylinin Vasif Talıbovun oğlu Seeymur Talıbovla yaxın dost olduğu da yayılan məlumatlar sırasındadır. Belə ki, Vasif Talıbovun özündən sonra muxtar respublikaya oğlunu rəhbər təyin etmək istədiyi və bu səbəbdən də Seymur Talıbova yaxın şəxslərin yüksək vəzifələrə təyin etdirdiyi bildirilir…

AzToday.az

yüklənir...
GÜNDƏM
DÜNYA
FACEBOOK SƏHİFƏMİZ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.