SON DƏQİQƏ
XalqXeber.Az » Cəmiyyət » XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ

XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ

Tarix:

20-02-2019, 13:10

/ 1 557 dəfə oxundu.
XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ

Xəbər verdiyimiz kimi, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində görülən işlərin tərkib hissəsi olaraq Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsinin fevralın 12-də açılış mərasimi keçirildi.

Açılış mərasimində rəsmi şəxslər, diplomatlar, millət vəkilləri, Türkiyə ictimaiyyətinin tanınmış nümayəndələri, yerli sakinlər, QHT, eyni zamanda, Türkiyə Böyük Millət Məclisinin deputatı İmran Kılıç, Kahramanmaraş Böyükşəhər Bələdiyyəsinin başqanı Fatih Mehmet Erkoç, Azərbaycanın Türkiyədəki səfiri Xəzər İbrahim, Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov, Xalq artisti, "Şöhrət" ordenli Ramiz Quliyev, Milli Qəhrəman anası Gözəl Xasıyeva, "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzili, İNK-nın departamet sədrləri Fərid İsmayılzadə, Sadiq Hüseynov, Bakıdan gəlmiş qonaqlar - Ayna Əlixanlı, Fəxrəddin Eyvazov və KİV nümayəndələri iştirak ediblər. Ancaq belə bir möhtəşəm tədbirdə 124 saylı Şuşa-Ağdam-Xocalı-Xocavənd seçki dairəsindən deputat seçilən Elman Məmmədov iştirak etməyib.

Bəs millət vəkili, uzun illər Xocalı rayon İcra Hakimiyyətinin başçısı olmuş Elman Məmmədov tədbirdə niyə iştirak etməyib?

Elman Məmmədovun həmin tədbirdə iştirak etməməsinin səbəbini Kahramanmaraşa ezam olunmuş "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərziliyə müraciət etdik. Baş redaktorun cavabı qısa oldu: "Bu tədbirin təşkilatçısı Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədov olduğundan bu barədə doğru cavabı ondan ala bilərsiniz...".

Biz də E.Məmmədovun sözügedən tədbirdə iştirak etməməsinin səbəbini Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin 1-ci vitse-prezidenti, İctimai Nəzarət Koalisiyasının sədri Rasim Məmmədovdan soruşduq. R.Məmmədov bildirdi ki, bu barədə açıqlama vermək onun üçün olduqca çətindir: "Amma həqiqəti gizlətməyim də bağışlanılmaz səhv olardı. Mən bu möhtəşəm tədbirdə iştirak etmələri üçün Milli Məclis rəhbərliyinə rəsmi məktub göndərdim ki, Qarabağın işğal altında olan rayonlarının deputatlarından kimlərinsə bu tədbirdə iştirakı vacibdir. Sonra Xocalı parkının açılış mərasimi olduğundan böyük arzu və istəklə Xocalıda uzun illər icra başçısı olmuş, Xocalı müsibətində əzizlərini itirmiş, hazırda isə bu rayonun deputatı olan Elman Məmmədova zəng vurdum. Elman Məmmədovun verdiyi cavabı eşidəndə, sadəcə, dəhşətə gəldim Dedi ki, getməyə pulu yoxdur. Vallah, ayıbdır. İnanın ki, onun yerinə mən xəcalət çəkdim. Utandım deyəm ki, biletini mən alaram.

Oğlu Baş Dövlət Yol Polisi İdarəsinin Maştağadakı avtomobillərin texniki baxışı Mərkəzinin rəisi işləyən, özü isə Milli Məclisdə oturub ayda 2500-3000 manat maaş alan, yetərincə imkanı, sərvəti, dolanışığı olan Elman Məmmədov mənə dedi ki, Rasim müəllim, bilet almağa imkanım yoxdur, mümkünsə, mənə bilet alın... Təsəvvür edirsinizmi, şəhid Milli Qəhrəman anası Gözəl Xasıyeva Xocalı parkının və Ana fəryadı abidəsinin açılışında iştirak etmək üçün şəhid oğlunun müavinətindən ayırıb yola çıxır, Xocalının 20 ildən çox icra başçısı olmuş Elman Məmmədov isə deyir ki, bilet almağa imkanım yoxdur. Hətta Elman Məmmədovun BDYP İdarəsinin Mərkəz direktoru olan oğluna zəng vurdum. Dedim, qardaşım, bəlkə Xocalıda şəhid olmuşların ailə üzvlərindən iki nəfərinə bilet alasınız, atanızın əvəzinə bu tədbirə getsin, o da atası kimi dedi ki, maddi imkanım yoxdur... Çox istərdim ki, Azərbaycan Prezidenti belə məmurların və deputatların hansı qəlbə malik olduqlarından xəbərdar olsun... Üzümü cənab nazir Ramil Usubova tuturam: cənab nazir! Sizin böyük bir Mərkəzin rəisinin Xocalı faciəsinə münasibəti belədirsə, daha sözüm yoxdur...

Bilirsiniz, buna bənzər bir hadisə keçmiş nəqliyyat naziri Ziya Məmmədovun qardaşı Elton Məmmədovla da baş vermişdi. Belə ki, 2014-cü ildə Milli Məclisin deputatları Fəttah Heydərov, Jalə Əliyeva, Rəşad Mahmudov, Hikmət Babaoğlu, "Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev və digər şəxslərin qatıldığı nümayəndə heyəti iləSankt-Peterburq şəhərində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə və Heydər Əliyev Fondunun 10 illiyinə həsr edilmiş tədbirə gedərkən Elton Məmmədov mənə dedi ki, bizi niyə aparmırsınız? Dedim ki, artıq biletlər alınıb, buna baxmayaraq, heç bir problem yoxdur, siz idə nümayəndə heyətinin sihayısına daxil edərik, ancaq gərək bileti özünüz alasınız. Qayıdıb nə desə yaxşıdır? Dedi, Quran haqqı bir manatım da yoxdur. Baxın, Ziya Məmmədov kimi adamın qardaşı Allaha, Qurana and içir ki, bir manat pulu yoxdur.

Bu məmurlar Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevadan nümunə götürməlidirlər. Cənab Prezidentin şəhid analarının əlini öpməsindən dərs almalıdırlar. Azərbaycan dövlətinin hesabına hamısının milyonları, imarətləri, bahalı maşınları var, övladları, qohum-əqrəbaları vəzifələrdə çalışır, ancaq bu gun Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət!" beynəlxalq məlumatlandırma kampaniyası çərçivəsində Türkiyənin Kahramanmaraş şəhərində salınan Xocalı Parkının və burada ucaldılan Ana fəryadı abidəsinin açılışına getməyə Xocalınin deputatı pul tapmır. Daha nə deyim?!".
XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ
XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ
XOCALININ DEPUTATI NİYƏ TÜRKİYƏDƏ XOCALI PARKININ AÇILIŞINA GEDƏ BİLMƏYİB? - İNANILMAZ

Şərhlər

XƏBƏR LENTİ